Menu

Ukrayna Saratovu, Rusiya Qostomeli vurdu - VİDEOLAR

11.09.2026, 10:23
Ukrayna Saratovu, Rusiya Qostomeli vurdu - VİDEOLAR

Ötən gecə də Rusiya və Ukraynanın mülki infrastruktura qarşılıqlı hava zərbələri davam edib.

“AzPolitika” xəbər verir ki, Rusiyanın Saratov vilayəti Ukrayna PUA-larının hücumuna məruz qalıb. Bu barədə yayılan xəbərləri vilayətin qubernatoru Roman Busargin də təsdiqləyib.

O bildirib ki, Saratov şəhərinə dron hücumu "mülki infrastruktura ziyan vurub". Lakin vilayət rəhbəri hansı obyektlərə ziyan dəydiyini dəqiqləşdirməyib.

Sonradan məlum olub ki, hücuma məruz qalan obyektlərdən biri “Ozon” logistika mərkəzinin anbarı olub. Şirkət bildirib ki, dronlar Saratovdakı logistika mərkəzinə hücum edib: "Biz işçiləri tez bir zamanda təxliyə etdik; ilkin məlumata görə, xəsarət alan yoxdur. Yanğın baş verib və təcili yardım xidmətləri hadisə yerində işləyir". Şirkət Saratovda fəaliyyətini dayandırıb.

Digər məlumata görə, vurulan obyektlərdən biri də Saratov Neft Emalı Zavodu olub. “Astra” kanalı zavodda yanğın baş verdiyi barədə məlumat yayıb. Qeyd edək ki, bundan öncə də Ukrayna PUA-ları bu zavodu dəfələrlə vurub.

Həmçinin, Saratov vilayətinin Engels şəhərində partlayışlar baş verdiyi barədə məlumatlar var.

Ötən gecə Rusiya da Ukraynadakı mülki infrastrukturu hədəf alıb. Xüsusilə də Kiyev yaxınlığındakı Qostomeldə böyük yanğın baş verib. Kiyev Regional Hərbi Administrasiyasının başçısı Tumur Tkaçenko bildirib ki, “düşmən hücumu nəticəsində mülki anbar alovlanıb".

Regional administrasiyanın açıqlamasında digər hücumlarda bir nəfərin öldüyü, iki nəfərin yaralandığı bildirilir. Ötən gün regionun müxtəlif yerlərindəki on yeddi obyektə, o cümlədən fərdi evlərə, nəqliyyat vasitələrinə, anbarlara və sənaye obyektlərinə, anqarlara və baytarlıq klinikasına hava hücumları edilib.

Dünən Pavloqraddakı ticarət mərkəzinin atəşə tutulması nəticəsində isə ölənlərin sayı beşə çatıb. Dnepropetrovsk Regional Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja bildirib ki, Pavloqraddakı "Qulliver" ticarət mərkəzinin atəşə tutulması nəticəsində beş nəfər ölüb, 67 nəfər yaralanıb. Onların arasında 11-17 yaş arası beş yeniyetmə və dörd yaşlı bir qız da var.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol