Azərbaycanda demoqrafik mənzərə kəskin dəyişir. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) açıqladığı son operativ məlumatlar ölkədə nəinki doğum sayının sürətlə aşağı düşdüyünü, həm də illərdir davam edən gender pozuntusunun dərinləşdiyini bir daha üzə çıxarır. Məlumatlara görə, 2026-cı ilin yanvar-avqust ayları ərzində 56 980 uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin edilərək ödəniş olunub.

Son illərin yekun rəsmi statistikası göstərir ki, Azərbaycanda illik doğum sayı artıq ardıcıl olaraq aşağı düşür:

2024-cü il (bütün il) 103 180 doğum

2025-ci il (bütün il) 94 500 doğum (əvvəlki ilə nəzərən 8,4% və ya 8 680 uşaq azalma)

İllik göstəricilər ölkədə doğum sayının 100 minlik kritik həddin altına düşdüyünü nümayiş etdirir.

2026-cı ilin cəmi 8 ayının statistikası bəlli olduğundan, eyni dövrlər (yanvar-avqust) üzrə müqayisə dərinləşən enmə dinamikasını tam çılpaqlığı ilə ortaya qoyur:

2024-cü ilin yanvar-avqust ayları - 67 390 doğum

2025-ci ilin yanvar-avqust ayları - 60 110 doğum (10,8% azalma)

2026-cı ilin yanvar-avqust ayları - 56 980 doğum (5,2% azalma)

Rəqəmlər göstərir ki, yalnız ilk 8 aylıq dövrləri müqayisə etdikdə son iki ildə doğulan uşaqların sayı 10 410 nəfər (və ya 15,45%) azalıb. İllik yekunların və 8 aylıq dinamikanın üst-üstə düşməsi prosesin müvəqqəti deyil, sistemli charakter daşıdığını təsdiqləyir.

Cari ilin 8 ayında müavinət ödənilən uşaqların cins bölgüsü belə olub:

Oğlan uşaqları: 30 305 nəfər (53,19%)

Qız uşaqları: 26 675 nəfər (46,81%)

Nəticədə, anadan olan hər 100 qız uşağına 113,6 oğlan uşağı düşür. Ümumidünya Səhiyyə Təşkilatının təyin etdiyi bioloji norma 105-106 civarında olduğu halda, Azərbaycandakı 113,6 göstəricisi ölkədə selektiv abortların və doğuşdan əvvəl cins seçimi praktikasının hələ də qarşısının alınmadığını göstərir.

Qeyd edək ki, bu göstəricisi ilə Azərbaycan həm Avropada, həm də Cənubi Qafqaz regionunda ən yüksək (ən kəskin gender disbalansı olan) birinci yeri tutur. Bioloji norma hər 100 qız uşağına 105-106 oğlan hesab olunur. 113,6 nisbəti dünyada tətbiq olunan normadan xeyli yüksəkdir.

Avropa qitəsində doğulan uşaqların cins nisbətində kənarlaşmanın ən kəskin müşahidə olunduğu ölkələr tarixi olaraq Cənubi Qafqaz dövlətləri və Albaniyadır.

Azərbaycan: 1-ci yer (113,6)

Avropa İttifaqı ortalaması: 105 - 106 (norma daxilində)

Albaniya: -107 - 108

Avropanın əksər ölkələrində (Almaniya, Fransa, İtaliya, İsveç və s.) bu göstərici 105–106 civarındadır və selektiv abort problemi praktiki olaraq yoxdur. Azərbaycan Avropa məkanı üzrə gender nisbətinin ən çox pozulduğu ölkə olaraq qalır.

2000-ci illərin əvvəllərində Cənubi Qafqazın hər üç ölkəsində (Azərbaycan, Ermənistan, Gürcüstan) oxşar yüksək göstəricilər (115-118) qeydə alınırdı. Lakin son 10 ildə qonşu ölkələrdə atılan addımlar nəticəsində nisbət normaya doğru geriləyib:

Ermənistanda 108 – 109 (dövlət proqramları və ciddi nəzarət nəticəsində göstərici son illər 115-dən 108-ə qədər düşüb). Gürcüstanda isə 107 – 108-ə düşməklə təbii normaya əhəmiyyətli dəsərəcə yaxınlaşıb.

Dünya miqyasında doğuşda cins disbalansına görə Azərbaycan uzun illərdir Çin və Hindistan kimi ölkələrlə birlikdə ilk üçlükdə yer alır. Belə ki, Çin və Azərbaycan ayrı-ayrı illər üzrə 112–114 aralığı ilə 1-ci və 2-ci yerləri bölüşdürürlər.

Hindistanda isə nisbət 108 – 110 nisbətindədir. Beləliklə, BMT-nin Əhali Fondu (UNFPA) dəfələrlə öz hesabatlarında Azərbaycanı doğuşda cins seçiminə (selektiv abortlara) görə dünyada ən kritik vəziyyətdə olan ilk 2-3 ölkədən biri kimi qeyd edib.

Azərbayandakı vəziyyəti əks etdirən iki təməl göstərici - illik və operativ doğum sayının kəskin azalması və qız uşaqlarının payının aşağı olması ölkənin demoqrafik gələcəyi üçün ikiqat təhlükə siqnalıdır.

Bir tərəfdən ümumi doğumun azalması gələcəkdə işçi qüvvəsi çatışmazlığı, məktəblərdə şagird sayının azalması və pensiya sisteminə ağır yük deməkdir. Digər tərəfdən, qız uşaqlarının az doğulması növbəti nəsillərdə ana ola biləcək qadınların sayını mexaniki olaraq azaldır. Bu isə gələcəkdə doğum səviyyəsinin daha da sürətlə düşməsinə və nikah bazarında dərin disbalansa gətirib çıxaracaq.

Məsələ artıq təcili sosial-iqtisadi təşviq mexanizmlərinin işlənməsini və gender stereotipləri ilə mübarizənin dövlət səviyyəsində gücləndirilməsini tələb edir. Ailələrin uşaq sahibi olmasını dəstəkləyən sosial paketlər genişləndirilməli, cins seçimi tendensiyası isə dayandırılmalıdır.

E.Rüstəmli

“AzPolitika.info”