Donald Trampın xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerin öncə Moskvaya, ardınca isə Kiyevə reallaşan son səfərinin hələlik heç bir müsbət nəticəsi hiss olunmur. Onlar gedər-getməz Ukrayna və Rusiya bir-birini şiddətli hava hücumlarına məruz qoymaqda davam edib, mülki əhali arasında itkilkər artır, cəbhədə ağır döyüşlər səngimir, tərəflərin bir-birinə qarşılıqlı ittihamları və nifrət ritorikası da olduğu kimi qalır…
Trampın adamlarının sözügedən səfərindən məyusluq hissi Qərb mediasında da özünü əks etdirir. Məsələn, “CNN” yazır ki, Tramp administrasiyasının Ukraynadakı müharibəyə son qoymaq üçün diplomatik səylərini yeniləmək cəhdləri artıq sülh perspektivlərini şübhə altına alan hadisələrlə üzləşir.
Doğrudur, Donald Tramp jurnalistlərə bildirib ki, Rusiya Prezidenti Vladimir Putin razılaşma əldə etmək istəyir və bir növ Volodimir Zelenskidən də müəyyən gözləntiləri var: "Əgər Ukrayna Prezidenti Volodimir Zelenski razılaşma əldə etmək istəyirsə, bu, çox yaxşı bir şey olardı".
Lakin son günlərdə, xüsusilə də Uitkoff və Kuşnerin səfəri kontekstində baş verən hadisələr Trampın dediyindən daha fərqli mənzərəni ortaya çıxarır. Məsələn, Rusiya PUA-sı srağagün Moldovanın hava məkanını pozub. Nəticədə Volodimir Zelenskini Norveçə aparmalı olan təyyarənin uçuşu təxirə salınıb. Hadisə Ukrayna Prezidenti üçün birbaşa təhlükə yaratmasa da, hər halda təsadüfən baş verməyib. Moldovanın ABŞ-dəki səfiri Vladislav Kulminski də bildirib ki, Rusiya kəşfiyyat PUA-sının məhz Zelenskinin səfəri zamanı Moldova ərazisinə müdaxiləsi "təsadüf deyil".
“CNN” qeyd edir ki, bütün bunlara baxmayaraq, Tramp administrasiyasının müharibəni bitirmək üçün ciddi diplomatik səyləri vacib bir addım ola bilər. Lakin Ukrayna ilə Rusiya arasında müharibənin bitməsinə mane olan əsas fikir ayrılıqları olduğu kimi qalmaqdadır. Eyni zamanda, mütəxəssislərin də bildirdiyi kimi, Trampın adamlarının bəzi açıqlamaları onların müharibənin mahiyyətini və Rusiyanın motivlərini başa düşmələrinə şübhə yaradır. Ən azından ona görə ki, Rusiyanın tələbləri Ukrayna üçün qəbuledilməz olaraq qalır, lakin Uitkoff və Kuşner sanki bunu qəbullanmaq istəmirlər.
“CNN” qeyd edir ki, Rusiyanın bu savaşda qələbəsinə yol verilərsə, bu, faktiki olaraq Ukraynaya qarşı müharibə aparmaq qərarına haqq qazandırılması demək olacaq.
Rusiya münaqişənin "ilkin səbəblərini" aradan qaldırmaq israrında davam edir. Bu formul Rusiyanın Ukraynanın suverenliyinin aradan qalxması və silahsızlaşdırılması tələblərinə dayanır. Moskva həmçinin Ukraynanın şərqindəki və Rusiya qoşunlarının hələ ələ keçirə bilmədiyi əraziləri tələb edir. Lakin Volodimir Zelenski bu şərtləri qəbul etmir və edə bilməz…

Donald Tramp isə danışıqların uğursuzluğunu və sülhün gecikməsini Putin və Zelenski arasındakı şəxsi münasibətlərlə əlaqələndirir: "Problem ondadır ki, bu iki adam bir-birinə nifrət edir. Mən bu razılaşmalar və döyüşməkdən bezmiş bu iki adam barədə məlumatlıyam".
Nəşr qeyd edir ki, Trampın nikbinliyinə baxmayaraq, bu mövzuda ABŞ-nin yeni, effektiv diplomatiyası perspektivləri qeyri-müəyyən olaraq qalır. Eyni zamanda bildirilir ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliffin Rusiyaya son səfəri ilə bağlı şəffaflığın olmaması şübhələr doğurur. Müxtəlif mənbələrə görə, Amerika kəşfiyyat rəisi Moskvanı Ukraynadakı müharibənin Rusiya üçün əlverişsiz olduğu barədə xəbərdar etmiş və həmçinin onu NATO ərazisinə müdaxilə etməməyə çağırmış ola bilər. Lakin bu səfər çərçivəsində Moskva ilə Vaşinqton arasındakı mümkün razılaşmanın dəqiq şərtləri hələ də qeyri-müəyyəndir.
Rusiya tərəfinin iki ölkə arasında gələcək iqtisadi perspektivlər barədə açıqlamaları isə Avropada narahatlıqlara səbəb olub. Bu, Donald Trampın Ukraynada ədalətli sülhdən daha çox Rusiyanın mineral və təbii sərvətləri ilə bağlı potensial razılaşmalarla maraqlana biləcəyinə dair mülahizələrə səbəb olub.
Bütün bunların fonunda ABŞ Dövlət katibi Marko Rubio jurnalistlərə bildirib ki, növbəti bir neçə həftə ərzində "hər iki tərəf üçün məqbul olan bir nəticəyə gəlmək" şansı var. Belə açıqalmalar bir qədər ümid yaradır. Lakin eyni zamanda da o, hələ böyük həcmli işlərin görülməli olduğunu etiraf edib.
Mətndə qeyd olunur ki, Ukrayna nəinki müqavimət göstərməyə davam edir, həm də Rusiyadakı hədəflərə zərbə endirmək üçün artan qabiliyyət nümayiş etdirir. Bu arada, Rusiya da son zamanlar döyüş meydanında müəyyən irəliləyişlər edib, baxmayaraq ki, itkiləri olduqca yüksək olaraq qalır.

Məqalədə qeyd edilir ki, Trampın diplomatiyası müəyyən bir qanunauyğunluğa malikdir: Moskva ilə məsləhətləşdikdən sonra Vaşinqton əsasən Rusiyanın məqsədlərini əks etdirən bir təklif irəli sürür. Zelenski müqavimət göstərdikdə, ABŞ administrasiyası məyusluq ifadə edir və planın sonradan dəyişdirilmiş versiyalarını hazırlayır. Lakin bu versiyalar da Kreml üçün qəbuledilməz olur. Nəhayət, yazıda belə bir qənatə gəlinir ki, bu təcrübə dəyişməyənə qədər ABŞ-nin yeni bir təşəbbüsü ilə bağlı çox ümidlənməyə dəymir.
Əlavə edək ki, Trampın elçilərinin son səfərlərinə pessimist yanaşan təkcə “CNN” deyil. Daha əvvəl “Bloomberg” ABŞ nümayəndələrinin səfərinin heç bir müsbət nəticə vermədiyi barədə iddia ilə çıxış etmiş və buna görə Ukraynadakı müharibənin 2027-ci ildə də davam edəcəyini bildirmişdi.
C.Məmmədli
“AzPolitika.info”


Şərhlər