Azərbaycanda avtomobil almaq istəyənlər üçün regionlardakı qiymətlər paytaxtla müqayisədə daha sərfəli görünür.
"AzPolitika" xəbər verir ki, avtomobil elanlarının şəhərlər üzrə bölgüsünə əsasən, ən aşağı median qiymətlər bir sıra rayonlarda qeydə alınıb.
Təqdim olunan göstəricilərə görə, ən sərfəli avtomobil elanları Cəlilabad, Şəki, Quba və Masallıda qeydə alınıb.
Cəlilabadda avtomobillərin median qiyməti 8 700 manat təşkil edib. Şəkidə bu göstərici 9 789 manat, Qubada 9 800 manat, Masallıda isə 9 900 manatdır.
Növbəti yerlərdə Tovuz – 10 200 manat, Şəmkir – 10 500 manat, Şirvan – 11 000 manat və Mingəçevir – 11 500 manat qərarlaşıb. Xaçmazda median qiymət 8 500 manat, Bərdədə 9 650 manatdır.
Beləliklə, yalnız qiymət göstəricisinə əsaslandıqda, regionlarda 8-11 min manat aralığında avtomobil tapmaq mümkündür. Lakin aşağı qiymətin avtomobilin daha köhnə olması və yüksək yürüşlə müşayiət olunması da diqqətdən kənarda qalmamalıdır.
Məsələn, Cəlilabadda median avtomobilin buraxılış ili 2005, yürüşü isə 238 629 kilometr göstərilir. Şəkidə median buraxılış ili 2005, yürüş 249 619 kilometr, Qubada isə 2006-cı il və 250 354 kilometrdir. Bu göstəricilər regionlardakı ucuz avtomobillərin əsasən daha yaşlı və çox istifadə olunmuş maşınlardan ibarət olduğunu göstərir.
Müqayisə üçün, paytaxt Bakıda median qiymət 21 300 manatdır. Yəni Cəlilabadla Bakı arasında median qiymət fərqi 12 600 manat təşkil edir. Sumqayıtda isə median qiymət 14 200 manatdır.
Digər tərəfdən qeyd edək ki, Azərbaycan avtomobil bazarında ümumi median qiymət də son aylarda aşağı düşüb. Azərbaycan Qiymətləndiricilər Palatasının 2026-cı ilin iyul göstəricilərinə əsasən, ölkə üzrə elanların median qiyməti 17 000 manat olub.

"AzPolitika.info"

Şərhlər