Menu

POLŞA DA MÜHARİBƏYƏ CƏLB OLUNUR? - Baş nazirdən həyəcanlı açıqlamalar

14.09.2026, 10:15
POLŞA DA MÜHARİBƏYƏ CƏLB OLUNUR? - Baş nazirdən həyəcanlı açıqlamalar

“Eskalasiya bizim ərazimizi əhatə edə bilər”

Rusiya aktivliyini artırır və Polşa təhlükəsizlik vəziyyətinin pisləşməsinə hazır olmalıdır, çünki eskalasiya Polşa ərazisinə toxuna bilər.

“AzPolitika” xəbər verir ki, belə bir bəyanatla Polşa Baş naziri Donald Tusk çıxış edib. Polşa mediasının məlumatına görə, Tusk bunu Polşa sərhədi yaxınlığındakı Ukraynanın "Yaqodin" nəzarət məntəqəsinə Rusiyanın hücumlarından sonra hökumət, ordu və kəşfiyyat orqanlarının nümayəndələri ilə təcili görüşdə bildirib.

Qeyd edək ki, dünən gecə Rusiya Ukraynanın qərbinə kütləvi hava hücumu həyata keçirib. Ukrayna-Polşa sərhədindəki “Yaqodin” sərhəd keçid məntəqəsində partlayışlar və ərazidəki yanacaqdoldurma məntəqəsində yanğın baş verib.

Polşa sərhədi yaxınlığında sərnişin qatarına da hücum edildiyi bildirilir, bununla bağlı videogörüntülər də yayımlanıb. Qatarlardakı sərnişinlər təxliyə olunub. Sonradan məlum olub ki, təxliyə edilən qatarda İngiltərənin sabiq baş naziri Boris Conson və Almaniya kanslerinin müşaviri də olub.

Tusk Polşa üçün ciddi təhlükə yarandığını və ölkənin buna uyğun davranacağını bəyan edib.

"Bu gündən etibarən daha gücləndirilmiş rejimdə işləyəcəyik. Növbəti həftələr və ayların Rusiyanın çox intensiv fəaliyyət dövrü olacağını gözləyə bilərik. Eskalasiyanın bizim ərazimizi də bürüyəcəyini istisna edə bilmərik", - Tusk bildirib.

O, həmçinin Rusiyanın yeni reaktiv mühərrikli dronlardan istifadəsinə diqqət çəkib: "Hücumlar göstərdi ki, ruslar əvvəlkindən daha təhlükəli avadanlıqlardan istifadə etməyə hazırdırlar. Mən reaktiv mühərrikli dronlardan danışıram. Onların məsafəsi və dəqiqliyi həyəcan yaradır”.

O qeyd edib ki, hətta dronlara qarşı yaxşı hazırlıqlı olan Ukrayna belə onların hamısını vurmaq iqtidarında deyil.

"Rusiyanın belə imkanları var", - deyə Tusk bildirib və əlavə edib ki, o, xidmətlərə məlumatları, xüsusən də gecə hava hücumları xəbərdarlıqları zamanı alınan məlumatları dərhal yoxlamağı tapşırıb. 

Onun sözlərinə görə, Polşa hakimiyyəti təcili reaksiya tələb edən vəziyyətlərdə səhvlərdən qaçınmaq üçün alınan məlumatları müstəqil şəkildə təsdiqləməlidir: "Biz bu cür vəziyyətlərin burada da yarana biləcəyini istisna etmirik."

Rusiyanın Polşa sərhədi yaxınlığındakı zərbələrindən sonra Prezident Karol Navrotski də vəziyyətlə bağlı təcili hesabatlar almaq qərarına gəlib.

Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığının sözçüsü Yaçek Qorişevski isə dünənki Rusiya hücumu zamanı təhlükənin "real və yaxın" olduğunu bildirib. O, Rusiya dronlarının Polşa sərhədindən cəmi bir neçə kilometr aralıda yerləşən hədəflərə zərbələr endirdiyini vurğulayıb. Buna görə də Varşava mümkün sonrakı hücumlara və Polşa ərazisi yaxınlığında artan Rusiya təhlükəsinə hazırlığını qiymətləndirəcək.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin son açıqlamasında Rusiyanın Avropa ilə müharibə aparmaq fikrində olmadığını bəyan etmişdi…

“AzPolitika.info” 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol