TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) icraçı direktoru Anar Bayramov bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, 2026-cı il sentyabrın 1-dən etibarən dövlət tibb müəssisələrində çalışan 72 212 tibb işçisinin əmək haqlarının artırılmasını nəzərdə tutan yeni qaydalar qüvvəyə minib. Nəticədə TƏBİB sistemi üzrə illik əməkhaqqı fondu 189 milyon manat və ya 13,66 faiz genişləndirilib.

Tətbiq edilən yeni mexanizm TƏBİB-in tabeliyindəki xəstəxana, poliklinika və təcili yardım stansiyalarında bilavasitə əhaliyə xidmət göstərən əsas tibbi heyəti əhatə edir.

“AzPolitika” xəbər verir ki, qərardan yararlanan 72 212 nəfərlik heyətin struktur tərkibi və ümumi payı aşağıdakı kimi müəyyən olunub:

Orta tibb heyəti (36 041 nəfər – 49,9%): Tibb bacıları, feldşerlər, laborantlar və akuşerkalar. Səhiyyə sisteminin ən böyük işçi qrupunu təşkil edirlər.

Kiçik tibb heyəti (20 367 nəfər – 28,2%): Sanitarlar, xəstəbaxıcılar və texniki-yardımçı tibbi heyət.

Ambulator tibbi xidmət göstərən həkimlər (8 675 nəfər – 12,0%): Poliklinikalarda, kənd həkim məntəqələrində və məsləhətxanalarda ilkin qəbul aparan mütəxəssislər.

Prioritet və kritik sahə həkimləri (7 129 nəfər – 9,9%): İlkin səhiyyə, təcili və təxirəsalınmaz tibbi yardım, anesteziologiya-reanimatologiya xidməti əməkdaşları, habelə regionlarda kəskin kadr çatışmazlığı yaşanan dar ixtisaslı mütəxəssislər.

Yeni əmək haqqı modeli standart hamar artım prinsipinə dayanmır. İslahat çərçivəsində ödənişlər vəzifə, ixtisas, iş yükü, fəaliyyət göstəriciləri (KPI) və regionlarda mövcud kadr təminatı nəzərə alınmaqla diferensiallaşdırılıb:

İslahatdan əvvəl təxminən 400 – 550 manat aralığında gəlir əldə edən sanitarlar və xəstəbaxıcılar üçün baza vəzifə maaşları qaldırılıb, sosial müdafiə zərfi gücləndirilib.

Orta tibb heyətinə gəlincə, islahatdan əvvəl gəlirləri 600 - 900 manat civarında olan tibb bacıları və feldşerlərin sabit vəzifə maaşı ilə yanaşı, növbə, iş dərəcəsi və xidmət yükünə görə həvəsləndirici əlavələri artırılıb. Əvvəllər 1 000 - 1 400 manat civarında maaş alan poliklinika və məsləhətxana həkimlərinin gəlirlərinə pasient sayına, profilaktik müayinələrin keyfiyyətinə və fəaliyyət göstəricilərinə görə diferensial bonuslar əlavə edilib.

Bundan başqa əvvəllər 1 800 - 3 500 manat aralığında qazanc əldə edən reanimatoloqlar, təcili yardım həkimləri və region mütəxəssisləri üçün regional stimullaşdırma paketləri genişləndirilib, ağır iş rejimünə görə tətbiq edilən xüsusi əmsallar yüksəldilib.

İslahatın strateji hədəfləri və gözlənilən nəticələrə gəlincə, ilk sırada bölgələrdəki kadr kəsirini kökündən həll etmək dayanır. Belə ki, paytaxt və iri şəhərlərlə müqayisədə regionlarda dar ixtisaslı tibb mütəxəssislərinə (məsələn: kardioloq, neyrocərrah, onkoloq, uşaq cərrahı və s.) kəskin ehtiyac duyulur. Regional əmsalların yüksəldilməsi və xüsusi stimullaşdırıcı paketlərin tətbiqi gənc və təcrübəli həkimlərin rayonlara üz tutmasını təşviq edəcək, mərkəzə kadr axınının qarşısını alacaq. Parallel olaraq kritik və yüksək gərginlikli sahələrin cəlbediciliyini artırmaq vəzifəsi qoyulub. Məlumdur ki, anesteziologiya-reanimatologiya, təcili və təxirəsalınmaz tibbi yardım kimi sahələr fiziki və psixoloji cəhətdən ən ağır, riskli fəaliyyət dairələridir. Bu xidmətlərdə çalışan personalın əməkhaqlarının diferensial olaraq daha yüksək faizlə artırılması həm mövcud kadrların sistemdə qalmasını təmin edəcək, həm də gənc mütəxəssislərin bu riskli sahələrə marağını artıracaq.

