Onlayn alış-verişin genişlənməsi istehlakçıların alış-veriş vərdişlərini dəyişir və ənənəvi mağazalar üçün yeni rəqabət mühiti yaradır. Xüsusilə gənclər arasında məhsulu internetdən sifariş etmək daha geniş yayılır.
Bu tendensiya davam edərsə, gələcəkdə Azərbaycanda fiziki mağazaların sayı azala bilərmi? Ənənəvi ticarət obyektləri onlayn satışla rəqabət aparmaq üçün hansı modelə keçməlidir?
Mövzu ilə bağlı “AzPolitika”ya açıqlama verən Crypto Consulting MMC-nin direktoru, kriptoinvest.az portalının rəhbəri və UNEC Biznes Məktəbinin müəllimi Elnur Quliyev bildirib ki,onlayn alış-verişin genişlənməsi, şübhəsiz ki, istehlakçı davranışını dəyişdirir və bu proses gələcəkdə ənənəvi pərakəndə ticarətə ciddi təsir göstərəcək.
Onun sözlərinə görə, xüsusilə gənc nəsil üçün məhsulu mağazaya gedərək almaqdan əvvəl internetdə axtarmaq, qiymətləri müqayisə etmək və sifarişi onlayn vermək artıq adi davranışa çevrilir: “Lakin mən hesab etmirəm ki, bu proses Azərbaycanda fiziki mağazaların kütləvi şəkildə yox olmasına gətirib çıxaracaq. Daha real ssenari fiziki mağazaların sayının müəyyən seqmentlərdə azalması və onların fəaliyyət modelinin dəyişməsidir. Çünki bəzi məhsullarda istehlakçı hələ də məhsulu canlı görmək, yoxlamaq, ölçüsünü və keyfiyyətini qiymətləndirmək və dərhal əldə etmək istəyir”.

Ekspert qeyd edib ki, ənənəvi mağazaların əsas çıxış yolu onlayn satışla rəqabət aparmaq deyil, onlayn və fiziki satışı birləşdirən omnikanal modelə keçməkdir: “Yəni müştəri məhsulu internetdə seçə, qiymətini və mağazada mövcudluğunu görə, onlayn sifariş verib mağazadan götürə və ya evə çatdırılmasını seçə bilməlidir. Məsələn, geyim mağazası yalnız fiziki satışla kifayətlənmək əvəzinə məhsullarını Instagram və öz onlayn platformasında nümayiş etdirə bilər. Müştəri ölçünü və məhsulu internetdən seçir, mağazaya gəlib geyinir və bəyəndiyi halda alır. Elektronika mağazasında isə müştəri məhsulu onlayn sifariş edib mağazadan götürə, yaxud mağazada məhsula baxdıqdan sonra sifarişi onlayn rəsmiləşdirə bilər. Burada fiziki mağazanın rolu da dəyişir. Mağaza sadəcə məhsul satılan yer deyil, eyni zamanda məhsulun sınaqdan keçirildiyi, məsləhət alındığı, sifarişin götürüldüyü və qaytarıldığı məntəqəyə çevrilir”.
E.Quliyev sonda əlavə edib ki, ənənəvi mağazalar müştəriyə onlayn platformaların hər zaman verə bilmədiyi üstünlüklər – peşəkar məsləhət, məhsula yerində baxış, sürətli servis, zəmanət və daha rahat qaytarma imkanları təqdim etməlidir: “Yəni gələcəyin əsas modeli “onlayn mağaza və ya fiziki mağaza” deyil, onlayn + fiziki mağaza modelidir. Bu transformasiyaya uyğunlaşa bilməyən mağazaların bazardan çıxması mümkündür, lakin texnologiyanı və fiziki satış imkanlarını düzgün birləşdirən mağazalar üçün əksinə, yeni inkişaf imkanları yaranacaq”.
Oğuz Ayvaz
“AzPolitika.info”

Şərhlər