Ermənistan rəhbərliyinin tez-tez dilə gətirdiyi "sülh" bəyanatları real əməllərlə üst-üstə düşmür. Keçmiş xarici işlər naziri, diplomat Tofiq Zülfüqarov sosial şəbəkə hesabında Nikol Paşinyan hakimiyyətinin riyakarlığını və işğaldan azad edilmiş ərazilərdəki mina terrorunun dəhşətli miqyasını açıqlayan faktlarla çıxış edib.
O, bildirib ki, Ermənistanın dəqiq mina xəritələrini verməkdən imtina etməsi sülh prosesini bilərəkdən ləngitmək və mülki əhalinin öz doğma yurdlarına qayıdışına mane olmaq məqsədi güdür.
Tofiq Zülfüqarov işğaldan azad edilmiş 11,667 kv. km ərazidə təmizlənməsi gözlənilən minanın təxminən 1 milyon ədəd olduğunu vurğulayıb. Onun təqdim etdiyi statistikaya əsasən azad ediləndən bəri 2,946 kv. km (ümumi ərazinin 25.3%-i) mina və partlamamış sursatlardan təmizlənib. Qayıtması gözlənilən 800 min nəfərə yaxın vətəndaşımızdan hələlik 38,200 nəfəri daimi məskunlaşıb. Bərpa işlərində çalışan 50 mindən çox işçinin bir hissəsinin də həmin ərazilərdə daimi qalacağı gözlənilir.
“Azərbaycan dövləti 2020-ci ildən bəri minatəmizləməyə 556.6 milyon dollar vəsait xərcləyib. Bunun fonunda beynəlxalq ictimaiyyətin göstərdiyi yardım cəmi 24 milyon dollar təşkil edib. Müqayisə üçün Avropa İttifaqı Rusiyada satılmayan əriklərinə görə Ermənistana 50 milyon dollar kompensasiya ödəyib”, - o bildirib.
Sabiq nazir qeyd edib ki, yeni təcavüz dövründən bu yana mina terroru nəticəsində həlak olan Azərbaycan vətəndaşlarının ümumi sayı 3,500 nəfərə çatır. Təkcə 2020-ci il 44 günlük müharibədən sonrakı dövrdə mina partlayışlarından 436 nəfər zərər çəkib ki, bunlardan 363-ü yaralanıb, 73-ü isə həlak olub.
Tofiq Zülfüqarov İrəvan rəhbərliyinin cavabsız qalan suallarını gündəmə gətirərək, Ermənistanın hələ də terrora dəstək verdiyini vurğulayıb:
“Dəqiq mina xəritələrini gizlətməkdə davam edən Ermənistan və onun rəhbərliyi davam edən bu faciələrə görə hüquqi və mənəvi məsuliyyət daşımırmı?
Bakıda həbsdə olan erməni terrorçuları üçün hansı üzlə "azadlıq" tələb olunur və beynəlxalq aləmdə saxta kampaniyalar aparılır?
Paşinyan "sülhməramlıların" arxasında gizlənərək, rəsmən Azərbaycan ərazisi kimi tanıdığı torpaqları sonadək niyə minalamaqda davam edirdi?”
Tofiq Zülfüqarov vurğulayıb ki, İrəvanın verdiyi bəyanatlarla real əməlləri arasındakı bu uçurum Paşinyan hakimiyyətinin əsl niyyətini - sülhdən yayınmaq və regionda gərginliyi saxlamaq istədiyini bir daha sübut edir.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər