"Bütün türklər çantalarını yığmalı və ölkəni tərk etməlidir".
Bunu Uqanda Baş Qərargah rəisi Muhuzi Kayneruqaba deyib.
O bildirib ki, artıq Uqandadakı türklərlə bütün əlaqələri kəsib.
Qeyd edək ki, Kayneruqaba İsrailə “xüsusi sevgisi” ilə seçilən şəxsdir. Onun bu açıqlaması birmənalı qarşılanmayıb və müzakirələrə yol açıb.
Bəs bu açıqlamanın arxasında nələr dayanır və Türkiyə səslənən fikirlərə qarşı hansı addımı ata bilər?
Mövzunu "Azpolitika" ya şərh edən politoloq Əli Mustafa bildirib ki, Uqanda Baş Qərargah rəisinin türklər əleyhinə belə bir açıqlama verməsi təbii ki, xoş qarşılanmır:
"Son vaxtlar Afrikada güc balansı dəyişir. Xüsusilə, Fransa və digər Avropa ölkələrinin nəzarətində olan Afrika ölkələri artıq müstəqillik əldə edirlər. Ümumiyyətlə, imperializmə və müstəmləkəçiliyə qarşı bir mübarizə başlayıb. Eyni zamanda Afrikanın bəzi ölkələrində Çinin mövqeləri güclənib, həmçinin Rusiyanın mövcudluğu artıb. Türkiyənin mövqelərinin də bir sıra Afrika ölkələrində gücləndiyinin şahidi oluruq. Uqandanın belə bir mövqe sərgiləməsi əslində dünyada gedən proseslərin tərkib hissəsidir. Yəni Afrikada artıq qlobal güclərin oyununun getdiyi sübuta yetirilir. Çünki bəzən bu cür açıqlamalar onların öz mövqelərini deyil, arxalarında dayanan qlobal güclərin fikirlərini əks etdirir. Hər halda Türkiyənin Uqandada çox ciddi maraqlarının olduğunu düşünmürəm. Bu səbəbdən hansısa təhlükə mövcuddursa, türklərin Uqandanı tərk etməsi Türkiyə üçün ciddi sıxıntı yaratmayacaq. Çünki Afrikada Türkiyənin tərəfində olan və Ankaranın dəstəklədiyi kifayət qədər dövlət var. Amma bütün hallarda Uqandanın rəsmi şəxslərinin bu cür qeyri-diplomatik mövqe sərgiləməsi təqdirəlayiq hal deyil. Amma Baş Qərargah rəisinin bu açıqlaması bütün Uqanda xalqının türkləri sevmədiyi anlamına da gəlməməlidir. Bu, konkret olaraq həmin şəxsin siyasi baxışı ilə bağlıdır və fikirlər ciddiyə alınmamalıdır"
Günəş Fərəh
Azpolitika.info


Şərhlər