Menu

Çin Rusiyaya PUA istehsalı üçün strateji material göndərib – Rəsmən təsdiqləndi

07.09.2026, 16:28
Çin Rusiyaya PUA istehsalı üçün strateji material göndərib – Rəsmən təsdiqləndi

Çinin dövlətə məxsus “Jilin Chemical Fiber Group” şirkəti Rusiyaya dronların istehsalında istifadə edilən 46 ton poliakrilonitril materialı tədarük edib. Bu barədə Yükdaşıma sənədləri ilə tanış olan “Politico” və “The Telegraph” nəşrləri məlumat yayıb. Tədarük rəsmi sənədlərdə mülki yük kimi rəsmiləşdirilib.

Sənədlərə əsasən, materialın alıcısı "Rosatom"un törəmə müəssisəsi olan "Alabuqa-Volokno" şirkəti göstərilib. Həmin müəssisə Tatarıstandakı "Alabuqa" Xüsusi İqtisadi Zonasında yerləşir. Qeyd edək ki, 2023-cü ildən etibarən bu zonada İranın "Şahid" PUA-ları əsasında zərbə dronlarının kütləvi istehsalı həyata keçirilir.

2026-cı ilə aid tədarük sənədlərində poliakrilonitril mülki təyinatlı sintetik liflərin ixracı üçün nəzərdə tutulmuş gömrük kodu ilə keçirilib. Vaşinqtonun Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutunun rəhbəri Devid Olbraytın qiymətləndirməsinə görə, təhvil verilən materialdan ən azı 1300 zərbə dronu üçün karbon lifi hazırlamaq mümkündür. Karbon lifi PUA-ların qanadlarının, mühərrik, yanacaq çəni və digər daxili konstruksiyalarının möhkəmləndirilməsində istifadə olunur.

Tədarüklə bağlı sənədlər Ukrayna Təhlükəsizlik və Əməkdaşlıq Mərkəzi tərəfindən əldə edilib. "Politico"nun məlumatına görə, sənədlərin həqiqiliyini Ukrayna rəsmi şəxsləri və ABŞ Konqresinin Nümayəndələr Palatasının Çin üzrə Xüsusi Komitəsi təsdiqləyib. Materiallar, həmçinin Böyük Britaniya hökumətinə təqdim olunub. ABŞ Dövlət Departamenti və Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) məsələni şərh etməkdən imtina etsə də, Böyük Britaniya XİN sənədlərdəki məlumatları təkzib etməyib.

"Politico" qeyd edir ki, bundan əvvəl də Ukraynaya qarşı istifadə olunan Rusiya dronlarında Çin istehsalı olan komponentlər aşkarlanmışdı. Lakin əldə olunan son sənədlər ilk dəfə olaraq Çindən Rusiya hərbi-sənaye kompleksi və zərbə dronlarının istehsalı ilə birbaşa bağlı olan müəssisəyə bu tür strateji xammalın birbaşa çatdırıldığını sübut edir.

Çin rəsmi olaraq müharibə edən tərəflərdən heç birinə silah göndərmədiyini və ikili təyinatlı malların ixracına kəskin nəzarət etdiyini bəyan edir. Bununla belə, ABŞ və Aİ ölkələri dəfələrlə Çin şirkətlərini Rusiyanın hərbi-sənaye kompleksində istifadə oluna biləcək avadanlıq və komponentlərin tədarükündə ittiham ediblər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol