Menu

“Sonra deməyin ki, xəbərimiz olmayıb” - Vəkildən “Metallurq” stadionu ilə bağlı çağırış

13.09.2026, 19:39
“Sonra deməyin ki, xəbərimiz olmayıb” - Vəkildən “Metallurq” stadionu ilə bağlı çağırış

Gəncənin vaxtilə ən böyük idman məkanlarından biri hesab olunan “Metallurq” stadionunun hazırkı vəziyyəti yenidən gündəmə gəlib.

"AzPolitika" xəbər verir ki, tanınmış vəkil Ceyhun Yusifov sosial şəbəkədəki paylaşımında stadionun acınacaqlı vəziyyətinə diqqət çəkib. O, bu məkanın yalnız idman obyekti deyil, həm də Gəncə sakinləri üçün xüsusi tarixi və mənəvi əhəmiyyət daşıdığını bildirib.

Ceyhun Yusifov stadionla bağlı şəxsi xatirələrini də bölüşüb: “Bütün uşaqlığım həmin stadionda keçib. Bu idman mərkəzinin Gəncə üçün nə qədər böyük əhəmiyyət daşıdığını şəhər sakinlərinin böyük bir hissəsi çox yaxşı bilir”.

Onun sözlərinə görə, uzun illər ərzində stadion Gəncədə uşaqların və gənclərin idmanla məşğul olduğu əsas məkanlardan biri olub. Burada minlərlə uşaq futbol oynayıb, müxtəlif idman növləri ilə məşğul olub.

Lakin vəkilin fikrincə, illər ərzində stadionun əvvəlki funksiyasını itirməsi və ərazinin baxımsız vəziyyətə düşməsi ciddi narahatlıq doğurur.

Yusifov stadionun yerləşdiyi geniş ərazinin gələcək taleyi ilə bağlı da ciddi suallar səsləndirib. O bildirib ki, vaxtilə böyük idman kompleksi kimi fəaliyyət göstərən ərazinin tədricən öz funksiyasından uzaqlaşdırılması baş verib: “Hektarlarla ərazisi olan bu böyük idman mərkəzinin əvvəlcə fəaliyyətsiz vəziyyətə gətirilməsi, daha sonra isə ərazisinin başqa məqsədlərlə istifadəsi üçün şərait yaradılıb”.

Vəkil stadionun ərazisində vaxtilə mövcud olmuş yaşıllıq sahələrinə də diqqət çəkib. Onun sözlərinə görə, burada uzun illər ərzində formalaşmış geniş meşəlik ərazi olub: “Bu mərkəzdə təxminən bir əsrə yaxın yaşı olan yaşıllıq zolağı mövcud idi. Burada qalın meşə massivi var idi. Bu gün isə həmin yaşıllıqdan, demək olar ki, əllə sayılacaq qədər az sayda ağac salamat qalıb”.

Ceyhun Yusifov Gəncədə uşaqların və yeniyetmələrin idmana cəlb olunması baxımından stadionun əhəmiyyətinin xüsusi olduğunu vurğulayıb. O hesab edir ki, vaxtilə şəhərin idman həyatında mühüm rol oynamış bu ərazi yenidən Gəncə sakinlərinin istifadəsinə verilə bilər.

Vəkil məsələ ilə aidiyyatı qurumlara müraciət edib. O, stadion ərazisinin tikinti sahəsinə çevrilməsinə yol verilməməsinə çağırıb: “Göz görə-görə həmin stadionun və onun ərazisinin tikinti sahəsinə, xüsusilə də göydələnlərin inşası üçün istifadə olunan əraziyə çevrilməsinə imkan verməyin”.

Yusifov stadionun özəlləşdirilməsi məsələsinin də yenidən nəzərdən keçirilə biləcəyini bildirib. Onun fikrincə, əsas məqsəd Gəncənin tarixi idman məkanlarından birinin şəhər sakinlərinə qaytarılması olmalıdır.

Vəkil stadionun əhəmiyyətini təkcə onun tutduğu ərazi ilə ölçməyin düzgün olmadığını qeyd edib.

“Bu ərazi sadəcə hektarlarla torpaq sahəsi deyil. Bura Gəncənin tarixidir, uşaqlığımızdır, xatirələrimizdir, Azərbaycan futbolunun bir parçasıdır”, – deyə Ceyhun Yusifov vurğulayıb.

O, paylaşımının sonunda aidiyyəti qurumlara və məsul şəxslərə çağırış edərək məsələnin təxirə salınmamasını istəyib: “Bu stadionun taleyinə bu gün sahib çıxılmasa, sabah çox gec ola bilər. Sonra deməyin ki, xəbərimiz olmayıb”.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol