Azərbaycan və Asiya İnkişaf Bankı (AİB) arasında nəqliyyat sektoru üzrə əməkdaşlıq məsələləri müzakirə edilib.
Bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" hesabında paylaşım edib.
"Asiya İnkişaf Bankının Direktorlar Şurasının üzvləri ilə görüş keçirdik.
Görüşdə Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivlərini, həmçinin dəmir yolu, metro və ümumilikdə nəqliyyat infrastrukturunun modernləşdirilməsi, rəqəmsallaşdırılması və dekarbonizasiyası istiqamətlərində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik.
Həmçinin hava və dəniz nəqliyyatı, eləcə də kosmik sahədə potensial maliyyələşdirmə imkanları ilə bağlı fikir mübadiləsi apardıq", - paylaşımda qeyd edilib.
Qeyd edək ki, Azərbaycan Maliyyə Nazirliyinin məlumatına görə, Azərbaycanın AİB-ə üzv olduğu vaxtdan etibarən bankla əməkdaşlıq çərçivəsində 160 layihənin maliyyələşdirilməsinə ümumilikdə 5,6 milyard dollar vəsait ayrılıb. Azərbaycan ilə AİB arasında tərəfdaşlıq nəqliyyat, enerji, su təchizatı və özəl sektorun inkişafı sahələrini əhatə edir. Son illərdə əsas prioritetlər regional bağlantıların gücləndirilməsi, Orta Dəhlizin inkişafı və yaşıl enerjinin təşviqi istiqamətində cəmlənib.
AİB Orta Dəhliz boyunca nəqliyyat, ticarət və enerji sektorlarında inteqrasiyanın daha da dərinləşdirilməsini planlaşdırır. Xüsusilə, bank Orta Dəhlizə uyğun gələn CAREC 2-ci dəhlizinin sərhəd-keçid məntəqələrinin modernləşdirilməsi, ticarətin rəqəmsallaşdırılması və logistika infrastrukturunun inkişafına yönəlmiş inteqrasiya olunmuş iqtisadi dəhlizə çevrilməsi üzrə strategiya üzərində çalışır.
AİB Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) ilə birlikdə “Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanmasını dəstəkləyir. Layihə Mərkəzi Asiyadan Azərbaycana, daha sonra isə Xəzər dənizinin dibi ilə çəkiləcək sualtı elektrik kabeli vasitəsilə Avropaya yaşıl elektrik enerjisinin ötürülməsini nəzərdə tutur.


Şərhlər