Yeni qaydalar tibb işçisinin gəlirini doğrudan göstərilən xidmətin həcmi, mürəkkəbliyi və keyfiyyəti ilə bağlayır. Bu mexanizm tibb heyətini pasientlərlə daha diqqətli rəftar etməyə, diaqnostika və müalicə prosesini beynəlxalq standartlara uyğun aparmağa həvəsləndirəcək ki, bu da son nəticədə vətəndaş rəğbətini və pasient məmnuniyyətini artıracaq.

Səhiyyə sisteminin "onurğa sütunu" sayılan orta və kiçik tibb heyəti (tibb bacıları, sanitarlar) ümumi işçi qüvvəsinin 78%-dən çoxunu təşkil edir. Maaş fondunun 189 milyon manat artırılması bu kateqoriyadan olan minlərlə ailənin sosial müdafiəsini doğrudan yaxşılaşdırmağa, onları inflyasiya təsirlərindən qorumağa və əməyə olan motivasiyalarını yüksəltməyə xidmət edir.

Bir məqamı da qeyd edək ki, maaşların diferensial şəkildə artırılması dövlət xəstəxanaları ilə özəl klinikalar arasındakı gəlir uçurumunu azaldacaq. Bu adımla yüksək ixtisaslı kadrların özəl sektora axınının qarşısı alınacaq, dövlət səhiyyə müəssisələrinin kadr potensialı və xidmət keyfiyyəti qorunub saxlanacaq.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tibb elmləri doktoru, professor Rəşad Mahmudov mövzu ilə bağlı “AzPolitika”ya şərhində bildirib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və Prezident İlham Əliyevin tapşırığı ilə TƏBİB sistemində çalışan 72 mindən çox tibb işçisini əhatə edən əmək haqqı islahatını yalnız sosial xarakterli qərar kimi deyil, Azərbaycan səhiyyəsinin gələcək inkişafına yönəlmiş strateji addım kimi qiymətləndirmək lazımdır: “Əlbəttə, ilk növbədə bu qərar həkimlərimiz, tibb bacılarımız və bütövlükdə səhiyyə işçiləri üçün sevindirici hadisədir. Tibb işçisinin əməyinin maddi baxımdan daha yüksək qiymətləndirilməsi onun sosial rifahına, iş məmnuniyyətinə və peşəsinə bağlılığına birbaşa təsir göstərir. Lakin məsələnin daha geniş və uzunmüddətli tərəfi var. Bu gün tibb işçisinə edilən investisiya, əslində, sabah vətəndaşa göstəriləcək tibbi xidmətə edilən investisiyadır. Səhiyyənin ən qiymətli resursu nə bina, nə də tibbi avadanlıqdır. Ən qiymətli resurs insandır. Müasir xəstəxana tikmək, ən son texnologiyaları əldə etmək müəyyən maliyyə imkanları daxilində mümkündür. Lakin yüksək səviyyəli həkimin, tibb bacısının, anestezioloqun, neonatoloqun, cərrahın və digər mütəxəssislərin yetişdirilməsi uzun illər tələb edir. Bu səbəbdən peşəkar kadrların sistemdə qorunması hər bir ölkənin səhiyyə siyasətinin əsas strateji məsələlərindən biridir”.

Millət vəkili qeyd edib ki, yeni yanaşmanın mühüm cəhətlərindən biri əmək haqqı siyasətinin kadr ehtiyacları ilə əlaqələndirilməsidir.

