Bu yay Rusiya rəsmiləri, dövlət şirkətlərinin rəhbərləri və milyarderlər istirahət üçün daha çox Türkiyə kurortlarına üstünlük veriblər.
“AzPolitika” xəbər verir ki, bu barədə “The Moscow Times” qəzeti uçuş izləmə məlumatlarının təhlili əsasında məlumat yayıb.
Məlumatda deyilir ki, Türkiyə Bodrumu rus elitasının “yay paytaxtına” çevrilib və oraya rusiyalı milyarderlərlə əlaqəli ondan çox biznes təyyarəsi uçub.
Rusiya Baş nazirinin birinci müavini Denis Manturova aid olan “Sukhoi Superjet 100” (RA-89053) Türkiyədə ən çox görünən təyyarə olub. Yay ərzində təyyarə ölkəyə yeddi dəfə səfər edərək Antalya, Bodrum, Dalaman, İstanbul və Ankaraya gedib. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevlə əlaqəli olan “Bombardier Challenger 850” (RA-67226) bu yay Türkiyəyə beş dəfə səfər edib. Rusiya Prezidentinin köməkçisi Nikolay Patruşevin ailəsinə aid daha bir “Bombardier Challenger 850” (RA-67677) Türkiyədə dörd dəfə görünüb. Keçmiş kənd təsərrüfatı naziri Aleksandr Tkaçovun “Bombardier Global 6500” (RA-73573) təyyarəsini isə tez-tez Dalamanda görürlər.
Bu yay Rusiyanın üç tanınan bankiri də Bodruma öz təyyarələri ilə səfər ediblər: VEB sədri İqor Şuvalov, VTB-nin baş direktoru Andrey Kostin və "Sberbank"ın baş direktoru German Qref. Tatarıstan başçısı Rüstəm Minnixanova məxsus “Dassault Falcon 8X” (RA-09606) təyyarəsi də Bodrumda olub.
Rusiyalı milyarderlər də müntəzəm olaraq Türkiyəyə uçublar. Dmitri Mazepin, “R-Pharm” şirkətinin sahibi Aleksey Repik, erməni milyarder Albert Avdolyan bunların sırasındadır. Eləcə də “Novaya Gazeta Europe”-un məlumatına görə, iyulun 6-da Arkadi Rotenberqə aid “Airbus A318-112 Elite” təyyarəsi Bodruma eniş edib, iyunun ortalarında milyarder Andrey Bokarevə məxsus “Gulfstream G450”-in təyyarəsi isə Dalamanda görünüb. Boris Rotenberqin təyyarəsi Antalyada olub.
Yayın əvvəlindən bəri Rusiyanın Qara dəniz sahilindəki bir çox böyük şəhər və kurortları, o cümlədən Soçi, Anapa, Gelencik və Novorossiysk dron hücumlarına məruz qalıb. Zatən xaricdə istirahətə üstünlük verən Rusiya elitası üçün bu hücumlar növbəti dəfə Türkiyəyə üz tutmağa əsas verib…
“AzPolitika.info”


Şərhlər