Donald Trampın xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner Moskvadan sonra səfər etdikləri Kiyevdən ötən gecə ayrılıblar. Trampın yeni “sülh planı” ilə gələn elçiləri ilk dəfədir ki, təkcə Moskvaya deyil, Ukrayna paytaxtına da baş çəkiblər. Daha əvvəl onlar Ukraynaya səfərə lüzum görmürdülər. Bunu danışıqlar prosesinin yeni və daha ciddi, ümidverici səviyyəsi hesab edənlər var. Lakin yeni “sülh planı”nın detalları açıqalnmır və tərəflərin reaksiyası hələlik danışıqlarda dönüş nöqtəsi, yaxud həlledici irəliləyiş barədə nəsə deməyə əsas vermir. Əksinə, Voilodimir Zelenskinin Trampın Moskvadan gələn elçilərilə görüşdən sonra “Müharibə bu qış da davam edəcək” açıqlaması hələlik pessimist proqnozlar verənləri haqlı çıxarır...
Trampın xüsusi nümayəndələrinin Kiyevdə keçirdikləri danışıqlar Moskvadakından daha uzun olub. Dörd saatdan çox davam edən danışıqlar üç mərhələdə aparılıb: Əvvəlcə Zelenski özü nümayəndə heyəti ilə görüşüb, sonra danışıqlara Prezident Ofisinin rəhbəri Kirill Budanov, Ukrayna Xarici Kəşfiyyat Xidmətinin başçısı Rüstəm Umerov və Ukrayna rəhbərliyindəki digər şəxslər qoşulub. Görüşün üçüncü mərhələsində isə Avropa tərəfi - Böyük Britaniya, Fransa və Almaniya başçılarının milli təhlükəsizlik müşavirləri də iştirak edib.
Danışıqlardan sonra Uitkoff və Kuşner həmişəki kimi optimist görünsələr də, Zelenski müharibənin qışda da davam edəcəyini deməklə yanaşı, bildirdi ki, tərəflər Ukraynanın qışa hazırlıq problemlərini və mümkün “qış paketini” müzakirə ediblər. Bu, Zelenskinin proqnozları ilə ABŞ tərəfinin də razılaşdığının göstəricisi sayıla bilər.
Bununla yanaşı, Cared Kuşner qeyd edib ki, hazırda Ukraynada müharibənin qışdan əvvəl başa çatması təmin olunmasa da, Amerika tərəfi bu məqsədə çatmaq üçün şərait yaratmaq üzərində işləyir: "Bu, çox, çox çətin bir problemdir, amma çalışacağıq... Bu, çox vacib bir səydir".

Danışıqlardan sonra Zelenski Donbas məsələsinin müharibənin bitməsi üçün əsas məsələ olaraq qaldığını vurğulayıb. Həmçinin, yeni “sülh planı” barədə qısaca bunları deyib: "Bir neçə həqiqətən yeni ideya var idi və biz onları müzakirə etdik".
O, Ukrayna ilə Rusiya arasında danışıqların bərpasının mümkün olduğunu, lakin ərazi mövzusu də daxil olmaqla əsas məsələlərin yalnız birbaşa ölkə başçıları səviyyəsində həll edilə biləcəyini dedi.
“Yeni ideyalar”a gəlincə Stiv Uitkoff və Cared Kuşner Rusiya-Ukrayna müharibəsində hər iki tərəflə məsləhətləşmələr apararaq "yenilənmiş sülh təklifi" hazırlamaq niyyətində olduqlarını bildirdilər. Yəni, gətirilən plan yenidən işlənəcək.

Bu arada müzakirələrdə iştirak edən mənbə “Axios”-a bildirib ki, Uitkoff və Kuşner Moskvada müharibəyə son qoymaq üçün müəyyən "yeni ideyaları" müzakirə ediblər və onları Kiyevə gətiriblər: "Bütün maraqlı tərəflər müvafiq addımlar atsa, vəziyyət yaxşılaşa bilər".
Ukrayna Prezident Ofisindəki adı açıqlanmayan bir mənbə isə bildirib ki, Trampın xüsusi elçiləri tərəfindən təqdim edilən hazırkı sülh təklifləri doğrudan da əvvəlkilərdən fərqlənir: "Bu, əvvəlki kimi deyil. Hazırkı təkliflər daha təsirlidir”.
Lakin təkliflərin məzmununu açıqlamayıb...
Mənbənin sözlərinə görə, Kuşner və Uitkoff qışdan əvvəl danışıqlarda irəliləyiş əldə etmək istəklərini vurğulayıblar. Lakin Rusiyanı daha yaxşı tanıyan və yerdəki vəziyyəti daha yaxşı bilən Ukrayna rəhbərliyi optimist görünmür, ona görə də əsas diqqəti qışa hazırlığa yönəltməyə çalışır.

Zelenski bildirib ki, Donbasın taleyi danışıqlar prosesində əsas məsələlərdən biri olaraq qalır: "Mənim fikrimcə, bu, müharibənin əsas məsələsidir. Biz döyüş meydanında, düşmənin aktiv olduğu, şəxsi heyətinin artırıldığı Şərqdə qüvvələrimizi gücləndirmişik, inanıram ki, seçkilərdən sonra Rusiya yalnız bu istiqamətdə səfərbər olacaq. Başqa sözlə, orada bir çox geosiyasi məsələlər həll olunur".
Bütün bunlar Ukraynadakı savaşın tezliklə danışıqalr yolu ilə bitəcəyi mövzusunda optimist olmağa təəssüf ki, az əsas vermir. Əgər Trampın və onun elçilərinin bu cəhdi də heç bir nəticə verməsə, bu səfərlərdən qalan və tarixə düşəcək yeganə iz Zelenskinin dünən işlətdiyi ifadələr olacaq. Ukrayna başçısı amerikalı elçilərin səfərinin ən azından "boşa getmədiyini" onunla əsaslandırıb ki, heç olmasa buna görə Rusiya Kiyevin bombalanmasını müvəqqəti də olsa bir müddət dayandırıb: “Bu gün paytaxtdakı vətəndaşlarımız üçün “Patriot” sistemlərindən daha yaxşı iş gördünüz. Daha tez-tez gəlin və insanlarımıza yaşamaq üçün bir az daha çox vaxt vermək imkanımız olacaq".
Əslində, bir qədər də acı ironiya ilə deyilən bu fikir Ukraynanın düşdüyü vəziyyətin ağırlığı və dünya birliyinin gücsüzlüyünün daha bir etirafı idi..
Cəlal Məmmədli
“AzPolitika.info”

Şərhlər