Ötən gecə Ukrayna dronları Rusiyanın ən böyük dəniz limanının yerləşdiyi Novorossiysk şəhərinə hücum edib.
“AzPolitika” xəbər verir ki, hücumla bağlı sosial mediada məlumat və görüntülər yayımlanıb.
Krasnodar vilayətinin rəhbəri Veniamin Kondratyev dron hücumunda bir uşaq da daxil olmaqla dörd nəfərin öldüyünü, daha 29 nəfərin yaralandığını açıqlayıb.
“Astra” kanalı dron hücumunun dəniz limanının bir hissəsi olan Novorossiysk Yanacaq Neft Terminalını hədəf aldığını müəyyən edib. Terminal dəmir yolu nəqliyyatından dəniz gəmilərinə yanacaq qəbulu, saxlanması və boşaldılması üzrə ixtisaslaşıb və onun ötürmə qabiliyyəti ildə təxminən 4 milyon tondur. Ukraynanın monitorinq kanalı “Dnipro Osint”-in məlumatına görə, hücum nəticəsində ən azı bir yanacaq çəni vurulub. Video görüntülərdə terminalda böyük yanğının baş verdiyi görünür.
Avqust ayından Ukrayna Silahlı Qüvvələri (UHQ) Novorossiysk dəniz limanına hücumlarını gücləndirib. Bütün Rusiya taxıl ixracının üçdə biri, eləcə də qlobal bazarlara göndərilən neft, metal və konteyner yükləri bu limandan keçir. “Reuters”-in məlumatına görə, 15 avqustda Novorossiyskə edilən hücumdan sonra terminal vasitəsilə neft tədarükü müvəqqəti olaraq dayandırılıb.
“AzPolitika.info”


Şərhlər