ABŞ Prezidenti Donald Trampın administrasiyası İsrailə ümumi dəyəri təxminən 2,8 milyard dollar olan ağır aviasiya bombaları partiyasını satmağı planlaşdırır.
"Report"un "The Washington Post"a istinadən verdiyi xəbərə görə, qəzet bu barədə mənbələrə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, "Tramp administrasiyası İsrailə 2 000 funt (təxminən 907 kq – red.) ağırlığında bombaların satışı ilə bağlı milyardlarla dollarlıq sövdələşmə hazırlayır. Bu, son illərin ən böyük satışlarından biri ola bilər".
Qeyd olunub ki, söhbət 20 min ədəd MK-84, 20 min ədəd BLU-117 və eyni sayda, I-2000 kimi də tanınan BLU-109 bunkerdağıdan bombalarının satışından gedir.
Nəşr izah edir ki, sövdələşmənin xarici ölkələrə ABŞ silahlarının alınması üçün qrant və kreditlərin verilməsini nəzərdə tutan Xarici Hərbi Maliyyələşdirmə (Foreign Military Financing) mexanizmi çərçivəsində həyata keçirilməsi planlaşdırılır.
Qəzetin mənbələrinin məlumatına görə, sövdələşmənin ümumi dəyəri təxminən 2,8 milyard dollar təşkil edə bilər.


Şərhlər