Artıq yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Vaxt azaldıqca valideynlərin də məktəb hazırlığı ilə bağlı narahatlıqlar artır. Çünki dəftər, qələm, çanta, məktəb forması və digər ləvazimatlar birlikdə götürüldükdə bir şagirdin məktəb hazırlığı ailə büdcəsi üçün kifayət qədər ciddi məbləğə başa gəlir.
"AzPolitika"nın əməkdaşı bir sıra satış məntəqələrindəki qiymətlər əsasında bir şagirdin məktəb hazırlığının ailələrə neçəyə başa gəldiyini öyrənməyə çalışıb.
Qeyd edək ki, məcburi məktəbli formasına daxi olan şalvar və ya ətəyin qiyməti 15 manat, jaket 22 manat, qısaqol köynək 12 manat, uzunqol köynək isə 14 manatdır. Beləliklə, bir şagird üçün bir dəst forma – 63 manata başa gəlir.
Məktəb çantalarının qiyməti isə 15 manatdan başlayır. Orta seqmentdə 40-45 manatlıq çantalara rast gəlmək mümkündür. Daha bahalı çantaların qiyməti isə 100 manatı keçərək 109-110 manata qədər yüksəlir. Orta qiymət götürdükdə bir çanta üçün təxminən 40 manat nəzərdə tutmaq olar.
Dəftərlərin qiyməti vərəq sayından asılı olaraq 20 qəpikdən 1 manatadək dəyişir. Sadə dəftərlərin qiyməti 10-20 qəpikdən başlayır, 100 vərəqli dəftərlərin qiyməti isə təxminən 90-95 qəpikdir. Orta hesabla 10 dəftər üçün 5 manat nəzərdə tutmaq olar.
Qələmlərin qiyməti 12-15 qəpikdən başlayır, daha keyfiyyətli modellərdə isə 75-80 qəpiyə qədər yüksəlir. Orta qiymətə 5 qələm götürdükdə təxminən 3 manat edir. Karandaşların qiyməti 10 qəpikdən başlayır və 50 qəpiyə qədər dəyişir. Bir neçə karandaş üçün orta hesabla 1 manat nəzərdə tutmaq olar.
Pozanların qiyməti isə 15-20 qəpikdən başlayaraq 1 manata qədər yüksəlir. Bir neçə pozan üçün təxminən 1 manat, xətkeş üçün isə orta hesabla 1 manat nəzərdə tutmaq olar.
Bundan başqa, xüsusilə ibtidai sinif şagirdləri üçün say çöpləri kimi ləvazimatlar da tələb olunur. Bu məhsulların qiyməti təxminən 1,40 - 4 manat arasında dəyişir. Orta qiymət olaraq 2 manat götürə bilərik. Qələmqabının qiyməti isə təxminən 90 qəpikdən başlayır. Orta qiymətə bir qələmqabı üçün 2 manat nəzərdə tutmaq olar.
Beləliklə, məktəbli forması, çanta və əsas dəftərxana ləvazimatlarını birlikdə hesablasaq ortaya belə bir məbləğ çıxır:
- Məktəb forması – 63 manat;
- Çanta – 40 manat;
- Dəftərlər – 5 manat;
- Qələmlər – 3 manat;
- Karandaşlar – 1 manat;
- Pozanlar – 1 manat;
- Xətkeş – 1 manat;
- Say çöpləri – 2 manat;
- Qələmqabı – 2 manat;
- Ümumi - təxminən 118 manat.
Qeyd edək ki, bu, yalnız əsas ləvazimatlar və orta qiymətli məhsullar nəzərə alınmaqla aparılan hesablamadır. Valideyn daha keyfiyyətli və bahalı çanta, dəftərxana ləvazimatları seçdikdə xeyli arta bilər.
Digər tərəfdən, məktəb üçün termos kimi əlavə məhsullar da alınarsa, xərc daha da yüksələ bilər. Çünki hazırda termosların qiyməti təxminən 16-18 manatdan başlayır və daha bahalı modellər də mövcuddur.
Digər tərəfdən, hazırkı qiymətlər nəzərə alındıqda çox uşaqlı ailələrin büdcəsi məktəb xərclərindən daha çox təsirlənir. Əgər ailədə 2 və ya 3 uşağın olduğu nəzərə alınarsa bu xərc 300 manatı belə keçə bilir ki, bu da minimum əməkhaqqı ilə dolanan bir ailə fərdinin aylıq qazancının təxminən 75 faizinə bərabərdir…
E. Bəyməmmədli
"AzPoltiika.info"

Şərhlər