Ukraynaya məxsus pilotsuz uçuş aparatları (PUA) Rusiyanın iri elektron ticarət nəhəngi "Ozon" martketpleysinin əsas logistika mərkəzlərinə kütləvi zərbələr endirməyə başlayıb. Rusiyanın Cənub və Şimali Qafqaz regionlarındakı anbarların sıradan çıxarılması, onsuz da çətin vəziyyətdə olan kiçik və orta sahibkarlığı tamamən iflic edib.

“AzPolitika” yerli teleqram kanallarına istinadla xəbər verir ki, PUA hücumlarının coğrafiyası və vurduğu zərər sürətlə genişlənir. Belə ki, dünən Dağıstanın Tyube qəsəbəsində yerləşən Şimali Qafqazın ən böyük anbarı vurulub. 14 milyard rubl xərclənərək 125 min kvadratmetrə çatdırılan nəhəng kompleksin üçdə ikisi tamamilə yanıb. İki əməkdaş yaralanıb, anbarın fəaliyyəti dayandırılıb. Adıgey qəsəbəsində də 90 min kvadratmetrlik anbar kompleksi PUA zərbəsindən sonra tamamilə külə dönüb. Rostov vilayətinin Aksay rayonunda vurulan digər anbarda güclü yanğın baş verib, mal tədarükü dondurulub.

Krasnodar və Stravropolda "TSMK-K" tikinti şirkətinin, Rostovda isə DNS texnika şəbəkəsinin anbarları vurulub. HHM sistemlərinin işi və dron qalıqlarının düşməsi nəticəsində Krasnodarda 6 nəfər (4-ü uşaq), Rostovda isə 11 sakin yaralanıb. Qeyd edək ki, analoji zərbələrdən əvvəl "Wildberries" anbarları da ciddi zərər çəkmişdi. Həmin vaxt sahibkarlar mallarını daha təhlükəsiz saydıqları "Ozon"a köçürsələr də, eyni mənzərə burada da təkrarlanıb.

Şəxsi təhlükəsizliklərinə görə adlarını gizli saxlayan rusiyalı sahibkarlar bildirirlər ki, platformanın elan etdiyi "dəstək paketləri" real vəziyyəti dəyişmir. "Ozon" tarifləri aşağı salsa da, satış komissiyasını 51%-ə qaldırıb ki, bu da biznesi birbaşa zərərə aparır. Həmçinin, yüz minlərlə manatlıq malın harada olduğu barədə sahibkarlara heç bir məlumat verilmir.

Mütəxəssislərin fikrincə, Vladimir Putinin PUA zərbələrindən qoruna bilməyən və ya tez bərpa olunmayan iri bizneslərin "müvəqqəti dövlət idarəçiliyinə" verilməsi haqqında fərmanı sahibkarları daha da qorxudur. Dövlətin HHM sistemləri təmin edə bilmədiyi halda maliyyə yükünü biznesin üzərinə atması və mülkiyyəti əlindən almaqla hədələməsi kiçik və orta sahibkarlığın kütləvi şəkildə qapanmasına gətirib çıxaracaq.

Ekspertlər Rusiyanın sığorta sektorunun da çökmək üzrə olduğunu bildirirlər. "İngosstrax" sığorta şirkəti hücumlar başlamazdan bir gün əvvəl müqavilə şərtlərini yeniləyərək PUA zərbələrini yalnız məhkəmə tərəfindən "terror" və ya "diversiya" maddəsi açıldığı halda sığorta hadisəsi kimi tanıyacağını bəyan edib. Əks halda bu, "hərbiləşdirilmiş əməliyyat" sayılır və heç bir kompensasiya ödənilmir. Yeni müqavilədə hətta "nüvə zərbəsi" maddəsi də yer alıb ki, bu halda da sığorta ödənişi nəzərdə tutulmur.

Böhranın miqyasını azaltmaq üçün "Ozon" rusiyalı biznesmenlərə mallarını Qazaxıstanın Almatı və Astanalardakı anbarlarına daşımağı təklif edir, lakin logistika xərclərinin kəskin artması səbəbindən kiçik bizneslərin böyük əksəriyyəti müflisləşərək fəaliyyətini dayandırmaq məcburiyyətində qalır.

Rasim Əliyev

“AzPolitika.info”