Menu

Suriyada yeni təhlükə: Etirazların arxasında kim dayanır?

15.09.2026, 16:23
Suriyada yeni təhlükə: Etirazların arxasında kim dayanır?

Suriyada yanacağın qiymətinin kəskin artmasından sonra Bəşər Əsədin hakimiyyətdən devrilməsindən bəri ən genişmiqyaslı etiraz aksiyaları başlayıb. Etirazçılar təkərləri yandırıb, əsas yolları, o cümlədən Dəməşqlə sənaye mərkəzi Hələb şəhərini birləşdirən magistralı bağlayıblar. 

Bəs bu etirazlar hökumətin devrilməsi ilə nəticələnə bilərmi? Ümumiyyətlə, etirazlar həqiqətən daxili sosial problemlərdən qaynaqlanır, yoxsa xarici qüvvələrin də əli ola bilər?

Mövzu ilə bağlı "Azpolitika"ya açıqlama verən politoloq Zeynal Əmrəliyev bildirib ki, Suriya hökumətinə qarşı güclü müxalifət var:

"Onlar əsasən keçmiş prezident Bəşər Əsədin tərəfdarları və indiki hakimiyyətdən narazı olan qüvvələrdir. Əhməd əş-Şaraa ölkəni inkişaf etdirmək üçün ciddi addımlar atır, Qərb şirkətlərini ölkəyə dəvət edir və Avropa ilə danışıqlar aparır. Bu da çox mühüm məsələdir və iri layihələr icra olunur. Ancaq bütün bunlara rəğmən siyasi hakimiyyətin ələ keçirilməsi uğrunda mübarizələr davam edəcək. Suriya toplumu siyasi cəhətdən çox fəaldır. Uzun müddət, təxminən 40 ilə yaxın davam edən Əsəd rejimi dövründə siyasi aktivlik nisbətən zəiflədilsə də, sonda suriyalılar istəklərinə nail oldular. Nəticədə Şaara hökuməti hakimiyyətə gəldi, beləcə xalqın siyasi fəallığı da gücləndi. İndi isə Əsəd dövründə hakimiyyətdə olan yüksək imtiyazlı qruplar və şəxslər hakimiyyətdən faydalanmaq üçün böyük addımlar atırlar. Bu addımların əsas səbəbi kimi belə etirazlar ortaya çıxır. Yanacağın qiymətinin artması fonunda bunu sosial narazılıq kimi təqdim edərək siyasi divident qazanmaq istəyirlər. Düşünürəm ki, onların təşəbbüsü nəticəsiz qalacaq. Çünki Şaara hökuməti düzgün siyasət apararaq qlobal oyunçular və regional dövlətlərlə çox sıx əməkdaşlıq razılaşmaları əldə edib. Nəticədə öz hakimiyyətini möhkəmləndirə bilib. Hesab edirəm ki, yaxın zamanlarda Suriyadakı bu etirazlar yatırılacaq".

Günəş Fərəh

Azpolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol