Bakı Ağır Cinayətlər Məhkəməsində anasını xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla və aşkar surətdə köməksiz vəziyyətdə qətlə yetirməkdə təqsirləndirilən Emil Ağayevin cinayət işinin bəzi detalları məlum olub.
"AzPolitika" Pravda.az-a istinadla xəbər verir ki, hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.
İttihama görə, 1981-ci il təvəllüdlü Emil Ağayev doğma anası 1959-cu il təvəllüdlü, zərərçəkmiş Həyat Ağayevanın istifadə etdiyi mobil telefonda kişi cinsli şəxslərlə telefon əlaqələrinin olmasını və onun guya yüngül həyat tərzi keçirməsini bəhanə edib. O, ictimai qaydalara və cəmiyyətdə qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərərək anasını öldürmək qərarına gəlib.
Hadisə 2025-ci il yanvarın 24-ü paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib. Həmin gün səhər saatlarında Emil Ağayev anasının evdə tək qalmasından istifadə edərək cinayəti törətmək niyyətini həyata keçirmək üçün əvvəlcədən plan qurub.
Belə ki, həmin vaxt işdə olan Həyat Ağayevaya zəng edərək qayınatasının onların evinə qonaq gələcəyini bildirib və qadının təcili evə gəlməsinin vacib olduğunu deyib. Daha sonra anasını taksi ilə iş yerindən götürərək birlikdə yaşadıqları ünvandakı fərdi yaşayış evinə gətirib. Evə gəldikdən sonra Emil qonaq otağında Həyat Ağayevaya qəflətən hücum edib. Qocalığı ilə əlaqədar fiziki cəhətdən zəif olan və müqavimət göstərmək imkanına malik olmayan qadını hər iki əli ilə boğaz nahiyəsindən sıxıb, eyni zamanda sifətinə yumruq zərbələri endirib.
Nəticədə zərərçəkmiş şəxsin çənə və boyun nahiyələrində qançırlar, üst çənədə azı dişin tac hissəsinin travmatik sınığı, dil və alt dodaq nahiyələrində əzilmiş yaralar, üst dodağında hematoma, eləcə də çənə sümüyünün sağ şaxəsinin qapalı sınığı yaranıb.
İttihamda göstərilir ki, Emil Ağayev bununla kifayətlənməyib, anasını döşəmənin üzərinə yıxıb. Ardınca mətbəxdən götürdüyü bıçaqla qadının yanına qayıdıb. Həmin vaxt Həyat Ağayeva halsız vəziyyətdə arxası üstə uzanıb və müqavimət göstərmək imkanında olmayıb.
Emil Ağayev bıçaqla anasının boyun nahiyəsinə iki dəfə zərbə endirərək kəsici xəsarətlər yetirib.
Nəticədə Həyat Ağayevanın sağ ümumi yuxu arteriyası, sağ daxili və xarici vidaci venaları kəsilib. Bundan başqa, boyunun sağ bayır səthində və boyunun orta üçdəbirinin ön səthində kəsilmiş-deşilmiş yaralar, qalxanabənzər vəz və traxeyanın yaralanması müəyyən edilib.
Ekspertiza nəticəsinə əsasən, xəsarətlər kəskin qan itkisi ilə müşayiət olunub və ölümə birbaşa səbəb olub.
İttiham tərəfinin mövqeyinə görə, Emil Ağayev cinayəti zərərçəkmiş şəxsin köməksiz vəziyyətdə olduğunu bilərək, xüsusi amansızlıqla və xuliqanlıq niyyəti ilə törədib.
Məhkəmə iclasında Emil Ağayev ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində deyib ki, hadisə günü işdən qayıtdıqdan sonra anasına qayınatasının onların evinə gələcəyini deyib və qadını özü ilə aparıb.
Emil Ağayevin sözlərinə görə, evə daxil olduqdan sonra anasını boğazından tutaraq divanın yanına itələyib, ardınca yerə uzadıb və mətbəxdən bıçaq götürərək ona zərbə endirib.
O, anasına yumruqla zərbə vurmadığını bildirib.
