Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatları (PUA) Rusiyanın Rostov və Belgorod vilayətlərinə kütləvi zərbələr endirib.

"AzPolitika" xəbər verir ki, Rostov vilayətində baş verən hücumlar nəticəsində Rusiyanın ən böyük elektron ticarət platformalarından olan "Ozon" şirkətinə və "DNS" onlayn mağazalar şəbəkəsinə aid iri logistika anbarları hədəf alınıb, 7 nəfər xəsarət alıb.

Rostov qubernatoru Slyusarın bəyanatına görə, Rostov-na-Donu şəhərinə endirilən PUA zərbələri nəticəsində 2-si uşaq olmaqla 4 nəfər xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti kritik qiymətləndirilir. Şəhərin Proletarski rayonunda iki yaşayış binasına ciddi ziyan dəyib, sakinlər təxliyə edilərək müvəqqəti sığınacaqlara yerləşdirilib.

"Ozon" şirkətinin mətbuat xidməti Aksay rayonundakı anbarlarına PUA-nın düşdüyünü təsdiqləyib. Şirkətin iddiasına görə, işçilər öncədən təxliyə edilib, xəsarət alan olmayıb və meydana gələn yanğın söndürülüb. Lakin anbarın fəaliyyəti müvəqqəti olaraq dayandırılıb və sifarişlərin qəbulu dondurulub. Eyni zamanda "DNS" şirkətinə aid anbarda da güclü yanğın baş verib.

Digər tərəfdən, avqustun 28-i axşam saatlarında Belgorod vilayəti də intensiv PUA hücumlarına məruz qalıb.

Borisovski rayonunun Qruzskoye kəndində quşçuluq fabrikinin fəhlələrini daşıyan mikroavtobusun vurulması nəticəsində 2 nəfər həlak olub, 6 nəfər isə yaralanıb. Rusiya İstintaq Komitəsi hər iki vilayətdəki hücumlarla bağlı "terror aktı" maddəsi ilə cinayət işi açıb.

Rusiya Müdafiə Nazirliyi gecə ərzində ölkənin 13 vilayətində, Moskva ətrafında, Krasnodar, Tatarıstan, Qırım və Qara dəniz akvatoriyasında ümumilikdə 313 Ukrayna PUA-sının vurulduğunu iddia etsə də, vilayətlər üzrə dəqiq rəqəmləri açıqlamayıb.

Rasim Əliyev

“AzPolitika.info”