Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Rusiya əleyhinə qaldırılan 879 şikayətə baxmaqdan imtina edib. Söhbət 16 sentyabr 2022-ci il tarixindən əvvəl baş vermiş hüquq pozuntuları ilə bağlı müraciətlərdən gedir.
Məhkəməyə təqdim olunan müraciətlər saxlanma şəraiti, ədalətli məhkəmə araşdırması hüququnun pozulması, mülkiyyət, söz və hərəkət azadlığının məhdudlaşdırılması kimi məsələləri əhatə edib. AİHM yalnız Rusiyanın Ukraynaya hərbi təcavüzü ilə birbaşa bağlı olan şikayətlər üçün istisna edildiyini bildirib.
Qərardan narazı qalan iddiaçılar illərdir bu qərarı gözləyirdilər. Rədd edilən şikayətlər arasında ən köhnəsi 2007-ci ilə təsadüf edir. Hakim heyəti vətəndaşların arqumentlərini "potensial olaraq haqlı" hesab etsə də, iddiaları icraata götürməyib. Qərarda bildirilir ki, bu işlər "Rusiyanın məsuliyyətinin müəyyən edilməsi üçün maddi əhəmiyyət kəsb etmir" və Məhkəmənin yurisdiksiyasına daxil olan kateqoriyalara uyğun gəlmir.
Məsələyə münasibət bildirən İşgəncələrə Qarşı Qrup AİHM-i sərt tənqid edib. Təşkilat Məhkəmənin mindən çox insanın beynəlxalq ədalətə çıxışını faktiki olaraq blokladığını, bununla da insan hüquqları prinsiplərini qoruya bilmədiyini və ayrı-seçkilik edib: "Rusiyalılar üçün AİHM həmişə ədalətin son ümidi olub, lakin bu gün həmin ümid tamamilə yoxa çıxdı. Pozuntular və onların milli səviyyədə bərpası imkansızlığı qarşısında insanlar müstəqil beynəlxalq məhkəmənin obyektiv qərar çıxaracağına inanırdılar".
Xatırladaq ki, 2022-ci ilin martında Rusiya Ukraynaya qarşı hərbi təcavüzə görə Avropa Şurasından xaric edilib, həmin ilin 16 sentyabrında isə Avropa İnsan Hüquqları Konvensiyasının tərəfi olmaqdan rəsmən imtina edib. Məhkəmə bu tarixədək baş vermiş pozuntular üzrə baxış keçirmək hüququnu saxlasa da, Rusiya rəhbərliyi AİHM-in təyin etdiyi təzminatları ödəməkdən imtina edir.
“AzPolitika.info”

Şərhlər