ABŞ-nin müttəfiqləri Amerika Prezidenti Donald Trampın bəyanatını şübhə altına alaraq Hörmüz boğazının hələ də minalanmış ola biləcəyini qeyd edirlər.
"Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi anonim mənbələrə istinadən yazıb.
Daha əvvəl Tramp bildirmişdi ki, ABŞ Hərbi Dəniz Qüvvələri bu su marşrutunu İran tərəfindən quraşdırılmış minalardan tamamilə təmizləyib. Lakin mənbələrin sözlərinə görə, Vaşinqtonun beynəlxalq suların minalardan təmizlənməsində müəyyən irəliləyiş əldə etməsinə baxmayaraq, boğazda 80-150 arası mina qala bilər.
Bununla belə, Amerika rəsmiləri bu iddiaları rədd edirlər.
"Hörmüz boğazında beynəlxalq səviyyədə tanınmış tranzit marşrutları İranın dəniz minalarından təmizlənib", - ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının nümayəndəsi kapitan Tim Hokins bildirib.
Müttəfiq ölkələrin rəsmiləri hesab edirlər ki, boğazın təmizlənməsi əməliyyatı çətinləşib, çünki bir çox minalar, hətta müəyyən edilmiş olanlar belə, ehtimal ki, dəniz axınlarına görə ilkin mövqelərindən yerlərini dəyişiblər.
Onlar xəbərdarlıq edirlər ki, kommersiya gəmiçilik şirkətlərinin boğazdan keçid təhlükəsizliyinə inamını artırmaq üçün xüsusi minatəmizləmə avadanlıqlarının, həmçinin hava və dəniz mühafizəsinin tətbiq edildiyi beynəlxalq səylərə ehtiyac var. Müttəfiqlər istəyirlər ki, heç bir gəminin hücuma məruz qalmayacağına zəmanət verilməsi şərtilə İran bu cür missiyanın öz sularında həyata keçirilməsi üçün Omana icazə versin.

Şərhlər