Rusiya Ukraynaya qarşı işğala başlamazdan öncə olduğu kimi, indi də Moldovanın ona hücum etməyə hazırlaşdığını bəyan edib.

AzPolitika” xəbər verir ki, Rusiyanın Kişinyovdakı səfiri Oleq Ozerov Moldovanın Rusiya ilə müharibəyə hazırlaşdığını bildirib.

Səfir TASS-a verdiyi müsahibədə iddia edib ki, Qərb ölkələri Moldovanı silahlandırır və Rusiya ilə müharibəyə hazırlayır:

"Rəsmi Kişinyovun sürətləndirilmiş militarizasiya kursu yalnız Rusiyanın strateji məğlubiyyətini ümidsiz şəkildə istəyən və 2030-cu ilə qədər onunla silahlı münaqişəyə hazırlıq elan edən Qərb nəzarətçilərinin maraqları ilə idarə olunur".

O əlavə edib ki, Qərb artıq Moldova ərazisini Ukrayna Silahlı Qüvvələri üçün istifadə edir və bu, yerli sakinlər arasında "təşviş yaratmaya bilməz".

Ozerovun sözlərinə görə, bu, dronlar, anti-dron avadanlıqları və elektron müharibə sistemləri üçün komponentlərin istehsalı, eləcə də PUA operatorlarının təlimini əhatə edir.

Bundan əlavə, Ukraynada olduğu kimi, “rusdilli əhalinin hüquqları”ndan danışan diplomat iddia edib ki, Qərb Moldovada da Ukrayna ilə eyni strategiyadan istifadə edir. Onun fikrincə, Qərb ölkələri Moldova ordusunu silahlandırır, hərbi infrastrukturunu gücləndirir və respublikaya NATO təlimatçıları göndərir ki, ölkəni Rusiya ilə müharibəyə hazırlasın. 

Açıq şəkildə müstəqil ölkənin işinə qarışan səfir Ozerov Qərb QHT-lərini Moldovada “rusofob hisslər” yaymaqda və “tarixi yenidən yazmaqda” günahlandırıb: “Biz bütün bu tendensiyaları diqqətlə təhlil edirik. Biz respublikanın rusdilli vətəndaşlarının hüquqlarına riayət edilməsi və ya pozulması ilə bağlı vəziyyəti xüsusilə diqqətlə izləyirik".

Avqustun ortalarında "The New York Times" qəzeti yazıb ki, Kreml məhz Moldovanı Ukraynadan sonra növbəti hədəf kimi görür. NYT mənbələrinə görə, Ukrayna Kremlin prioritet siyahısının başında, Moldova isə növbəti yerdədir. NYT mənbələrinə görə, Vladimir Putin Rusiyanı Moldova ilə birləşdirəcək quru dəhlizi yaratmaq üçün cənubi Ukraynaya nəzarəti ələ keçirməyə ümid edir.

Xatırladaq ki, cəmi 33 min kvadrta kilometr ərazisi olan Moldovanın 2 milyon əhalisi və vur-tut 6 min nəfərlik ordusu var. Bu balaca ölkənin 140 milyon əhalisi, 1 milyonluq ordusu, nüvə silahı olan Rusiya ilə müharibəyə hazırlaşmasını iddia etmək olduqca absurd görünür. Lakin Ukraynaya da oxşar bəhanələrlə soxulan Rusiya üçün bu cür iddialar adi haldır...

C.Məmmədli

“AzPolitika.info