Dünya bazarında buğdanın qiymətinin 5 faiz artaraq 7,20 dollara yaxınlaşması Azərbaycanda da ərzaq bazarı ilə bağlı sualları aktuallaşdırır. Rusiya və Ukraynadan taxıl tədarükündə yaranan risklər Azərbaycanın buğda idxalına və daxili bazardakı qiymətlərə təsir göstərə bilər. Xüsusilə yeni məhsul yığımının getdiyi bir vaxtda dünya qiymətlərindəki artımın Azərbaycanda un və çörəyin qiymətinə necə yansıyacağı diqqət çəkir.
Bəs qlobal buğda qiymətlərinin yüksəlməsi Azərbaycanda un və çörəyin bahalaşmasına səbəb ola bilərmi?
Mövzu ilə bağlı “AzPolitika”ya açıqlama verən iqtisadçı-ekspert Günay Hüseynova bildirib ki, qlobal bazarda buğdanın qiymətində artım müşahidə olunur.
Onun sözlərinə görə, dünya bazarında buğdanın qiymətinə təsir edən əsas amillərdən biri Rusiya-Ukrayna müharibəsidir: “Çünki hər iki ölkə əsas buğda istehsalçıları sırasında yer alır və müharibə şəraiti qlobal ərzaq bazarına, o cümlədən buğdanın qiymətinə təsir göstərir. Qlobal bazarda buğdanın bahalaşması nəticə etibarilə idxaldan asılı ölkələrdə un və xüsusilə çörəyin qiymətinə təsir göstərə bilər. Azərbaycan bazarı da dünya bazarında baş verən qiymət dəyişikliklərindən kənarda qalmır”.

Ekspert vurğulayıb ki, bu, yalnız cari illə bağlı məsələ deyil. Müxtəlif illərdə də buğdanın qiymətində artımlar müşahidə olunub: “Lakin dövlətin müdaxiləsi və dəstəyi nəticəsində Azərbaycan istehlakçısı bu artımları əhəmiyyətli dərəcədə hiss etməyib. Qiymət artımının qarşısının qismən alınması üçün dövlət tərəfindən müəyyən dəstək tədbirləri həyata keçirilir. Çörəyin qiymətinin müxtəlif illərdə artdığını deyən ekspert bunun yalnız dünya bazarında buğdanın bahalaşması ilə əlaqəli olmadığını bildirib. Onun sözlərinə görə, minimum əməkhaqqının və yanacağın qiymətinin yüksəlməsi də çörəyin maya dəyərinə və son qiymətinə təsir edən amillərdəndir”.
G.Hüseynova yaxın zamanda çörəyin qiymətində artım gözləmədiyini bildirib. O qeyd edib ki, yanacağın qiymətinin və minimum əməkhaqqının artması gələcəkdə qiymətlərə birbaşa təsir göstərə bilər və bu halda cüzi bahalaşma müşahidə oluna bilər.
“Qiymət artımının qarşısını almaq məqsədilə bəzi çörək istehsalçılarının məhsulun çəkisini azaltması halları da olur. Bu kimi hallara ciddi nəzarət edilir və istehsal müəssisələri müəyyən tələblərə əməl etməlidirlər. Yaxın zamanda çörəyin qiymətinin artması gözlənilmir. Lakin əgər dünya bazarında buğdanın qiyməti pik həddə çatarsa, bu zaman unun qiymətində müəyyən cüzi artım ola bilər. Ancaq yaxın müddət üçün belə bir artım gözlənilmir”, – deyə ekspert fikirlərini yekunlaşdırıb.
Oğuz Ayvaz
“AzPolitika.info"

Şərhlər