Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Türkiyə ilə sərhədin açılmasına hazır olduğunu bəyan edib. O bildirib ki, Türkiyə ilə sərhəd keçid məntəqələrində zəruri infrastruktur işləri artıq tamamlanıb və sərhədin açılması hətta indi də mümkündür.
Maraqlıdır, Azərbaycanla yekun sülh imzalanmadan Ermənistan-Türkiyə sərhədi açıla bilərmi?
Mövzu ilə bağlı "Azpolitika"ya açıqlama verən millət vəkili Elman Nəsirov bildirib ki, 2025-ci il 8 avqust tarixli Vaşinqton razılaşmasından sonra Ermənistan və Azərbaycan arasında sülh prosesinin öz məntiqi sonluğuna çatması üçün ciddi addımlar atılır:
"Bu, hər iki dövlət və xalq arasında etimad mühitinin formalaşmasında özünü göstərir. Heç kəsə sirr deyil ki, iki dövlətin vətəndaş cəmiyyətləri institutları arasında bir neçə dəfə qarşılıqlı təmaslar olur. O da bəllidir ki, Azərbaycan ərazisindən Ermənistana keçən yüklərə heç bir məhdusiyyət yaradılmayıb. Xüsusilə də Rusiya və Qazaxıstandan gələn yüklər Azərbaycandan keçməklə Ermənistana rahat şəkildə çatdırılır. Eyni zamanda Azərbaycan və Ermənistan arasında ticarət dövriyyəsi də yaranıb. Azərbaycanın neft və neft məhsullarının Ermənistana ixracı həyata keçirilir. Artıq Ermənistandan Azərbaycana göndəriləcək məhsulların siyahısı da təsdiqlənib. Bu proses də yaxın zamanlarda baş verə bilər. Bütün bunlar onu göstərir ki, hər iki dövlət sülh prosesində və müqavilənin imzalanmasında maraqlıdır. Ermənistan Baş naziri Nikol Paşinyan bəyan edib ki, bu ilin sonunda ölkənin yeni Konstitusiyası mətbuatda dərc olunacaq. Yeni Konstitusiyada Ermənistanın müstəqillik bəyannaməsi əksini tapmayacaq. Bu, həmin bəyannamədir ki, orada Azərbaycana qarşı ərazi iddiaları var. Konstitusiya yeniləndikdən sonra iki dövlət arasında yekun sülhün imzalanması mümkün olacaq".
Elman Nəsirovun sözlərinə görə, bütün bu prosesləri qardaş Türkiyə də diqqətlə izləyir:
"Azərbaycan və Türkiyə arasında münasibətlər strateji və hərbi müttəfiqlik səviyyəsindədir. Atılan bütün addımlar müzakirə olunur və kordinasiyalı şəkildə razılaşdırılır. Bütün bu reallıqlar fonunda Ermənistan Prezidenti Vaaqn Xaçatryanın sərhədlərin açılmasına hazır olduqlarını dilə gətirməsi o deməkdir ki, sözügedən məsələdə iki qardaş dövlətin, Türkiyə və Azərbaycanın kordinasiya olunan mövqeyi var. Yəni sülh müqaviləsi imzalanmadan Ermənistan və Türkiyə sərhədi açılacaqsa, burada Bakı və Ankara arasında etimad mühitinin formalaşdığını görmək mümkündür və başqa məna axtarmağa ehtiyac yoxdur. Türkiyə və Azərbaycan qardaşlığı əbədidir və bütün proseslər əlaqələndirilmiş şəkildə baş verir".
Günəş Fərəh
Azpolitika.info


Şərhlər