Təqsirləndirilən şəxs cinayətin səbəbini anasının davranışları ilə əlaqələndirib. Emil Həyat Ağayevanın başqa kişilərlə münasibətdə olduğundan şübhələndiyini və bunu illər ərzində öz daxilində saxladığını deyib.
Emil Ağayev bildirib ki, uşaqlıq illərindən anasının atasına xəyanət etdiyini düşündüyünü, atasının uzun müddət xaricdə yaşadığını və Həyat Ağayeva ilə münasibətlərinin yaxşı olmadığını görüb:
“Anamın müxtəlif şəxslərlə telefonla danışması, gecə saatlarında kimləsə pıçıltı ilə söhbət etməsi, sosial şəbəkələrdən, o cümlədən “TikTok”dan istifadə etməsi məndə şübhələr yaratmışdı”.
Təqsirləndirilən şəxs məhkəmədə anasının “TikTok” hesabında başqa şəxslərlə yazışmalarını gördüyünü də qeyd edib.
Emil Ağayev ifadəsində anasına dəfələrlə xəbərdarlıq etdiyini, hətta ona “eləmə, öldürərəm səni” dediyini söyləyib.
O, anasının kimlə münasibətdə olduğunu dəqiq müəyyən edə bilmədiyini, lakin onun atasına xəyanət etdiyinə əmin olduğunu iddia edib.
Məhkəmədə Emil Ağayev cinayətin motivindən danışarkən Həyat Ağayevanın davranışlarına görə bu əməli törətdiyini bildirib. O, anasının başqa şəxslərlə münasibətdə olduğunu düşündüyünü və bunu özünə qarşı ağır mənəvi yük hesab etdiyini deyib.
Təqsirləndirilən şəxs ifadəsində hətta ömürlük azadlıqdan məhrum ediləcəyi halda belə, namusunu təmizlədiyi üçün vicdanının rahat olduğunu bildirib.
Bununla yanaşı, Emil Ağayev məhkəmədə törətdiyi əmələ görə peşman olduğunu da deyib. O, hadisənin baş verdiyi günə qayıtmaq imkanı olsaydı, cinayəti törətməyəcəyini bildirib.
Təqsirləndirilən şəxs həmçinin hadisə zamanı psixi vəziyyətinin yaxşı olmadığını və psixotrop dərman qəbul etdiyini söyləyib. Onun sözlərinə görə, “Lirika” adlı dərmanı əsəblərini sakitləşdirmək məqsədilə tanımadığı şəxsdən əldə edib.
Emil Ağayev hadisə zamanı özündə olmadığını iddia edərək məhkəmədən ona mümkün qədər aşağı həddə cəza təyin edilməsini xahiş edib.
Məhkəmədə verilən suallara cavab zamanı təqsirləndirilən şəxs anasının başqa şəxslərlə münasibətdə olması barədə şübhələrinin uzun illər əvvəl yarandığını söyləyib:
“Anamın hələ mən 12-13 yaşlarımda olarkən evimizdə işləyən usta ilə telefonla danışdığını eşitmişdim. Lakin həmin şəxslə anam arasında hər hansı fiziki münasibəti öz gözlərimlə görməmişdim”.
Emil Ağayev həmçinin sonrakı illərdə anasının davranışlarında dəyişiklik hiss etdiyini, onun daha çox bəzənməsinin, özünə qulluq etməsinin və sosial şəbəkələrdən istifadəsinin onda şübhə yaratdığını deyib: “Hadisədən əvvəlki gecə də anamın gecə saat 3-5 radələrində kiminləsə pıçıltı ilə telefonla danışdığını eşitmişəm”.
O, anasının işlədiyi yerdən müxtəlif bəhanələrlə icazə almasını da şübhəli hesab etdiyini bildirib: “Anamın kimlə danışdığını və ya kimlə münasibətdə olduğunu dəqiq bilmirdim, lakin onu buna görə öldürdüm”.
Məhkəmənin hökmü ilə Emil Ağayev Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 120.2.9-cu maddələri ilə təqsirli bilinib, ona cәzasını ciddi rejimli cәzaçәkmә müәssisәsindә çәkməklə 18 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Şərhlər