Bosniyalı serblərin keçmiş komandiri Ratko Mladiçin Serbiyada hərbi və dini ehtiramla keçirilən dəfn mərasimi Avropa İttifaqı (Aİ) rəhbərliyi tərəfindən qınanıb və ölkənin birliyə daxil olmaq imkanlarını çətinləşdirib.
"AzPolitika" xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat dərc edib.
Nəşr Avropa Komissiyasının mətbuat katibi Kristian Viqandın (Christian Wiegand) sözlərini sitat gətirir: “İstənilən müharibə cinayətkarının qəhrəmanlaşdırılması, soyqırımın inkarı Avropanın təməl dəyərlərinə ziddir; bu, nə Aİ daxilində, nə də namizəd ölkələrdə qəbulediləndir”.
Bundan əlavə, “Politico”nun məlumatına görə, "Bosniya qəssabı" kimi tanınan Mladiçin “qəhrəmanlaşdırılması” səbəbindən Aİ-nin Genişlənmə üzrə Komissarı Marta Kos Serbiyaya planlaşdırılan səfərini ləğv edib. Dəfn mərasimi həmçinin Sloveniya, Xorvatiya, Bosniya və Herseqovina, eləcə də Kosovoda kəskin qınanıb.
Serbiya Prezidenti Aleksandar Vuçiç dəfn mərasimində iştirak etməyib və məsələ ilə bağlı heç bir ictimai bəyanat verməyib. Serbiya hökuməti də dəfnin təşkilində hər hansı iştirakını təkzib edib. Lakin “Politico” qeyd edir ki, dövlət bayrağı ilə örtülmüş tabutu Serbiya Silahlı Qüvvələrinin hərbçiləri müşayiət ediblər. Dəfn mərasimini Serb Pravoslav Kilsəsinin patriarxı Porfiri idarə edib. Nəşr həmçinin Serbiyanın müxalif Yeni Demokratik Partiyasının lideri Miloş Yovanoviçin dəfndə iştirak etdiyini və "Bosniya qəssabı" Mladiçin serblər üçün “azadlıq simvolu” olaraq qaldığını bildirdiyini yazır.
Ratko Mladiç avqustun 27-də 84 yaşında həbsxana xəstəxanasında vəfat edib. Bosniya müharibəsi zamanı o, bosniyalı serblərin əsas hərbi liderlərindən biri olub. 2017-ci ildə Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalı onu müharibə cinayətləri və soyqırımda təqsirli bilib. O, 1995-ci ilin yayında Srebrenitsada təxminən 8 min dinc müsəlmanın qətliamını təşkil etməkdə, həmçinin Sarayevonun mühasirəsi və bombardmanı nəticəsində 12 minə yaxın insanın (o cümlədən 1,6 min uşağın) ölümünə səbəb olmaqda günahlandırılırdı.
E. Səlimov
AzPolitika.info

Şərhlər