Xalid NİYAZOV,
siyasi elmlər doktoru
I məqalə
Türk dövlətlərinin inteqrasiyası haqqında çox yazılsa da, onların vahid təhlükəsizlik fəlsəfəsinin formalaşması məsələsi kifayət qədər araşdırılmamışdır. Məqsədimiz təhlükəsizlik paradiqması ilə bu və ya digər şəkildə bağlılığı olan prosesləri xronoloji ardıcıllıqla sadalamaq deyil, əksinə, həmin prosesin arxasında duran nəzəri modeli müəyyənləşdirməkdən ibarətdir. Hətta belə bir konseptual tezis də səsləndirmək mümkündür ki, Türk Dövlətləri Təşkilatı klassik hərbi ittifaq modelindən fərqli olaraq, nəqliyyat, enerji, rəqəmsal texnologiyalar, müdafiə sənayesi, ticarət və humanitar əməkdaşlıq elementlərini özündə birləşdirən çoxsəviyyəli təhlükəsizlik məkanı formalaşdırır. Heç şübhəsiz, geosiyasi, iqtisadi və institusional aspektlər nəzərə alınmaq şərti ilə.
Qlobal təhlükəsizlik sisteminin böhranı
Üçüncü minilliyin beynəlxalq sistemi artıq yalnız bir və ya iki güc mərkəzinin qarşılıqlı münasibətləri ilə izah edilə bilməz. XXI əsrin ikinci onilliyindən etibarən beynəlxalq təhlükəsizlik mühiti ardıcıl sistem şokları ilə sınağa çəkilir. Bu şoklar təkcə regional balansları dəyişmir, ötən əsrin institutlarının – hərbi blokların, kollektiv təhlükəsizlik mexanizmlərinin, BMT mərkəzli normativ çərçivənin – yeni risk konfiqurasiyalarına uyğunlaşmaq qabiliyyətinin məhdudluğunu da üzə çıxarır. Transformativ təhlükəsizlik modeli zərurəti məhz bu uyğunsuzluqdan doğur: klassik “hərbi təhlükəsizlik” qəlibi tədricən “dayanıqlı sistem” və “təhlükəsiz axın” (enerji, logistika, rəqəmsal, maliyyə) şəbəkələri ilə tamamlanmalı, hətta bəzən onlardan öndə gəlməlidir.
Soyuq müharibədən sonrakı dövrdə ABŞ-ın üstün mövqeyi müəyyən müddət ərzində beynəlxalq siyasətin əsas strukturunu formalaşdırsa da, son iki onillikdə Çin, Avropa İttifaqı, Rusiya, Hindistan, Türkiyə və digər regional aktorların siyasi, iqtisadi, texnoloji və hərbi imkanlarının artması beynəlxalq sistemin daha mürəkkəb xarakter almasına səbəb olmuşdur. Bu proses klassik mənada tam formalaşmış çoxqütblülükdən daha çox, müxtəlif güc mərkəzlərinin ayrı-ayrı sahələrdə üstünlük qazandığı “məhdud” və ya “sektorlar üzrə çoxqütblü” sistemin yaranması kimi qiymətləndirilə bilər.
Məsələn, ABŞ hərbi, maliyyə və texnoloji imkanlarına görə qlobal miqyasda aparıcı mövqeyini qoruyur. Çin istehsal gücü, ticarət şəbəkələri, investisiya imkanları və texnoloji inkişaf baxımından mühüm rəqibə çevrilmişdir. Avropa İttifaqı normativ, iqtisadi və tənzimləyici gücünü artırır. Rusiya hərbi-strateji imkanlarını və enerji resurslarını xarici siyasət aləti kimi istifadə etməyə çalışır. Hindistan isə demoqrafik potensialı, sürətlə böyüyən iqtisadiyyatı və strateji yerləşməsi sayəsində ayrıca geosiyasi mərkəz kimi çıxış edir. Bu mənzərə göstərir ki, müasir beynəlxalq münasibətlərdə güc yalnız hərbi potensialla ölçülmür; iqtisadi əlaqələr, texnologiya, nəqliyyat marşrutları, enerji infrastrukturu, məlumat axınları və institusional təsir də gücün əsas komponentlərinə çevrilir.
Eyni zamanda yaxın coğrafiyada hərbi-siyasi kollapsların bütöv bir şəridi baş alıb gedir.
İran böhranı. İran ətrafında gərginliyin xroniki xarakter alması, sanksiya rejimlərinin mütəmadi sərtləşməsi və regiondaxili nüfuz mübarizəsi Fars körfəzi-Cənubi Qafqaz-Mərkəzi Asiya zəncirində proksi-riskləri artırır. Nəticə etibarilə, təkcə hərbi deterensiya deyil, enerji-logistika-kiber birləşmiş təhlükəsizlik zərfi gündəmə gəlir.
Ukrayna müharibəsi. Avropanın şərqində genişmiqyaslı müharibə qlobal qaydalar sistemində strateji qeyri-müəyyənliyi struktur səviyyəyə daşımaqdadır.
Yaxın Şərqdə hərbi əməliyyatlar. İsrail-HƏMAS münaqişəsinin dalğavari intensivliyi və onun Livan, Suriya, Yəmən vektorlarında yaratdığı genişlənmə riski dəniz ticarət xətlərində fasilələr, sığorta xərclərində sıçrayışlar və limanların yük bölüşdürülməsində “ani şoklar” doğurur. Mexanizm baxımından, regional qeyri-müəyyənliyin kəskinləşməsi ticarət axınlarını Asiya–Avropa arasında daha dərin kontinental alternativlər axtarmağa məcbur edir ki, bu da Orta Dəhlizin yalnız iqtisadi deyil, həm də təhlükəsizlik “arteriyası” funksiyasını qabardır.
BMT-nin effektivlik probleminin dərinləşməsi. Təhlükəsizlik Şurasında veto mexanizminin səbəbləndirdiyi qərar “iflici” və mandatların icrasındakı boşluqlar humanitar böhranların idarə edilməsində “koalisiya əsasında ad-hoc” yanaşmaları ön plana çıxarır.
Beynəlxalq hüququn selektiv tətbiqi. Eyni hüquqi prinsiplərin müxtəlif münaqişələrə fərqli tətbiqi legitimlik hissini aşındırır, inamsızlıq və qarşılıqlı etimad sindromunu dərinləşdirir.
Beləliklə, İranətrafı gərginlik, Ukrayna müharibəsi, Yaxın Şərqdə əməliyyatlar, BMT-nin effektivlik böhranı və beynəlxalq hüququn selektiv tətbiqi ilə bağlı normativ aşınma göstərir ki, XX əsrin təhlükəsizlik institutları XXI əsrin çağırışlarına tam cavab verə bilmir: hərbi kollektiv müdafiə anlayışı təkbaşına kifayət etmir; dayanıqlıq, sürətli koordinasiya və ölçülə bilən nəticələr doğuran normativ-texniki modullar tələb olunur. Bu kontekstdə “Türk dünyasının transformativ təhlükəsizlik modeli” konsepsiyası iki pilləli məntiqə söykənir: əvvəlcə funksional kollektivlik (şəffaflıq + standartlar + fövqəladə koordinasiya) vasitəsilə Orta Dəhliz və bağlı ekosistemlərin rezilientliyini yüksəltmək; ardınca, siyasi iradə və etimad dərinləşdikcə məhdud, amma inandırıcı kollektiv təhlükəsizlik öhdəliklərinə mərhələli keçid.

Bu gün üzü Şərqə bir çox böyük ölkələrin sərhəd və maraqlarının kəsişdiyi coğrafiyanın “şahmat taxtası”nda başlıca geosiyasi və geoiqtisadi gediş Orta Dəhliz ola bilər. Qlobal dəniz şoklarının sıxlaşdığı, sanksiya-rejim parçalanmasının davam etdiyi şəraitdə Orta Dəhliz təkcə nəqliyyat layihəsi deyil, həm də və bəlkə də daha çox təhlükəsizlik arxitekturasının test meydançasıdır. Beləliklə, deyə bilərik ki, Orta Dəhliz transformativ modelin “funksional nüvəsi” rolunu oynayır. Onun bir funksiyası da Türk dünyası üçün fürsət pəncərəsi olmasıdır. Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanın kəsişən maraqları – enerji bazarlarına çıxış, tranzitdən əlavə dəyər, müdafiə-sənaye kooperasiyası, rəqəmsal bazarların miqyası – yuxarıdakı qlobal şokların yaratdığı “diskomfort” şəraitində konkret üstünlüklər təqdim edir. Ortaq dil-mədəni bazanın yaratdığı aşağı koordinasiya xərcləri və son illərin yüksək səviyyəli siyasi təması “kiçik, lakin təsirli” modulların (kəşfiyyat-füzyon mərkəzi, sərhəd insidentlərinin birgə monitorinqi, təchizat zənciri təhlükəsizliyi standartı) sürətlə gerçəkləşməsini mümkün edir.
Realist yanaşmaya görə, beynəlxalq sistem anarxik xarakter daşıyır və dövlətlər öz təhlükəsizliklərini ilk növbədə milli imkanları və tərəfdaşlıq əlaqələri hesabına təmin etməlidirlər (Morgenthau, Uoltz). Lakin müasir qarşılıqlı asılılıq şəraitində təhlükəsizliyin yalnız hərbi vasitələrlə təmin edilməsi kifayət etmir. Bir dövlətin enerji təchizatında, ticarət marşrutlarında, rəqəmsal sistemlərində və ərzaq təminatında yaranan fasilələr onun siyasi sabitliyinə və müdafiə qabiliyyətinə birbaşa təsir göstərə bilər. Buna görə də geosiyasi gücün yeni məzmunu hərbi üstünlük ilə yanaşı, böhranlara davamlı infrastruktur və institusional koordinasiya qabiliyyəti ilə müəyyən olunur.
Belə bir şəraitdə ortaya kifayət qədər düşündürücü bir sual çıxır: Türk dünyası yeni geosiyasi qütbə çevrilə bilərmi?
Yeni Avrasiya təhlükəsizlik arxitekturası
Burada bir neçə mühüm məsələ xüsusi diqqət tələb edir.
Əvvəla, yuxarıda qeyd etdiyimiz kimi, çoxqütblü dünya və yeni güc mərkəzləri məsələsi aktuallığını qoruyur.
İkinci məsələ təhlükəsizlik anlayışının transformasiyasıdır. Əvvəllər təhlükəsizlik dedikdə, əsasən, hərbi təhlükəsizlik nəzərdə tutulurdu. Bu gün isə təhlükəsizlik daha geniş məna kəsb edir – enerji təhlükəsizliyi, ərzaq təhlükəsizliyi, nəqliyyat təhlükəsizliyi, humanitar təhlükəsizlik, eləcə də yüksək texnologiyaların inkişafı ilə şərtlənən rəqəmsal təhlükəsizlik, kibertəhlükəsizlik, texnoloji təhlükəsizlik.
Üçüncü məqam birbaşa Orta Dəhlizin geosiyasi mahiyyəti ilə bağlıdır. Əksər tədqiqatçılar Orta Dəhlizi yalnız nəqliyyat marşrutu kimi təqdim edirlər. Lakin burada daha maraqlı yanaşma təklif etmək mümkündür: Orta Dəhliz kəsb etdiyi əhəmiyyətin miqyaslarına uyğun olaraq geoiqtisadi layihədən geotəhlükəsizlik layihəsinə çevrilir. Çünki alternativ nəqliyyat marşrutları yaradılır, enerji şəbəkələri genişlənir, ticarət dövriyyəsi artır, qarşılıqlı asılılıq dərinləşir, regional əməkdaşlıq institusionallaşır və s.
Nəhayət,bütün bu həndəsi konfiqurasiyada Azərbaycanın rolu.
Azərbaycan Orta Dəhliz fəlsəfəsində kilid ölkə olmaqla Xəzər hövzəsinin əsas aktorlarından biridir: Mərkəzi Asiya ilə Avropa arasında əlaqələndirici funksiyanı yerinə yetirir; enerji və nəqliyyat qovşağıdır; türk dövlətləri arasında inteqrasiyanın təşəbbüskarlarından biridir.

Mövzunun fövqələhəmiyyətini nəzərə alaraq hətta üç hipotez təklif edərdik:
- Qlobal təhlükəsizlik sisteminin böhranı türk dövlətləri arasında institusional təhlükəsizlik əməkdaşlığını sürətləndirir.
- Orta Dəhliz nəqliyyat layihəsindən daha çox, yeni təhlükəsizlik məkanının formalaşmasına xidmət edən strateji platformadır.
- Türk Dövlətləri Təşkilatı gələcəkdə Avrasiyada yeni geosiyasi güc mərkəzlərindən birinə çevrilə bilər.
Türk Dövlətləri Təşkilatının geosiyasi transformasiyası: Mədəni inteqrasiyadan təhlükəsizlik arxitekturasına
TDT-nin institusional təkamülü xətti əlahiddə bir proses olmaqla qalmayıb, əksinə, regional və qlobal şoklara (o cümlədən 2020-ci il Qarabağ müharibəsi, Ukrayna böhranı və enerji təhlükəsizliyi çağırışları) verilən cavablar nəticəsində dərinləşmişdir. Təşkilatın transformasiyasını Zirvələrin geosiyasi çəkisi və mexanizmləri ilə şərtlənən dörd mərhələli prioritet matrisi ilə xarakterizə etmək olar:
Naxçıvan Zirvəsi (2009) təşkilatın "geosiyasi doğum şəhadətnaməsi", institusional başlanğıcı sayıla bilər. Burada əsas diqqət “mədəni inteqrasiya” və yumşaq güc (soft power) elementlərini – dil, təhsil, tarix, mədəniyyət və informasiya mübadiləsi məsələlərini dövlətlərarası gündəliyə daşıyaraq sonrakı iqtisadi və nəqliyyat gündəminin legitim əsaslarının yaradılmasına yönəlmişdi. Bu mərhələ üzv dövlətlərin suverenliyini qoruyaraq regional platformada bir araya gəlməsinin mümkünlüyünü sınaqdan keçirdi, normativ baza və təşkilati çərçivə təsis olundu, ortaq identiklik və koordinasiya niyyəti rəsmiləşdi. Məntiq ondan ibarət idi ki, infrastruktur olmadan ortaq identiklik və siyasi dialoq kimi üstqurum elementləri dərin inteqrasiyanı təmin edə bilməz. Naxçıvan mərhələsi coğrafiya ölkələrinin siyasi legitimliyinin və mədəni “əlçatan”lığının təməlini qoydu.
Səmərqənd Zirvə Görüşü (2022) təşkilatın gündəliyini humanitar sahədən praqmatik iqtisadi sahəyə keçirdi. "Türk Dünyası Baxışı – 2040" sənədi, üzv dövlətlərin artıq bir-birinə iqtisadi asılılıq (interdependence) kontekstində baxdığını göstərdi. Gündəlikdə təşkilatın rebrendinqi/strateji xəttinin yenilənməsi, Orta Dəhlizin prioritetləşdirilməsi, rəqəmsal inteqrasiyanın gündəmə alınması kimi praktik məsələlər vardı. Bu, qarşılıqlı investisiyaların və enerji ticarətinin siyasi sabitliyin təminatçısı kimi qiymətləndirilməsinin ilk və rasional işarəsi idi.

Zirvənin strateji mahiyyəti qismində qlobal təchizat zənciri böhranı fonunda Orta Dəhliz və iqtisadi-logistika inteqrasiyasının önə çıxmasını, dayanıqlıq, rəqəmsal ticarət, enerji bağlantıları kimi blokların vahid çətir altında mərkəzləşməsini göstərmək mümkündür.
“İqtisadi əməkdaşlıq”dan “nəqliyyat inteqrasiyası”na keçid körpüsünün yaranmasını, TDT-nin Avrasiya marşrutlarında alternativ platforma kimi mövqeyinin güclənməsini isə yeni əməkdaşlıq formatını geosiyasi təsirlərinin aktivinə yazmaq mükündür.
Çolpon-Ata görüşü (2022) xüsusilə Ukrayna müharibəsindən sonra şimal marşrutunun bloklanması ilə Orta Dəhlizin strateji əhəmiyyətinin kəskin artdığı dövrə təsadüf etdi. Bu zirvə, nəqliyyat və tranzit sistemlərinin sadəcə iqtisadi layihə deyil, həm də üzv dövlətlərin təchizat zəncirinin təhlükəsizliyi məsələsi olduğunu rəsmiləşdirdi; nəqliyyat-gömrük prosedurlarında uyğunlaşma, turizm-mədəni əməkdaşlığın iqtisadi effektlə bağlanması, enerji və tranzit kəsişmələrinin dəqiqləşdirilməsi məsələləri müzakirə edildi.
Bişkek Zirvəsi (2024) yeni təhlükəsizlik paradiqması da adlandırıla bilərdi.
Həmin görüş və Qırğızıstandakı digər yüksək səviyyəli təmaslar, TDT-nin "təhlükəsizlik aktoruna" çevrilməsi istiqamətindəki cəhdlərinin davamlı və praktik səciyyə daşıdığını vurğuladı. Artıq söhbət sadəcə sərhəd nəzarətindən deyil, kiber-təhlükəsizlik, fövqəladə hallar və müdafiə sənayesində birgə layihələrin həyata keçirilməsindən gedir. Bu, realizm nəzəriyyəsinin "təhlükəsizlik dilemma"sına cavab olaraq, regional güclərin öz müdafiə potensiallarını TDT çətiri altında "funksional inteqrasiya" etmək cəhdidir.
Qırğızıstanda keçirilmiş növbəti görüşün (2026) strateji mahiyyəti son şoklar (dərinləşən regional qarşıdurmalar, dəniz marşrutlarındakı risklər) fonunda təchizat dayanıqlığı, sığorta-zəmanət alətləri və kiber-informasiya təhlükəsizliyini diqqətə çəkməkdən ibarət idi.

Belə bir əməkdaşlıq formatını nəticəsi olaraq Türk Dövlətləri Təşkilatı üçün “transformativ təhlükəsizlik modeli” klassik alyans məntiqini təkrarlamadan, resilient-funksional modullar vasitəsilə deterrensiya (çəkindirmə) və dayanıqlıq yaradır. Orta Dəhliz bu modelin “arteriyası”dır: texniki standartlar, şəffaflıq, sığorta mexanizmləri və s. vasitəsilə siyasi risk maliyyə riskinə, daha sonra isə idarə olunan əməli riskə çevrilir. Enerji və kiber qatların eyni anda gücləndirilməsi sistemli dayanıqlığı artırır. Azərbaycanın normativ-kalibrator (ölçü meyarı) və geoiqtisadi mərkəz kimi rolu bu arxitekturanın işləkliyini təmin edir. Reallığa köklənən başlanğıc kompleksi – ortaq narrativ və siyasi iradə, şəffaflıq + standartlar + fövqəladə koordinasiya ikinci fazada iqtisadi əməkdaşlıq alətləri, üçüncü mərhələdə məhdud kollektiv öhdəlik, dördüncü mərhələdə isə təhlükəsizlik əməkdaşlığı, informasiya mübadiləsi, fövqəladə hallar koordinasiyası, kritik infrastrukturun mühafizəsi üçün zəruri baza yaradır. Belə bir format nəzəri yöndən həm realizm (təhlükəsizlik və güc balansı), həm də mürəkkəb qarşılıqlı asılılıq (iqtisadi-loqistika və rəqəmsal) nəzəriyyələri ilə uzlaşır.
Azərbaycanın yeni təhlükəsizlik arxitekturasındakı rolu
Azərbaycan yeni regional təhlükəsizlik arxitekturasının formalaşmasında bir-biri ilə qarşılıqlı əlaqəli üç əsas funksiyanı yerinə yetirir: geosiyasi körpü, nəqliyyat qovşağı və enerji mərkəzi. Bu funksiyalar ölkənin yalnız coğrafi mövqeyi ilə deyil, həm də müxtəlif regional prosesləri əlaqələndirmək, infrastrukturların davamlılığını təmin etmək və çoxtərəfli əməkdaşlıq mexanizmlərini institusional müstəviyə çıxarmaq qabiliyyəti ilə şərtlənir. Bu baxımdan Azərbaycanı sadəcə tranzit ərazi kimi deyil, yeni təhlükəsizlik məkanının formalaşmasına təsir edən funksional və normativ aktor kimi qiymətləndirmək mümkündür.
İlk növbədə, Azərbaycan Avropa ilə Mərkəzi Asiya, Cənubi Qafqaz və Xəzər hövzəsi arasında geosiyasi körpü rolunu oynayır. Ölkənin yerləşdiyi məkan Şərq-Qərb və Şimal-Cənub istiqamətlərinin kəsişməsində yerləşməklə, müxtəlif siyasi və iqtisadi sistemlər arasında əlaqələrin qurulmasına imkan verir. Bu mövqe Azərbaycanın xarici siyasətində balanslaşdırılmış və çoxvektorlu yanaşmanın formalaşmasına şərait yaradır. Bakı bir tərəfdən Qərb institutları ilə enerji, nəqliyyat və təhlükəsizlik sahələrində əməkdaşlıq edir, digər tərəfdən Mərkəzi Asiya dövlətləri və Türk Dövlətləri Təşkilatı çərçivəsində regional inteqrasiyanın dərinləşdirilməsinə töhfə verir,türk dövlətləri arasında siyasi-iqtisadi dialoqun əsas platformalarından birinə çevrilir.
Geosiyasi körpü funksiyası yalnız diplomatik vasitəçiliklə məhdudlaşmır. Azərbaycan müxtəlif regionları birləşdirən siyasi, iqtisadi və institusional əlaqələrin maddi əsasını yaradır. Xəzər dənizi üzərindən Mərkəzi Asiya ilə Cənubi Qafqazın əlaqələndirilməsi, bu məkanın Avropa bazarlarına çıxışının genişləndirilməsi və regional aktorlar arasında qarşılıqlı asılılığın artırılması Azərbaycanın strateji rolunu gücləndirir. Belə qarşılıqlı asılılıq təhlükəsizliyi yalnız hərbi müdafiə kateqoriyası kimi deyil, həm də əlaqələrin qorunması, kritik infrastrukturun müdafiəsi və təchizat zəncirlərinin davamlılığı kimi təqdim edir.
İkinci mühüm funksiya Azərbaycanın nəqliyyat qovşağı kimi çıxış etməsidir. Bakı limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, avtomobil və dəmir yolu bağlantıları, eləcə də Zəngəzur dəhlizi ətrafında formalaşan müzakirələr ölkənin regional logistika sistemindəki əhəmiyyətini artırır. Bu infrastrukturlar Orta Dəhlizin əsas elementlərini təşkil etməklə, Asiya ilə Avropa arasında alternativ və daha çevik əlaqə kanalı yaradır. Marşrutların şaxələndirilməsi geosiyasi böhranlar, sanksiyalar, münaqişələr və digər xarici şoklar zamanı ticarət və təchizat axınlarının tamamilə dayanmasının qarşısını almağa xidmət edir.
Bu mənada Orta Dəhliz yalnız iqtisadi səmərəlilik layihəsi deyil, həm də təhlükəsizlik infrastrukturu kimi nəzərdən keçirilməlidir. Nəqliyyat xətlərinin, gömrük prosedurlarının, rəqəmsal sənədləşmənin və logistika standartlarının uzlaşdırılması iştirakçı dövlətlər arasında funksional inteqrasiyanı dərinləşdirir. Elektron yük sənədləri, rəqəmsal manifestlər, gömrük məlumatlarının qarşılıqlı mübadiləsi və vahid tranzit prosedurları marşrutun texniki dayanıqlığını artırır. Beləliklə, Azərbaycan nəqliyyat qovşağı olmaqla yanaşı, regional logistika sistemində standartların uyğunlaşdırılmasına və institusional koordinasiyaya da təsir göstərir.
Azərbaycanın üçüncü əsas funksiyası enerji mərkəzi kimi çıxış etməsidir. Ölkənin enerji resursları, ixrac infrastrukturu və Transxəzər enerji əlaqələrindəki mövqeyi Avropanın enerji təhlükəsizliyinin şaxələndirilməsi baxımından əhəmiyyət daşıyır. Cənub Qaz Dəhlizi, Azərbaycan qazının Avropa bazarlarına çıxarılması və enerji əməkdaşlığının Mərkəzi Asiya istiqamətində genişləndirilməsi ölkəni regional enerji sisteminin mühüm komponentinə çevirir. Enerji marşrutlarının diversifikasiyası təkcə iqtisadi gəlirlərin artırılmasına deyil, həm də enerji asılılığından irəli gələn siyasi risklərin azaldılmasına xidmət edir.

Enerji sahəsində Azərbaycanın rolu resurs ixracatçısı statusu ilə məhdudlaşmır. Ölkə enerji təhlükəsizliyini nəqliyyat, regional sabitlik və uzunmüddətli investisiya mühiti ilə əlaqələndirən kompleks yanaşma nümayiş etdirir. Nəqliyyat və enerji infrastrukturlarının eyni geosiyasi məkanda cəmləşməsi onların qorunması üçün ortaq maraqlar yaradır. Bu səbəbdən Azərbaycanın infrastruktur təhlükəsizliyi yalnız milli məsələ deyil, həm də Orta Dəhlizdə iştirak edən digər türk dövlətlərinin ümumi marağıdır.Enerji infrastrukturunun təhlükəsizliyi, boru kəmərlərinin və terminalların qorunması, ixrac marşrutlarının şaxələndirilməsi və bərpa olunan enerji layihələrinin inkişafı yeni təhlükəsizlik arxitekturasının qeyri-hərbi komponentlərini formalaşdırır. Bu baxımdan enerji əməkdaşlığı iştirakçı dövlətlər arasında qarşılıqlı asılılığı artıran və münaqişə risklərini məhdudlaşdıran sabitləşdirici mexanizmə çevrilə bilər.
