Kreml Rusiya əhalisinin “qulağını dolduran” təbliğatçılarına böyük pullar xərcləyir.

“AzPolitika” xəbər verir ki, “Verstka” nəşri Rusiya hakimiyyətinin öz təbliğatçılarına ildə 3 milyard rubldan çox – təxminən 37.5 milyon dollar pul xərclədiyini yazıb.

Nəşrin araşdırmasına görə, ən varlı Kreml təbliğatçısı Nikita Mixalkovdur. O, ildə təxminən 3,4 milyon dollar qazanır. Həm də rejissor olan Mixalkov, "Rossiya" telekanalından, dövlət və dövlətə bağlı mədəniyyət təşkilatlarından, eləcə də Kinematoqrafçılar İttifaqından və Rusiya Müəllif Hüquqları Sahibləri Birliyindən ödənişlər alır. Mixalkov həmçinin bank əmanətlərindən xeyli gəlir əldə edir. Araşdırmaya görə, onun təkcə Promsvyazbank və VTB-dəki hesablarında təxminən 1,1 milyard rubl var. Onun maliyyə qurumlarında 31 milyon dollardan çox depoziti var və bu da ona ildə təxminən 6,4 milyon dollar gətirir.

Mixalkov "Besoqon" təbliğat proqramına aparıcılıq edir və bu proqramda o, tammiqyaslı işğalın başlanğıcından bəri Kremlin Ukrayna, Qərb və müharibə haqqında narrativlərini müntəzəm olaraq təbliğ edir.

Müqayisə üçün cəbhə xəttində ağır iş şəraitində çalışan ən reytinqli “Z müxbirləri” ondan təxminən üç dəfə az qazanırlar. Onlardan ən varlısı - Boris Rojin ildə 350.000 dollar qazanır.

Kremlin təbliğata ayırdığı pulun əsas hissəsini media menecerləri alır: onların orta illik gəliri 92 milyon rubldan çoxdur. "Bolşaya İqra"nın aparıcısı Dmitri Sayms, Dmitri Kiselyov və "Vremya pokajet” tok-şousunun aparıcısı Artyom Şeynin ən çox qazanan ilk beşliyə daxildir.

Siyahıda Olqa Skabeyeva və onun əri Yevqeni Popov 7-8-ci yerləri bölüşürlər.

Maraqlıdır ki, dərc edilən siyahıda Vladimir Solovyov yalnız 11-ci yeri tutur. Onun illik gəliri 14 milyon rubl, yəni, təxminən170 min dollardır.

“AzPolitika.info”