Bakıda Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın həmsədrliyi ilə Azərbaycan-Türkiyə V Enerji Forumu keçirilib. Tədbirdə iştirak edən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov iki qardaş ölkə arasında enerji sahəsində əldə olunan tarixi nailiyyətlər və gələcək hədəflər barədə fikirlərini bölüşüb.
Komitə sədri bildirib ki, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın qətiyyətli liderliyi sayəsində ölkələrimiz arasında strateji müttəfiqlik səviyyəsinə yüksələn münasibətlər enerji sektorunda keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.
Yeni dövrdə icra olunan və ya nəzərdə tutulan mühüm layihələr əməkdaşlığın miqyasını açıq şəkildə nümayiş etdirir:
İğdır-Naxçıvan qaz kəmərinin istifadəyə verilməsi;
“Türkiye Petrolleri” şirkətinin “Şəfəq-Asiman” layihəsinə qoşulması;
“Abşeron” yatağından hasil olunacaq qazın bir hissəsinin Türkiyəyə ixracı;
Azərbaycan qazının Türkiyə üzərindən yeni Avropa bazarlarına və Suriyaya nəqli;
SOCAR-ın Türkiyədə 870 MVt gücündə elektrik stansiyasını alması kimi iri miqyaslı investisiyalar.
Strateji rəqəmlər: 561 milyon ton neft və 196 milyard kubmetr qaz
Tərəfdaşlığın real gücünü rəqəmlər də təsdiqləyir. İndiyədək mövcud neft-qaz infrastrukturu vasitəsilə Azərbaycandan Türkiyəyə və onun üzərindən beynəlxalq bazarlara 561 milyon ton neft və 196 milyard kubmetr qaz tədarük edilib. Türkiyəyə çatdırılan ümumi qazın həcmi 130 milyard kubmetrə (bunun 40 milyard kubmetri TANAP-ın payına düşür) çatıb.
Təkcə cari ilin ilk 8 ayı ərzində Türkiyəyə 6,2 milyard kubmetr, Türkiyə üzərindən Avropaya 7,5 milyard kubmetr, Suriyaya isə 1 milyard kubmetr Azərbaycan qazı nəql olunub.

Şərq-Qərb enerji körpüsündən yaşıl enerji dəhlizlərinə
Forumda xüsusi diqqət çəkən əsas istiqamətlərdən biri də enerji əməkdaşlığının növbəti fazası – elektrik enerjisi və yaşıl enerji dəhlizləri məsələsi olub. Qeyd edilib ki, müasir dövrdə rəqəmsallaşma, süni intellekt və data mərkəzlərinin surətli inkişafı enerji şəbəkələrinin qarşısında yeni tələblər qoyur. Zamanın tələbi odur ki, neft-qaz xətləri ilə yaradılmış mövcud Şərq-Qərb enerji körpüsü elektrik enerjisi və yaşıl enerji dəhlizləri ilə tamamlansın. Xəzərin və Mərkəzi Asiyanın yaşıl enerjisinin Azərbaycan və Türkiyə vasitəsilə Avropaya çatdırılması Avrasiyanın enerji xəritəsini yenidən formalaşdıracaq.
Eyni zamanda, Türkiyə şirkətlərinin Azərbaycanın yaşıl enerji sektorunda fəal iştirakı, enerji keçidinin rəqəmsallaşma ilə inteqrasiyası və Azərbaycanın COP31-ə ev sahibliyi edəcək qardaş Türkiyəyə tam dəstək verməyə hazır olması tədbirin əsas ruhunu tamamlayan amillərdən olub.
Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın da vurğuladığı kimi, bu münasibətlər sadəcə ticari tərəfdaşlıq deyil, “Bir millət, iki dövlət” prinsipinə əsaslanan sarsılmaz qardaşlıq və strateji platformadır. Naxçıvanı, həmçinin Türkiyə, Azərbaycan, Gürcüstan və Bolqarıstanı birləşdirən layihələr regional sabitliyin və iqtisadi inkişafın təməlini təşkil edir.
Sonda Azərbaycan-Türkiyə V Enerji Forumunun yekunu olaraq müvafiq Protokol imzalanıb. Bu mötəbər tədbir Azərbaycan və Türkiyənin birgə addımlarla qlobal enerji təhlükəsizliyinin gələcəyini formalaşdırdığını bir daha nümayiş etdirdi.
"AzPolitika.info"


Şərhlər