ABŞ müdafiə naziri Pit Hegset Yaxın Şərqdə amerikalı hərbçilərin yerləşdirilmə müddətini uzadır və İrana qarşı əməliyyatın bu il başa çatmaya biləcəyini nəzərə alır.

Bu barədə “The Wall Street Journal” mənbələrə istinadən yazıb.

Məlumata görə, hazırda Yaxın Şərqdə ABŞ-ın 19 hərbi gəmisi, qırıcı eskadrilyaları, hava hücumundan müdafiə bölmələri və desant qüvvələri yerləşdirilib. Uzunmüddətli dislokasiya hərbçilərin vəziyyətinə və texnikaya texniki xidmətə mənfi təsir göstərir.

WSJ bildirir ki, Donald Tramp özəl söhbətlərdə Tehranla döyüşlərin başa çatdığını elan etmək və İrana iqtisadi təzyiq göstərməklə məqsədlərə nail olmaq ideyasını dəstəkləyir. Buna baxmayaraq, bölgədə təxminən 50 min ABŞ hərbçisi qalır.

Münaqişənin uzanması ilə bəzi bölmələrin Yaxın Şərqdə qalma müddəti 12 aya qədər artırılıb və ABŞ-nin “Theodore Roosevelt” aviadaşıyan gəmisinin də gələn ilin yazına qədər bölgədə xidmət aparması gözlənilir. /Apa