Latviya, Litva və Estoniya Rusiyanın potensial hərbi təcavüzünün qarşısını almaq üçün müdafiə strategiyalarını kökündən dəyişdirərək sərhədlərini və hərbi infrastrukturlarını görünməmiş sürətlə gücləndirirlər.
"AzPolitika" xəbər verir ki, bu barədə Qərb mediasının dərc etdiyi geniş araşdırma-analitik materialda bəhs olunur.
Region ölkələri hərbi doktrinalarında əsas diqqəti asimmetrik müdafiəyə və potensial təcavüzkarın irəliləməsinin ilk saatlardan ləngidilməsinə yönəldiblər. Hərbçilərin və yerli ekspertlərin quruculuq prosesini səciyyələndirmək üçün işlətdiyi "Hər kol atəş açır, hər tikan əhəmiyyət daşıyır" ifadəsi strategiyanın mahiyyətini tam əks etdirir. Məqsəd hər qar torpağın düşmən üçün maksimum dərəcədə çətin və ağır itkilərlə müşayiət olunan səngərə çevrilməsidir.
Bu çərçivədə Baltikyanı dövlətlər sərhəddə uzunmüddətli mühəndis-istehkam qurğuları, o cümlədən tank əleyhinə “əjdaha dişləri” adlanan beton maneələr, minа sahələri və keçıriilməz sədlər quraşdırırlar. Estoniya və Latviya hökumətləri Rusiya və Belarusla həmsərhəd bölgələrdə müdafiə xətlərinin inşasını mütəmadi olaraq sürətləndirirlər.
Təhlükəsizlik tədbirləri təkcə peşəkar ordunun gücləndirilməsi ilə məhdudlaşmır. Regionda könüllü xalq milis dəstələri (məsələn, Estoniyada "Kaitseliit", Latviyada "Zemessardze") fəal şəkildə genişləndirilir. Mülki əhali partizan müharibəsi taktikaları, təxribatların qarşısının alınması və ilkin tibbi yardım bacarıqları üzrə intensiv təlimlərə cəlb olunur. Hökumətlər hər bir vətəndaşın potensial böhran vəziyyətində necə hərəkət etməli olduğunu öyrənməsini hərbi təhlükəsizliyin ayrılmaz hissəsi hesab edirlər.
Baltikyanı ölkələr təhlükəsizlik arxitekturasını gücləndirmək üçün Şimali Atlantika Alyansı (NATO) ilə koordinasiyanı maksimum səviyyəyə çatdırıblar. Regionda yerləşdirilən çoxmillətli döyüş qruplarının sayı artırılıb, həmçinin hərbi təlimlərin intensivliyi dəfələrlə yüksəldilib. NATO qüvvələri ilə yerli orduların inteqrasiyası hər hansı təxribat və ya hərbi eskalasiya zamanı dərhal cavab verməyə imkan yaradır.
Ekspertlərin fikrincə, Baltikyanı dövlətlərin bu sərt və qətiyyətli addımları Moskvanın gələcək mümkün planları qarşısında çəkindirici amil rolunu oynayır. Məqsəd potensial təcavüzkarı elə ilk mərhələdə elə ağır itkilərlə üzləşdirməkdir ki, hücum etmək fikri belə reallaşmasın.
Rasim Əliyev
"AzPolitika.info"

Şərhlər