Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən beynəlxalq konfransların iştirakçıları ilə görüşündəki proqram xarakterli çıxışı Cənubi Qafqazda formalaşan yeni siyasi reallıqların, tarixi yaddaşın və beynəlxalq münasibətlər sistemindəki təzadların hərtərəfli təhlili baxımından diqqət çəkir. Dövlət başçısının vurğuladığı məqamlar regional təhlükəsizlikdən tutmuş qlobal güclərin ikililiyinə, müharibə hüququndan post-konflikt dövrünün reallıqlarına kadar geniş bir spektri əhatə edir.
Mədəni irs, Türk dünyası və İslam həmrəyliyi
Azərbaycanın dünya mədəniyyət xəzinəsinə töhfə vermiş Nizami Gəncəvi, Məhəmməd Füzuli, Nəsirəddin Tusi və İmadəddin Nəsimi kimi mütəfəkkirlərinin irsi ölkənin beynəlxalq aləmdəki mənəvi-mədəni vizit kartıdır. Bu tarixi-mədəni bünövrə Azərbaycanın şərq və qərb sivilizasiyaları arasında körpü rolu oynamasını təmin edən əsas amillərdən biridir.
Müasir xarici siyasət kursunda Azərbaycan həm Türk dünyasının, həm də Cənubi Qafqazın ayrılmaz tərkib hissəsi kimi çıxış edir. Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində dərinləşən inteqrasiya və Şərq-Qərb nəqliyyat koridorları üzrə strateji tərəfdaşlıq regionda yeni güc balansı yaradıb.
Bununla yanaşı, Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və ICESCO çərçivəsindəki fəal təşəbbüsləri, 2017-ci ildə keçirilmiş IV İslam Həmrəyliyi Oyunları ölkənin islam aləmindəki nüfuzunu göstərir. Qlobal müstəvidə artan islamofobiya meyllərinə qarşı beynəlxalq çağırışlar da bu strateji xəttin tərkib hissəsidir.
30 illik işğalın fəsadları və mədəni-dini irsin dağıdılması
Dövlət başçısının çıxışında xüsusi yer alan məsələlərdən biri 30 illik münaqişə dövründə aparılan etnik təmizləmə, bir milyona yaxın azərbaycanlının öz doğma torpaqlarından didərgin salınması və tarixi yaddaşın qorunmasıdır.
Azərbaycan Prezidenti Qarabağ və Şərqi Zəngəzurda törədilən mədəni-dini vandalizmə toxunaraq bildirib:
“Biz bu torpaqlara 30 ildən sonra qayıdanda nəyi gördük? Bunu indi bütün dünya görür — viran qoyulmuş şəhərlər, kəndlər, sökülmüş evlər, talanmış milli sərvətlərimiz, dağıdılmış məscidlər. 65 məscid Ermənistan dövləti tərəfindən tam dağıdılmışdır. Bəziləri yarıdağılmış vəziyyətdə idi... Ermənistan məscidlərdə bilərəkdən, qəsdən heyvan saxlayırdı, donuz saxlayırdı, inək saxlayırdı. Yəni bizi təhqir etmək, bizi aşağılamaq üçün... Əslində bu, təkcə bizə, xalqımıza yox, bütün İslam dünyasına bir təhqir idi. Bax, budur Ermənistan dövlətinin əsl siması. Biz bunu heç vaxt unutmamalıyıq və unutmayacağıq”.
Bu vandalizm aktları təkcə Azərbaycanın mədəni irsinə deyil, bütövlükdə bəşəri dəyərlərə qarşı vurulmuş ağır zərbədir. Silahlı Münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunması haqqında 1954-cü il Haaqa Konvensiyasının tələblərinin sistemli şəkildə pozulması beynəlxalq hüquq müstəvisində adekvat qiymətini almalıdır.
İkili standartlar və işğalı əbədiləşdirmək cəhdləri
Çıxışda 30 il davam edən diplomatik danışıqların nəticəsiz qalmasının kökündə dayanan səbəblər deşifrə olunub. Dövlət başçısı qeyd edib ki, Ermənistanı dəstəkləyən böyük dövlətlər məsələni həll etmək deyil, işğalı əbədiləşdirmək istəyirdilər.
Beynəlxalq institutların mövqeyini qiymətləndirən Prezident İlham Əliyev vurğulayıb:
“30 il davam edən danışıqlar heç bir nəticə verməmişdir. Çünki Ermənistan öz xoşu ilə torpaqlarımızdan çıxmaq istəmirdi. Ermənistanı dəstəkləyən böyük sayılan dövlətlər isə məsələni həll etmək yox, uzatmaq və bu işğalı əbədi etmək istəyirdi. Bu dövlətlər Ermənistana hərbi, iqtisadi, siyasi dəstək verərək faktiki olaraq işğalçını mükafatlandırırdı”.
BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin 30 il boyunca kağız üzərində qalması və ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi məhz bu geosiyasi yanaşmanın təzahürü idi. İşğalçı tərəfə heç bir sanksiya tətbiq edilmədiyi halda, 2023-cü ildə Azərbaycan öz suverenliyini tam bərpa etdikdən cəmi 4 ay sonra - 2024-cü ilin yanvarında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndə heyətimizə qarşı məhdudlaşdırıcı qərarlar qəbul etməsi, Avropa Parlamentindəki qərəzli çıxışlar ikili standartların bariz sübutudur.
XX–XXI əsrin presedenti: Separatçılığın ləğvi və hərbi etik qaydalar
Azərbaycanın güc yolu ilə ərazi bütövlüyünü bərpa etməsi XX və XXI əsr tarixində nadir hallarda rast gəlinən bir presedentdir. BMT Nizamnaməsinin 51-ci maddəsinə söykənərək beynəlxalq hüququ özü icra edən Azərbaycan 44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror əməliyyatı nəticəsində separatçılığa son qoyub.
Dövlət başçısı bu tarixi zəfəri və hüquqi ədaləti belə xarakterizə edib:
“Azərbaycan xalqı bu ədalətsizliyə son qoydu və dünyada bir presedent yaratdı... İşğalçıları torpaqlarımızdan qovduq, Azərbaycan Bayrağını Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində qaldırdıq, separatçılığa son qoyduq. Separatçı liderlər, hərbi cinayətkarlar, uşaq qatilləri bu gün Azərbaycan həbsxanalarında öz cəzalarını çəkirlər. Bu da ədalətin təntənəsidir”.
Eyni zamanda, Azərbaycan Ordu Birləşmələrinin döyüş zamanı nümayiş etdirdiyi yüksək mənəvi-etik davranışa diqqət çəkən Prezident əlavə edib:
“Bütün bu əzablara, işgəncələrə, soyqırımlara baxmayaraq, biz Ermənistana, Ermənistan xalqına qarşı adekvat addım atmamışıq. İkinci Qarabağ müharibəsi zamanı biz ancaq hərbi birləşmələri atəşə tutmuşduq. Biz Ermənistandan fərqli olaraq, əliyalın, mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq. Bu, bizim xalqımızın mentalitetinə də, adətlərinə də ziddir”.
Sülh prosesi, hərbi güc və "Böyük Qayıdış"
Azərbaycan regionda Ermənistanla sülh müqaviləsinin imzalanmasını dəstəkləyir, lakin bu sülh prosesi təhlükəsizlik ayıqlığının itirilməsi hesabına baş verməməlidir. Qlobal miqyasda "güc amilinin" ön plana çıxdığı müasir dövrdə dövlət suverenliyinin əsas təminatı milli iradə və güclü ordudur.
Dövlət başçısı real vəziyyəti qiymətləndirərək vurğulayıb:
“Bəli, bu gün sülh var və müharibə dayanıb. Ermənistanla Azərbaycan arasında sülh prosesi gedir və əminəm ki, bu, uzunmüddətli olacaq... Ancaq biz bizə qarşı, xalqımıza qarşı törədilən vəhşilikləri heç vaxt unutmayacağıq... Bu yaddaş imkan verməyəcək ki, biz yenə də şirin sözlərə aldanaq. Biz ayıq olmalıyıq, ayığıq və eyni zamanda, öz hərbi gücümüzü də artırırıq... Bilirik ki, suverenliyimizin, ərazi bütövlüyümüzün, xalqımızın bundan sonra azad, müstəqil xalq kimi yaşamasının bir zəmanəti var, o da bizim iradəmiz, qətiyyətimiz, hərbi gücümüz, xalqımızın bir yumruq kimi birləşməsi, imanımız və milli dəyərlərimizdir”.
Paralel olaraq, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidenqurma işləri uğurla davam edir. Dövlət başçısının qeyd etdiyi kimi, "Böyük Qayıdış" Proqramı çərçivəsində artıq Qarabağ və Şərqi Zəngəzurun 48 şəhər və kəndində həyat bərpa olunub, 90 mindən çox insan (keçmiş köçkünlər, mütəxəssislər, təhsil və səhiyyə işçiləri) doğma yurdlarında məskunlaşıb.
Yekun olaraq vurğuıayaq ki, Azərbaycan dövlətinin mövqeyi birmənalıdır - regional sülh və əməkdaşlıq təşəbbüsləri davam etdiriləcək, lakin tarixi sınaqlardan çıxarmış təcrübə və milli təhlükəsizlik prioritetləri gələcək inkişafın əsas sütunu olaraq qalacaqdır.
E.Rüstəmli
"AzPolitika.info"


Şərhlər