“Xüsusilə regionlarda çatışmayan və səhiyyə sisteminin fəaliyyəti üçün kritik əhəmiyyət daşıyan ixtisasların daha ciddi stimullaşdırılması gələcəkdə kadrların ölkə üzrə daha balanslı yerləşməsinə imkan verə bilər. Bu, olduqca vacib məsələdir. Çünki səhiyyədə bərabərlik yalnız hər yerdə xəstəxana binasının olması demək deyil. Həqiqi bərabərlik vətəndaşın harada yaşamasından asılı olmayaraq ehtiyac duyduğu keyfiyyətli tibbi yardıma vaxtında çata bilməsidir. Bunun üçün isə regionlarda yalnız infrastruktur deyil, həmin infrastrukturu işlədə biləcək peşəkar insan resursu da olmalıdır”, - o vurğulayıb.

R.Mahmudovun sözlərinə görə, əmək haqqının və digər stimullaşdırıcı mexanizmlərin gücləndirilməsi gənc həkimlərin regionlarda işləməyə marağını artıra, artıq orada çalışan təcrübəli mütəxəssislərin sistemdə qalmasına kömək edə bilər: “Uzunmüddətli perspektivdə bunun nəticəsi paytaxta olan tibbi miqrasiyanın və bəzi xidmətlər üzrə böyük mərkəzlərin üzərinə düşən əlavə yükün azalması ola bilər. Vətəndaş bir sıra tibbi xidmətləri yaşadığı bölgədə ala bildikdə həm vaxt, həm ailə büdcəsi, həm də bütövlükdə səhiyyə sistemi baxımından ciddi üstünlüklər yaranır. Digər mühüm məsələ əməkhaqqı artımı ilə tibbi xidmətin keyfiyyəti arasındakı əlaqədir”.

Professor vurğulayıb ki, yalnız maaşı artırmaqla tibbi xidmətin keyfiyyətinin avtomatik yüksələcəyini düşünmək doğru olmazdı: “Keyfiyyət çoxkomponentli anlayışdır. Buraya davamlı tibbi təhsil, klinik protokollara əməl olunması, pasiyent təhlükəsizliyi, müasir texnologiyalara çıxış, düzgün idarəetmə, iş şəraiti və fəaliyyətin obyektiv qiymətləndirilməsi daxildir. Lakin bütün bunların mərkəzində yenə insan dayanır. Əməyinin qarşılığını aldığını, dövlət və cəmiyyət tərəfindən qiymətləndirildiyini hiss edən tibb işçisinin motivasiyası və sistemə bağlılığı da fərqli olur. Buna görə əməkhaqqı islahatının gələcək mərhələlərdə peşəkarlıq, davamlı təhsil, fəaliyyət göstəriciləri və xidmət keyfiyyəti ilə uzlaşdırılması Azərbaycan səhiyyəsində yeni əmək və keyfiyyət mədəniyyətinin formalaşmasına ciddi töhfə verə bilər. Son illərdə Azərbaycanda səhiyyənin maddi-texniki bazasının yenilənməsi, yeni tibb müəssisələrinin yaradılması və icbari tibbi sığortanın tətbiqi ilə sistemin maliyyələşmə və təşkilati modeli əhəmiyyətli dərəcədə dəyişib. İndi isə bu inkişafın növbəti mühüm istiqamətlərindən biri həmin sistemin əsas daşıyıcısı olan insan kapitalının gücləndirilməsidir. Bu baxımdan Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilən əmək haqqı islahatının əhəmiyyəti yalnız bugünkü sosial nəticələrlə ölçülməməlidir. Onun real strateji nəticələri qarşıdakı illərdə peşəkar kadrların sistemdə qorunması, regionlarda mütəxəssis təminatının yaxşılaşması və tibbi xidmətlərin keyfiyyətinin yüksəlməsi ilə özünü göstərməlidir”.

Sonda Rəşad Mahmudov qeyd edib ki, nəticə etibarilə, bu qərarın mərkəzində tibb işçisi dayansa da, onun son ünvanı Azərbaycan vətəndaşıdır.

“Bu gün həkimə və tibb işçisinə yaradılan daha yaxşı şərait sabah Bakıda olduğu kimi, ölkənin ən ucqar kənd və rayonunda yaşayan vətəndaşın da daha əlçatan, təhlükəsiz və keyfiyyətli tibbi xidmət almasına xidmət etməlidir”, - o vurğulayıb.

E.Rüstəmli

“AzPolitika.info”