Azərbaycanda ümumi təhsil müəssisələrində müəllimlərin böyük əksəriyyətini qadınlar təşkil edir və bu göstərici 80 faizdən yuxarıdır. Kişilərin müəllimlik peşəsinə marağının aşağı olması isə əməkhaqqı, iş yükü, peşənin nüfuzu və sosial gözləntilərlə əlaqələndirilir. Məktəblərdə gender balansının daha sağlam formalaşması üçün müəllimlik peşəsinin kişilər üçün də cəlbediciliyinin artırılması müzakirə olunur.
Bəs kişilərin müəllimlikdən uzaq durmasının əsas səbəbi nədir – əməkhaqqı, iş şəraiti, yoxsa peşənin cəmiyyətdəki nüfuzu?
Bu barədə “AzPolitika”ya açıqlamasında təhsil eksperti Əmrah Həsənli bildirib ki, məktəblərdə kişilərin payının azalması və müəllimlərin 85 faizdən çoxunun qadınlardan ibarət olması təkcə təhsil sisteminin deyil, ümumilikdə sosial-iqtisadi həyatın ciddi problemlərindən biridir.

Onun sözlərinə görə, bu vəziyyətin yaranmasında əməkhaqqı, iş şəraiti və peşənin nüfuzu kimi bir-biri ilə əlaqəli amillər rol oynayır. Bunlar zəncirvari şəkildə bir-birini şərtləndirən amillərdəndir: “Cəmiyyətimizdə tarixi və sosial bir reallıq var: kişidən ailənin əsas iqtisadi yükünü və maliyyə məsuliyyətini daşıması gözlənilir. Gənc oğlan ixtisas seçərkən və ya ali məktəbi bitirərkən ilk növbədə quracağı ailəni, gələcək dolanışığını düşünür. Son illərdə sertifikatlaşdırma, diferensial əməkhaqqı sistemi və stimullaşdırıcı tədbirlər sayəsində müəllimlərin maaşlarında müsbət dinamika var. Bunu danmaq olmaz. Lakin etiraf etməliyik ki, sıravi müəllimin maaşı hələ də gənc kişinin iqtisadi müstəqilliyini tam təmin edəcək, onu digər biznes və ya özəl sektor sahələrindən uzaqlaşdıracaq səviyyədə cəlbedici deyil. Biz nə qədər müəllimlik müqəddəs peşədir desək də, müasir dövrdə peşənin sosial statusu və nüfuzu birbaşa onun təmin etdiyi həyat səviyyəsi ilə ölçülür. Kişi görür ki, müəllimliklə ailəsinin əsas ehtiyaclarını qarşılamaq üçün məktəbdən sonra əlavə repetitorluq etməli, kurslarda işləməli və ya başqa işlərlə məşğul olmalıdır. Bu halda peşə onun gözündə əvvəlki prestijini itirir”.
Ə.Həsənli qeyd etdi ki, iqtisadi baxımdan maaşların aşağı olduğu dövrlərdə kişilər məktəbdən uzaqlaşdı və yaranan boşluğu qadınlar doldurdu. Nəticədə cəmiyyətdə, xüsusilə də ibtidai təhsil sahəsində, müəllimliyin qadın peşəsi olması ilə bağlı yanlış və zərərli stereotip formalaşdı: “Məktəbdə gender balansının pozulması sadəcə rəqəmlərlə bağlı məsələ deyil, eyni zamanda tərbiyə və psixoloji balans məsələsidir. Oğlan uşaqlarının məktəbdə kişi rol modelinə, nizam-intizamın və xarakterin formalaşmasında kişi müəllim amilinə böyük ehtiyacı var”.
Ekspert hesab edir ki, bu balansın bərpası üçün təkcə mənəvi çağırışlarla kifayətlənmək olmaz. Gənc kişi kadrların təhsil sahəsinə cəlb olunması üçün xüsusi mənzil proqramları, güzəştli kreditlər və regional həvəsləndirmə paketləri tətbiq edilməlidir: “Xüsusilə kənd məktəblərində və kadrlara ehtiyac olan bölgələrdə çalışan müəllimlər üçün iqtisadi stimullar artırılmalıdır. Qısası, kişilərin müəllimlikdən uzaqlaşmasının kökü maliyyə məsələlərinə gedib çıxır, bunun sosial və psixoloji nəticələri isə daha genişdir. Müəllimlik peşəsi gənc kişi üçün ailəsini təmin edə biləcəyi və nüfuzlu sosial status qazandıra biləcəyi bir peşəyə çevrilmədən məktəblərdə sağlam gender balansından danışmaq çətin olacaq”.
Oğuz Ayvaz
“AzPolitika.info”


Şərhlər