BMT Təhlükəsizlik Şurasının Nyu-Yorkda keçirilən növbəti iclasında Ukraynadakı müharibə və sülh imkanları geniş müzakirə olunub. Müzakirələr fonunda 50-dən çox üzv dövlət Rusiyanı hərbi əməliyyatları dərhal və qeyd-şərtsiz dayandırmağa çağırıb.

“AzPolitika” xəbər verir ki, Ukraynanın Müstəqillik Günü münasibətilə hazırlanan birgə bəyanatı TŞ-nin iclasından əvvəl Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen oxuyub. Bəyanatda hərbi əməliyyatların nəticəsində yaranan insani itkilərə diqqət çəkilərək, Rusiyadan sülh danışıqlarını bərpa etmək tələb olunub.

Birləşmiş Ştatlar birgə bəyanata qoşulmasa da, Vaşinqtonun mövqeyini ifadə edən nümayəndə Dan Negrea tərəfləri mülki infrastruktura və gəmilərə zərbələri dayandırmağa çağırıb: "Mülki şəxslərin qanının tökülməsini davam etdirmək mənasızdır, çünki bu münaqişənin hərbi həlli yoxdur." 

O, ABŞ-ın suveren və çiçəklənən Ukrayna naminə vasitəçilik səylərini davam etdirməyə hazır olduğunu diqqətə çatdırıb.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya isə atəşkəs tələblərini qəbul etməyib. Rusiya rəsmisi bildirib ki, Moskva ilə "hədə dili" ilə danışıldıqca və "yerdəki reallıqlar" nəzərə alınmadıqca diplomatik dialoq mümkün deyil: "Münaqişəni dondurmaq cəhdləri iflasa məhkumdur".

Ukrayna nümayəndəsi Andriy Melnik isə BMT Təhlükəsizlik Şurasını Rusiyanın veto hüququ səbəbindən təcavüzün qarşısını ala bilməməkdə günahlandırıb. Melnik Rusiyanın bu müharibədə məğlub olacağını vurğulayaraq, tərəfdaş ölkələri balistik raketlərə qarşı Ukraynaya "Patriot" hava hücumundan müdafiə sistemləri üçün raketlər verməyə çağırıb.

“AzPolitika.info”