Bu müharibədə tərəflərin heç biri üçün "qələbə" ola bilməz.
“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “CBS News”-a müsahibəsində deyib.
Onun sözlərinə görə, Rusiyanın tammiqyaslı hücumunun ilk günündən bəri bu müharibədə kiminsə qalib gəlməsi mümkünsüz olub:
"Ukrayna və Rusiya üçün yox, hər kəs üçün, bütün dünya üçün ən vacib qələbə bu müharibəni dayandıracaq sülhdür. Bu, insan həyatı naminə qələbədir".
Zelenski həmçinin bildirib ki, Amerika tərəfi Ukraynadakı müharibə haqqında çox şeyi "başa düşməyə" başlayıb. O, Stiv Uitkoff və Cared Kuşnerin Moskvaya altı-yeddi səfərindən sonra ilk dəfə Kiyevə gəlməsindən məmnun olduğunu da əlavə edib:
“Düşünürəm ki, bu vacibdir. Onlar xalqımıza bu hörməti nümayiş etdirməli idilər və bunu etdilər. Onlar bizdən xahiş etdilər ki, bəzi yeni təklifləri mediaya çıxarmayaq. Ondan ötrü ki, daha çox detalları müzakirə edə və onların ideyalarına cavab verə bilək. Bəli, biz bunu edəcəyik və Nyu-Yorkda Prezident Trampla görüşə hazırlaşırıq”.
Qeyd edək ki, Uitkoff və Kuşnerin Moskvaya və Kiyevə son səfərlərindən sonra tərəflər bir qədər ehtiyatla da olsa, bəzi optimist açıqlamalar vermişdilər. Buna baxmayaraq, həmin səfərdən sonra tərəflər bir-birinə qarşı hava hücumlarını azaltmadılar, əksinə, bu hücumlar daha da şiddətləndi. Ukrayna Prezidenti isə bəyan etdi ki, müharibə ən azı qarşıdakı qış boyu da davam edəcək…
C.Məmmədli
“AzPolitika.info”


Şərhlər