Sentyabrın 10-na keçən gecə Rusiya Silahlı Qüvvələri Ukraynanın müxtəlif regionlarına genişmiqyaslı hava hücumu həyata keçirib.
“AzPolitika” xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələrinin Komandanlığının yaydığı məlumata görə, düşmən ölkə ərazisinə ümumilikdə 149 vurucu pilotsuz uçuş aparatı (PUA) buraxıb. Hava hücumundan müdafiə qüvvələrinin gördüyü tədbirlər nəticəsində PUA-ların 128-i havada zərərsizləşdirilib. İtki və dağıntılar barədə müstəqil mənbələr tərəfindən hələlik təsdiqlənmiş məlumat yoxdur.
Hücumun nəticələri regionlar üzrə aşağıdakı kimidir:
Dnepropetrovsk vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanjanın verdiyi xəbərə görə, Krivoy Roq şəhərində PUA zərbəsi nəticəsində çoxmərtəbəli yaşayış binası və fərdi evlər zədələnib. Hadisə zamanı 5 nəfər yaralanıb, onlardan 2-si xəstəxanaya yerləşdirilib. Nikopol rayonunda isə litsey binası, çoxmərtəbəli və fərdi evlər zərər görüb, 3 dinc sakin xəsarət alıb.
Xmelnitski şəhərindəki bazarlardan birinin ərazisində güclü yanğın baş verib. Ukrayna Fövqəladə Hallar Dövlət Xidmətindən (FHDX) bildirilib ki, xilasedicilər ərazidə xidməti vəzifələrini yerinə yetirərkən təkrar partlayış baş verib. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan 4 xilasedici xəstəxanaya çatdırılıb.
Paytaxt Kiyevin Qoloseyevski rayonunda qeyri-yaşayış binasına dəyən zərbə nəticəsində yanğın qeydə alınıb. Alov FHDX əməkdaşları tərəfindən qısa müddətdə söndürülüb, xəsarət alan olmayıb.
Milli Polisin Mətbuat Xidmətinin məlumatına görə, son sutka ərzində Rusiya ordusunun endirdiyi zərbələr nəticəsində Sumı vilayətində 5 nəfər həlak olub, ən azı 20 nəfər yaralanıb. Həlak olanlardan 2-si və yaralıların böyük əksəriyyəti sentyabrın 9-u axşam saatlarında Sumı şəhərində PUA zərbəsinə məruz qalan ticarət mərkəzində olub. Şəhərdə matəm elan edilib.
Rusiya Müdafiə Nazirliyi isə öz növbəsində bəyan edib ki, hücumlar zamanı Nikolayevdə PUA anbarı, Çernomorsk limanında gömrük terminalının paylayıcı mərkəzinin infrastrukturu, həmçinin iki quru yük gəmisi və bir buksir zədələnib.
"AzPolitika.info"


Şərhlər