Son günlər Azərbaycanın Ermənistandan idxal həyata keçirməsi ilə bağlı məlumatlar yayılır. Hətta Ermənistan baş naziri Nikol Paşinyan bu barədə danışsa da, əməliyyatın detallarını açıqlamayıb. Qeyd edək ki, Azərbaycan 2025-ci ildən başlayaraq bu ölkəyə ixrac həyata keçirir. İxrac əsasən yanacaq məhsullarından ibarətdir. Erməni məhsullarının Azərbaycana ixracı isə cəmiyyət tərəfindən birmənalı qarşılanmır və hələ də müəyyən tərəddüdlərin olduğu müşahidə edilir. Bəs görəsən, gələcəkdə Ermənistandan ölkəmizə idxal edilən məhsulları heç bir tərəddüd olmadan rahatlıqla ala bilərikmi? Ümumiyyətlə, bununla bağlı içimizdəki qorxu baryerini necə aşmalıyıq?
Mövzu ilə bağlı "Azpolitika"ya danışan iqtisadçı Razi Abbasbəyli bildirib ki, erməni məhsullarının Azərbaycana idxalında tərəddüd edəcək heç bir məqam yoxdur:
"Azərbaycana idxal edilən bütün məhsullar müvafiq yoxlamadan keçirilir, ölkələr arasında ticarət beynəlxalq standartlara uyğun aparılır. Bura təkcə ərzaq məhsulları daxil deyil. Avtomobil ehtiyyat hissələrindən tutmuş, tibbi avadanlıqlara qədər hər bir məhsul standartlara uyğun olduğu halda ölkəyə buraxılır. Odur ki, məhsulun Ermənistandan və ya digər ölkədən idxal edilməsinin heç bir fərqi yoxdur. Buna görə də, bu ticarətdə hər hansı bir narahatlığın olacağını düşünmürəm. Əksinə çox yaxşı bir tendensiyadır və regionda sülhün möhkəmlənməsi üçün ticarət münasibətləri dərinləşməlidir. Qarşılıqlı etimadın yaranması üçün ən vacib açarlardan biri də məhz ticarət münasibətlərinin genişləndirilməsidir. Bu, sülh müqaviləsinin vacib tərkib hissələrindən biri hesab olunur. Azərbaycan və Ermənistan arasında münasibətlərin yaxşılaşması bütövlükdə region üçün uzunmüddətli və təminatlı sülhün zəmanətidir. Bu baxımdan Azərbaycan vətəndaşları rahatlıqla Ermənistandan ölkəmizə idxal edilən məhsulları ala bilərlər".
İqtisadçının sözlərinə görə, bu gün ölkəyə bizə dost olmayan, Azərbaycanın mövqeyi ilə razılaşmayan, zaman-zaman Azərbaycana qarşı müxtəlif təxribatlar həyata keçirən dövlətlərdən də məhsullar idxal edilir:
"Rəsmi Bakı bu cür ölkələrlə ticarət münasibətlərini kəsmir və bu əlaqələri davam etdirir. Bu, o demək deyil ki, ölkələr bir-birinə satdığı məhsullarla bağlı siyasi və ya geostrateji mövqe ortaya qoyacaq. Hətta bu gün dünyada siyasi cəhətdən bir-birinə düşmən olan ölkələr var ki, onlar arasında ticarət münasibətləri davam edir. Bu, birtərəfli münasibətlər deyil. Ticarət əlaqələri hər iki ölkəyə qazanc gətirir. Ona görə də, ikitərəfli iqtisadi münasibətlərində birtərəfli yanaşma doğru deyil. Hətta ola bilər ki, Azərbaycana dost ölkələrdən idxal edilən məhsulların tərkibində sağlamlıq üçün zərərli maddələr aşkarlansın. Bütün bunlar ticarət münasibətlərində baş verə biləcək hallardır və dövlətin aidiyyatı orqanları müvafiq yoxlamalarla belə məhsulları aşkarlayaraq satışa buraxmır. Ona görə də, Ermənistandan Azərbaycana idxal olunacaq məhsulların vətəndaşlarımız üçün heç bir təhlükəsi olmayacaq. Narahatçılıq üçün də heç bir əsas yoxdur. Əksinə bu münasibətlər daha da genişlənməlidir ki, regionda sülhün bərqərar olmasına gətirib çıxartsın".
Günəş Fərəh
AzPolitika.info


Şərhlər