Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlük müraciəti etmək planlarına münasibət bildirib. Kremlin nümayəndəsi bəyan edib ki, İrəvan rəsmi müraciət təqdim etdikdən sonra bir çox sahədə milli qanunvericiliyini Avropa İttifaqının standartlarına uyğunlaşdırmağa məcbur olacaq və bu da Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsindəki öhdəliklərlə ziddiyyət təşkil edəcək.

Dmitri Peskov jurnalistlərlə keçirdiyi brifinqdə Ermənistanın Aİ standartlarına keçidinin Aİİ normativləri ilə uyğunlaşmadığını vurğulayıb: "Müraciəti təqdim etdikdən sonra Ermənistan ticarət, fitosanitariya, gömrük və digər sahələrdəki qanunvericiliyini Avropa normalarına, Avropa İttifaqının standartlarına uyğunlaşdırmağa başlamalıdır. Bu normalar burada və Avrasiya İqtisadi İttifaqı ərazisində qüvvədə olan normativlərlə üst-üstə düşmür".

Kremlin sözçüsünün fikrincə, belə bir addım ilk növbədə Ermənistanın özünə zərər vuracaq "dərin ziddiyyətlərin" ortaya çıxmasına səbəb olacaq.

Peskov Aİİ-nin son sammitində qəbul edilmiş birgə bəyanatı xatırladaraq bildirib ki, üzv dövlətlərin rəhbərləri Ermənistan rəhbərliyini ən qısa zamanda müvafiq referendum təşkil etməyə çağırıblar.

Kreml nümayəndəsinin bu şərhinə səbəb Ermənistan Baş naziri Nikol Paşinyanın parlamentdəki bəyanatı olub. Paşinyan Milli Məclisdə çıxışı zamanı yaxın gələcəkdə Aİ-yə üzvlük müraciəti prosesinin başladılmasının planlaşdırıldığını elan etmişdi.

Moskvanın mövqeyini izah edən Peskov, Avropa İttifaqına müraciət etməyin uzunmüddətli və mürəkkəb bir proses olduğunu xatırladıb: "Türkiyə və digər bir sıra ölkələr onilliklər əvvəl üzvlük üçün müraciət etmələrinə baxmayaraq, bu proses hələ də tamamlanmayıb. Aİ-yə üzvlük müraciətinə baxılması çox uzun zaman ala bilər".

“AzPolitika.info”