Rusiyanın Saratov vilayətinin Engels şəhəri yaxınlığında Rusiya Aerokosmik Qüvvələrinin yüksək rütbəli zabitinə sui-qəsd cəhdi edilib.

Məlumata görə, hadisə Engels rayonunun Probujdeniye qəsəbəsində qeydə alınıb.

Qeyri-rəsmi məlumatlara görə, Rusiya Aerokosmik Qüvvələrinin Uzaq Mənzilli Aviasiyasının 22-ci Ağır Bombardmançı Aviasiya Diviziyasının komandiri Nikolay Varpaxoviçə dəbilqəli motosikletçi tərəfindən atəş açılıb. Hadisə nəticəsində rusiyalı hərbçi ağır yaralanıb və xəstəxanaya yerləşdirilib. Bəzi mənbələr onun baş və qarın nahiyələrindən güllə yaraları aldığını bildirir. Digər məlumatlarda isə onun bədəninin yuxarı hissəsindən və üz nahiyəsindən yaralandığı qeyd olunur. 

Rəsmi qurumlar yaralanan şəxsin kimliyini hələlik təsdiqləməyib.

Kiyevdən verilən açıqlamalarda Nikolay Varpaxoviç Ukraynaya qarşı həyata keçirilən raket hücumlarında ittiham olunub. 

Belə ki, Ukrayna Təhlükəsizlik Xidməti Varpaxoviçi Kiyevdəki “Oxmatdet” uşaq xəstəxanasına və Kramatorskdakı “Sapphire” otelinə endirilən raket zərbələrində iştirak etməkdə ittiham edib.

Ukrayna tərəfinin məlumatına əsasən, Rusiya Uzaq Mənzilli Aviasiyasının Varpaxoviçin rəhbərlik etdiyi bölmələri müxtəlif vaxtlarda Ukraynanın şəhərlərinə qarşı həyata keçirilən raket hücumlarının hazırlanması və icrasında iştirak edib.

Qeyd edək ki, “Oxmatdet” xəstəxanasına raket zərbəsi 8 iyul 2024-cü ildə Kiyevə qarşı həyata keçirilən genişmiqyaslı hücum zamanı baş verib. Hadisə nəticəsində uşaq xəstəxanasına ciddi ziyan dəyib. Ukrayna hüquq-mühafizə orqanları daha sonra hücumla bağlı Rusiya hərbçilərinin məsuliyyətini araşdırmağa başlayıb.

Varpaxoviçin adı Kramatorskdakı “Sapphire” otelinə endirilən zərbə ilə bağlı araşdırmada da hallanır. Ukrayna tərəfinin məlumatına görə, sözügedən obyektə hücum zamanı orada “Reuters” agentliyinin jurnalistləri də olub.

Hazırda Engelsdə baş verən sui-qəsd cəhdinin kim tərəfindən törədildiyi və hücumun motivləri barədə rəsmi məlumat yoxdur. Varpaxoviçin səhhətinin ağır olduğu bildirilir.

Rasim

“AzPolitika.info”