Azərbaycanın geosiyasi, nəqliyyat və enerji funksiyaları bir-birindən ayrı deyil, vahid strateji sistem daxilində fəaliyyət göstərir. Nəqliyyat dəhlizləri enerji layihələrinin təhlükəsizliyini, enerji infrastrukturu isə logistika marşrutlarının iqtisadi dayanıqlığını gücləndirir. Bu qarşılıqlı tamamlanma Azərbaycanın regional təhlükəsizlik arxitekturasında funksional dayanıqlıq mərkəzi kimi çıxış etməsinə imkan verir. Ölkənin üstünlüyü ayrı-ayrı sahələrdə malik olduğu resurslardan daha çox, bu sahələri vahid geosiyasi və institusional çərçivədə əlaqələndirmək qabiliyyətindən irəli gəlir.
Nəticə etibarilə, AzərbaycanTürk dünyasının transformativ təhlükəsizlik modelində yalnız iştirakçı dövlət deyil, həm də inteqrasiyanı praktik mexanizmlərə çevirən əsas aktorlardan biridir. Onun geosiyasi körpü, nəqliyyat qovşağı və enerji mərkəzi funksiyaları regional əməkdaşlığın maddi və institusional bazasını möhkəmləndirir. Bu səbəbdən Azərbaycanın rolu “tranzit ölkə” konsepsiyasından daha geniş izah edilməli və ölkə regional əlaqələndirici, funksional dayanıqlıq təminatçısı və normativ kalibrator kimi təqdim olunmalıdır.
Eyni zamanda, Azərbaycanın rolunu şişirtmək də metodoloji baxımdan düzgün olmazdı. Ölkənin imkanları bir sıra məhdudiyyətlərlə qarşılaşır. Məlum olduğu kimi, marşrutun tam səmərəliliyi digər iştirakçı ölkələrdə infrastrukturun inkişafından, Xəzər dənizində daşımaların koordinasiyasından, sərhəd prosedurlarının uyğunluğundan və böyük güclərlə münasibətlərin balanslaşdırılmasından asılıdır. Azərbaycan bu prosesdə mərkəzi əlaqələndirici aktor kimi çıxış edə bilər, lakin Orta Dəhlizin təhlükəsizliyini təkbaşına təmin edə bilməz. Buna görə Azərbaycanın əsas strateji üstünlüyü hegemonluq deyil, funksional liderlikdir. Funksional liderlik konkret sahələrdə – nəqliyyat, enerji, rəqəmsallaşma, gömrük və diplomatik koordinasiya – ölçülə bilən nəticələr yaratmaq qabiliyyətinə əsaslanır.
Bütövlükdə, ölkənin regional status-kvosu göstərir ki, Azərbaycan post-2020 Avrasiya transformasiyası fonunda təkcə tranzit məkanı deyil; o, üçqat funksionallıq üzərində qurulan yeni regional təhlükəsizlik arxitekturasının əsas generativ aktorudur; yəni, geosiyasi körpü kimi rəqabət edən güc mərkəzləri arasında əlaqələndirici və riskləri neytrallaşdıran balanslaşdırıcı; nəqliyyat qovşağı kimi Orta Dəhlizin əməliyyat dayanıqlığını təmin edən normativtexniki standartların daşıyıcısı və nəhayət, enerji mərkəzi kimi Avropa və region üçün təchizat təhlükəsizliyini artıran və yaşıl keçidi mümkün edən infrastruktur və müqavilə ekosisteminin qurucusu. Bu üç funksiyanın bir-birini gücləndirən mexanizmlərlə (issue-linkage, qarşılıqlı asılılıq, normativ standartlaşdırma) inteqrasiyası “transformativ sülh” modelinin – yəni geosiyasi riskləri inteqrasiya dividentləri ilə əvəzləyən dizaynın Azərbaycana məxsus versiyasını yaradır.
(davamı var)

Şərhlər