İndiyə qədər Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) "Güzəştli mənzil" sistemi vasitəsilə 12 minə yaxın ailə ev sahibi olub.
"AzPolitika" xəbər verir ki, bunu Agentliyin Aparat rəhbəri Cəmşid Əmirov jurnalistlərə açıqlamasında bildirib.
"Ümumilikdə 11 güzəştli mənzil layihəsi tamamlanıb. Agentliyin fəaliyyəti təkcə Bakı şəhərini deyil, eyni zamanda müxtəlif regionlarını da əhatə edir. Paytaxtın Hövsan qəsəbəsində, Abşeron rayonunun Saray qəsəbəsində və Naxçıvan şəhərində də layihələr reallaşdırılıb", - deyə o qeyd edib.
Bundan başqa, onun sözlərinə görə, MİDA növbəti mənzil satışını ilin sonuna planlaşdırır:
"Hansı layihələrdə satış olacağı barədə məlumat tələblərə uyğun olaraq 30 gün əvvəlcədən elanlarda veriləcək. Bu məlumat həm Agentliyin rəsmi internet səhifəsində, eyni zamanda müxtəlif media resurslarında öz əksini tapacaq".
Xatırladaq ki, bu gün MİDA-nın Lənkəran, Şirvan və Yexlax şəhərlərində inşa etdiyi yaşayış kompleklərindəki güzəştli mənzillər satışa çıxarılıb. Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küçəsi, 303 ünvanında yerləşən Lənkəran Yaşayış Kompleksi üzrə 1 mənzilin, Şirvan şəhəri, Naxçıvan küçəsi, 58A ünvanında yerləşən Şirvan Yaşayış Kompleksi üzrə 528 mənzilin, Yevlax şəhəri, Rəşad Budaqov küçəsi, 1 ünvanında yerləşən Yevlax Yaşayış Kompleksi üzrə 6 mənzilin, ümumilikdə 535 mənzilin satışı saat 16:00-a qədər həyata keçiriləcək.


Şərhlər