Kənd təsərrüfatında iri və xırdabuynuzlu mal-qaranın artımını təmin etmək üçün nəzərdə tutulan yeni subsidiyalar müsbət addım olsa da, bəzi şərtlərinə görə birmənalı qarşılanmır. 

“AzPolitika” xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu mövzuyla bağlı fikirlərini bölüşüb və qeyd edib ki, kəndlərdəki kiçik sahibkrlar və fermerlər subsidiyalardan kənarda qala bilər:

“Kənd Təsərrüfatı Nazirliyi, nəhayət ki, iri və xırdabuynuzlu mal-qaranın sayının azalmasını, bununla da ölkədə ətin kəskin bahalaşmasını gördü və bu sahədə yeni subsidiyaların tətbiqinə qərar verdi. Amma...

Subsidiya şərtləri elə elan edilib ki, yenə kəndli, kiçik-orta sahibkar, fermerlər kənarda qalacaqlar. Məsələn, istifadəsində azı 100 hektar örüş və ya otlaq sahəsi olan 500 baş və ya daha artıq xırdabuynuzlu heyvan olan təsərrüfatlarda qeydiyyatda olan heyvana görə 4 manat subsidiya veriləcək. Subsidiyanın verilməsində əsas şərt təsərrüfatlara istifadə üçün verilmiş örüş və otlaqlarda münbitliyin və biomüxtəlifliyin artırılmasıdır.

Yaxşı, ölkədə hansı kiçik-orta sahibkarın, fermerin 100 hektar torpağı, 500 və daha artıq baş qoyun-keçisi var?! Bu subsidiyaları kim alacaq? Və ya, 500 qoyunu olan üçün ildə cəmi 2000 manat subsidiya veriləcəksə, bu hansı dərdə dərman olacaq?! Hələ bu 2000 manatı almaq üçün otlaqlarda, örüş yerlərində münbitlik, biomüxtəliflik artmalıdır – bunun kriteriyaları nədir?! Bu yaxınlarda suvarma üçün suyun qiyməti qalxdı, münbitliyin artırılması üçün Allaha dua edib yağış istəməklə yanaşı, suvarmaq da lazımdır, ildə bir neçə dəfə suvarsalar, elə 2000 manatı su pulu kimi verməli olmayacaqlarmı?! Biomüxtəlifliyi təmin etmək üçün xərc lazımdır, 2000 manat bu xərci qarşılayacaqmı?!

Bu sullara cavab vermək lazımdır, əlaqədar qurumlar müəyyən addımlar atmaq istəyir, bu yaxşıdır, amma, belə təklifləri necə hazırlayırlar, subsidiyaların effektivliyini necə hesablayırlar?”.

“AzPolitika.info”