Yeni tədris ili öncəsi Bakının mərkəzi hissəsində təmir işləri yekunlaşdırılıb – ümumilikdə 65 küçə və prospekt yenilənib.
"AzPolitika" xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.
Məlumata əsasən, vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişinin təmin olunması məqsədilə AAYDA Bakı şəhəri və şəhərətrafı ərazilərdə yerləşən küçə və yollarda genişmiqyaslı təmir-bərpa tədbirləri həyata keçirir.
Təmir proqramının icrasına tədris ili başa çatdıqdan sonra, iyunun 15-dən etibarən start verilib. Yay tətili dövründən maksimum səmərəli istifadə olunması məqsədilə Agentlik gücləndirilmiş iş rejimində fəaliyyət göstərib, təmir işləri gecə-gündüz, istirahət və bayram günləri də daxil olmaqla fasiləsiz şəkildə davam etdirilib.
Proqrama əsasən ümumilikdə 110 küçə və prospektdə təmir işlərinin aparılması nəzərdə tutulub. Əsas məqsəd yeni tədris ili başlamazdan əvvəl nəqliyyat hərəkətinin daha intensiv olduğu mərkəzi küçə və prospektlərdə işlərin yekunlaşdırılması olub.
Görülmüş tədbirlər nəticəsində Yasamal, Nərimanov, Səbail, Nəsimi və Xətai rayonlarında proqram üzrə nəzərdə tutulan əsas təmir işləri tam başa çatdırılıb. Nizami rayonunda isə işlərin böyük hissəsi yekunlaşdırılıb. Beləliklə, paytaxtın mərkəzi hissəsində və nəqliyyat intensivliyinin yüksək olduğu əsas küçə və prospektlərdə təmir işləri yeni tədris ilinin başlanmasına qədər tamamlanıb.
Hazırda proqram çərçivəsində nəzərdə tutulan 110 küçə və prospektdən 65-də təmir işləri tam yekunlaşdırılıb.
Növbəti mərhələdə işlər nəqliyyat intensivliyinin nisbətən aşağı olduğu şəhərətrafı ərazilərdə davam etdirilir. Sabunçu, Xəzər, Pirallahı, Suraxanı, Binəqədi və Qaradağ rayonlarının ərazilərində yerləşən küçə və yollarda təmir işləri mərhələli şəkildə həyata keçirilir.
İşlərin təşkili zamanı nəqliyyat vasitələrinin hərəkətinə mümkün qədər az təsir göstərilməsinə xüsusi diqqət yetirilir. Texnoloji prosesin imkan verdiyi hallarda təmir işləri hərəkət tam dayandırılmadan və ya qismən məhdudlaşdırılmaqla icra olunur. Tam məhdudiyyətin zəruri olduğu mərhələlərdə isə nəqliyyat vasitələrinin alternativ yollara yönləndirilməsi təmin edilir.
Şəhərətrafı ərazilərdə aparılan işlərin də yaxın müddətdə mərhələli şəkildə yekunlaşdırılması nəzərdə tutulur.
Nəticədə proqramın icrası ilə qısa müddət ərzində Bakı şəhəri və şəhərətrafı ərazilərdə 110 küçə və prospekt üzrə rahat və təhlükəsiz hərəkət şəraitinin təmin olunması nəzərdə tutulur. Miqyasına görə paytaxt üzrə son illərin ən geniş təmir proqramlarından biri olan bu layihənin əsas hissəsi yay ayları ərzində icra edilib və hazırda proqram yekun mərhələsinə daxil olub.


Şərhlər