Naxçıvan Muxtar Respublikasının (MR) bütün rayonlarında Naxçıvan Regional DOST Mərkəzinin qəbul şöbələrinin fəaliyyətə başlaması planlaşdırılır.

"AzPolitika" xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Fərid Bağırzadə deyib. O bildirib ki, nazirlik üçün cari il üzrə müəyyənləşdirilən hədəflərin bir hissəsi artıq icra olunub.

Nazirin sözlərinə görə, Naxçıvan Regional DOST Mərkəzi fəaliyyətə başlayıb, 68 imtiyazlı şəxs mənzillə təmin olunub.

"Növbəti hədəfimiz muxtar respublikanın bütün rayonlarında Naxçıvan Regional DOST Mərkəzinin qəbul şöbələrinin fəaliyyətə başlamasıdır", – Fərid Bağırzadə deyib.

O qeyd edib ki, hazırda bütün rayonlarda qəbul şöbələrinin fəaliyyətə başlaması istiqamətində əsaslı təmir işləri aparılır.

Nazirin sözlərinə görə, növbəti əsas hədəflərdən biri də Naxçıvan Regional İnformasiya Mərkəzinin bazasında Naxçıvan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin yaradılmasıdır.

"Bura əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası və onların bilik və bacarıqlarının üzə çıxarılması istiqamətində fəaliyyət göstərən bir mərkəzdir və Heydər Əliyev Fondu tərəfindən yaradılmışdır. Artıq həmin mərkəzin bazasında Naxçıvan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyətə başlaması istiqamətində işlər davam etdirilir", – deyə nazir bildirib.

Fərid Bağırzadə layihələndirmə işlərinin yekunlaşdığını, yaxın aylarda mərkəzdə əsaslı təmir işlərinə başlanılmasının hədəfləndiyini vurğulayıb.