Menu

Almaniya hərbi aerodromu yaxınlığında PUA tapıldı – Rusiyadan şübhələnirlər...

16.09.2026, 10:37
Almaniya hərbi aerodromu yaxınlığında PUA tapıldı – Rusiyadan şübhələnirlər...

Almaniyanın Hannover şəhəri yaxınlığında, mühüm hərbi aerodromun cəmi bir kilometrliyində naməlum pilotsuz uçuş aparatının (PUA) qalıqları aşkarlanıb. Bu insident Almaniya ilə Rusiya arasında avqust ayındakı təxribat cəhdindən sonra gərginləşən diplomatik müharibənin fonunda baş verib.

“AzPolitika” xəbər verir ki, Almaniyanın NDR telekanalının məlumatına görə, PUA-nın fraqmentləri Ştaynhuder gölü ərazisində tapılıb. Məlumata görə, polisə tapıntı barədə sentyabrın 14-də xəbər daxil olub və hazırda hüquq-mühafizə orqanları yaşayış olmayan geniş ərazidə dronun digər hissələrinin axtarışını davam etdirir.

"Bild" nəşri yazır ki, dronun düşdüyü yer Bundesverin (Almaniya Silahlı Qüvvələri) Vunstorf hərbi aerodromundan cəmi 1 kilometr aralıda yerləşir. Həmin bazada Almaniya Hərbi Hava Qüvvələrinə məxsus "Airbus A400M" hərbi-nəqliyyat təyyarələri dislokasiya olunub.

Dronun hansı şirkətə aid olduğu və strategiya baxımından mühüm hərbi obyektin yaxınlığında necə peyda olduğu hələlik bəlli deyil. Polis faktla bağlı araşdırmaları davam etdirir.

Bu, Almaniyada strateji obyektlər yaxınlığında qeydə alınan ilk belə hal deyil. Avqust ayında Leypsiq hava limanında bir neçə dron tapılmışdı. Onlardan biri partlayıcı maddə ilə təchiz olunmuşdu və göyərtəsində döyüş sursatları olan Ukraynaya məxsus "An-124" nəqliyyat təyyarəsinin yaxınlığında yerləşirdi.

Sentyabrın 1-də Almaniya DİN və XİN-i Leypsiqdəki bu təxribat cəhdinə görə birbaşa Rusiyanın məsuliyyət daşıdığını bəyan edib. Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri Yohann Vadeful bildirib ki, aşkarlanan dronun konstruksiyası, detalları, partlayıcı maddənin tərkibi və detonasiya sistemi Rusiyanın Ukraynadakı müharibədə və digər hibrid əməliyyatlarda istifadə etdiyi nümunələrlə tam eynidir.

Aşkarlanan faktlardan sonra Berlin kəskin addımları ataraq Rusiyanın Bonndakı Baş konsulluğunu və Berlindəki Rusiya Elm və Mədəniyyət Evini bağlamaq barədə qərar qəbul edib.

Rusiya rəhbərliyi Almaniyanın ittihamlarına və diplomatik sanksiyalarına kəskin reaksiya verib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Almaniyanın "eskalasiya yolunu tutduğunu" və heç bir sübut təqdim etmədiyini iddia edib.

Rusiya XİN rəhbəri Sergey Lavrov isə Berlinin ittihamlarını “əsl müharibənin başlanğıcı” adlandırıb. Rusiya Prezidenti Vladimir Putin isə qarşı tərəfin ittihamlarını Almaniyanın daxili siyasi prosesləri ilə əlaqələndirib.

Gərginliyin cavabı olaraq Moskva Almaniyanın Sankt-Peterburqdakı Baş konsulluğunun fəaliyyətinə verdiyi razılığı geri çağırıb, eləcə də Göte İnstitutunun Moskva, Sankt-Peterburq və Yekaterinburqdakı filiallarını bağlayıb.

Hannover yaxınlığında yeni PUA qalıqlarının tapılması Berlin-Moskva xəttində hibrid təhdidlər ətrafında qarşıdurmanın daha da kəskinləşəcəyindən xəbər verir.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol