UEFA Çempionlar Liqasının pley-off mərhələsində mübarizə aparan “Sabah” klubu avqustun 25-də cavab oyununa çıxacaq. Bakı təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda İsrailin “Hapoel” (Beer-Şeva) klubunu qəbul edəcək.

Görüşü rumıniyalı hakimlər briqadasının idarə etməsi planlaşdırılır. Matçın baş hakimi İştvan Kovaç olacaq. Ona Mixay Marika və Ferents Tunyodi kömək edəcəklər. Dördüncü hakim funksiyasını Sabolç Kovaç yerinə yetirəcək. VAR hakimi almaniyalı Bastian Dankert, onun assistenti isə rumıniyalı Katalin Popa olacaq.

Görüş saat 20:45-də start götürəcək.

Qeyd edək ki, ilk oyunda İsrail təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.

“AzPolitika”ya açıqlamasında futbol mütəxəssisi Aslan Kərimov “Sabah”ın cavab görüşündəki şanslarını dəyərləndirib: “Əslində, ümumi götürəndə, bu, həqiqətən də böyük bir nailiyyətdir. Bunu qeyd etmək lazımdır. Çünki “Sabah”ın o qədər də böyük təcrübəsi yoxdur. Amma Çempionlar Liqasında ümumiyyətlə ilk dəfə çıxış edib, pley-off mərhələsinə qədər gəlib çıxmaq və burada da ilk oyunda bərabər səviyyəli mübarizə aparmaq böyük nəticədir. Hesab edirəm ki, ilk oyunda həm bizim, həm də “Hapoel”in qol imkanları bərabər idi. Bəzi komponentlər var idi ki, rəqibimiz bizi üstələyə bilirdi, amma ümumilikdə qol imkanları baxımından məncə, komandalar bərabər idi”.

Ekspert cavab oyununun çox maraqlı alınacağını düşündüyünü deyib: “Düzdür, rəqib bir top fərqi ilə Bakıya gəlir. Amma hesab edirəm ki, “Sabah”ın hücum xətti kifayət qədər yaxşı komplektləşib və komandanın oturuşmuş hücum gedişləri var. Cinah müdafiəçiləri hücumçulara böyük dəstək verirlər, daim hücumda aktiv iştirak edirlər. Bu da hücumdakı oyunçuların daha sərbəst və daha kreativ oynamasına imkan yaradır. Bununla yanaşı, meydanın mərkəzində də İsayev, Lipinitsa kimi pas vermək qabiliyyəti olan və hücumdakı oyunçuları oyuna çıxara bilən yarımmüdafiəçilər var. Bütün bunlar əsas verir ki, Bakıdakı oyunda da qol şanslarımız olacaq. Rəqib meydanındakı oyunu nəzərə alsaq, evdəki görüşdə bunun istisna olacağını düşünmürəm”.

A. Kərimov qeyd edib ki, rəqibin üstün olduğu tərəflər var və bu səbəbdən ehtiyatlı oynamaq vacibdir: “Onlar texnikalı oyunçulara malikdirlər. Həddindən artıq soyuqqanlıdırlar, topu saxlamağı, kombinasiyalı şəkildə oyun qurmağı və bir-birlərini başa düşməyi bacarırlar. Qabaqda iki-üç oyunçuları var ki, həddindən artıq sürətlidirlər və driblinqlə rəqibi aldatmaq bacarığına malikdirlər. Bu oyunçulara qarşı oynamaq asan deyil. Biz 1:0 hesabı ilə geridəyik və ümumi götürəndə, bir qədər daha önə meyilli, daha öndə oynamaq məcburiyyətində olacağıq. “Sabah”ın oyununu nəzərə alsaq, cinah müdafiəçiləri də aktiv şəkildə hücuma qoşulduqları üçün rəqibə boşluqlar verə bilərik. Burada çox diqqətli olmalıyıq.

Təbii ki, standart vəziyyətlər də çox vacibdir. İlk oyundan əvvəl də bu məqamı vurğulamışdım. Həm bizim, həm də rəqib üçün standart vəziyyətlər qol imkanı yaradır. Bunun qarşısını almaq çox çətindir. Elə də oldu. Rəqib standart vəziyyətlərdən birindən bizə qol vurmağı bacardı. Bakıdakı oyunda da bu məqam istisna olmayacaq. Bu baxımdan çox konsentrasiyalı və diqqətli oynamaq məcburiyyətindəyik. Çünki Bakıdakı oyunun əvvəlində rəqibin vuracağı bir qol bizim işimizi ikiqat çətinləşdirəcək. Ona görə də bir qədər ehtiyatlı olmalıyıq”.

İdman mütəxəssisi “Sabah”ın şansını belə qiymətləndirib: “Mən proqnoz verməyi bacarmıram, hesabın necə qurtaracağını deyə bilmərəm. Hər halda hesab edirəm ki, bizim də çoxlu qol şanslarımız olacaq. Ola bilsin ki, rəqibin də qol şansları olsun. Çünki belə texnikalı oyunçuları tam olaraq oyundan salmaq bəzən mümkün olmur. Yəni, şanslarımız bərabərdir. Baxmayaraq ki, bu oyuna bir top fərqi ilə geridə başlayacağıq, hesab edirəm ki, mərhələni adlamaq şansı 50 faiz “Hapoel”dədirsə, 50 faiz də “Sabah”dadır””.

E. Bəyməmmədli

“AzPolitika.info”