Deputat, Bütöv Azərbaycan Xalq Cəhbəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev ölkədə yeni təsdiqlənən “Milli Fəaliyyət Planı”, iqtisadi islahatlar, Türk dünyası ilə inteqrasiya və Ermənistanla sülh prosesinin perspektivləri haqqında maraqlı açıqlamalar verib.
Prezident İlham Əliyevin 2026-cı il 11 sentyabr sərəncamı ilə təsdiqlənən “Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illər üzrə Milli Fəaliyyət Planı”nı (MFP) dəyərləndirən deputat bildirib ki, bu sənədi iqtisadi islahatların anonsu kimi qəbul etmək olar:
“Milli Fəaliyyət Planının əsas məqsədi əmtəə və xidmət bazarlarında rəqabət mühitini yaxşılaşdırmaqla özəl investisiya qoyuluşunu stimullaşdırmaq və dayanıqlı iqtisadi artıma nail olmaqdır. Lakin 2016-cı ildə qəbul olunmuş ‘Strateji yol xəritələri’ demək olar ki, icra olunmadı. Qarşıya qoyulan məqsədlərə çatmaq üçün bizə güclü siyasi iradə ilə yanaşı mülkiyyəti, rəqabət mühitini qoruyacaq və mübahisələri ədalətli həll edəcək güclü məhkəmələr lazımdır”.
Ölkənin iqtisadi liberallaşma kursunu genişləndirməsinin vacibliyini vurğulayan Q.Həsənquliyev, xarici kapitalın və texnologiyaların cəlb edilməsi üçün qapıların açılmasını təklif edib:
“Biz xarici investorlara təhlükə mənbəyi kimi baxmamalıyıq. Əlverişli biznes mühiti üçün ölkənin bütün qapı və pəncərələri açılmalıdır. Çin nümunəsi gözümüz önündədir - iqtisadiyyatın liberallaşdırılması, xüsusi iqtisadi zonaların yaradılması, xarici investisiyaların və Qərbin qabaqcıl texnologiyasının cəlbi. Hökumət Ələt Azad İqtisadi Zonasına investorlar cəlb etmək üçün səylərini artırmalıdır”.
Prezident İlham Əliyevin Türk dünyası və İslam aləminin birliyi ilə bağlı fikirlərinə toxunan parti sədri, iqtisadi və mədəni inteqrasiyanın dərinləşməsi üçün konkret addımların atılmasını vacib sayır:
“Biz türk dövlətləri və yaxın qonşularımızla ümumi iqtisadi bazar - malların, işçi qüvvəsinin, kapitalın sərbəst hərəkət etdiyi, xidmətlərin göstərildiyi vahid iqtisadi məkan və Gömrük İttifaqı yaratmaq haqqında düşünməliyik. Eyni zamanda, türk dövlətləri ortaq dil kimi Anadolu türkcəsini qəbul etməli və öz ölkələrində bu dil öyrədilməlidir. Böyük iqtisadiyyata və əhali sayına malik Türkiyə bu işdə digər türk dövlətlərinə yardımçı olmalıdır”.
Ermənistanın sülh prosesindəki ləngimələrinə və revanşist əhval-ruhiyyəsinə diqqət çəkən Q.Həsənquliyev İrəvanın vaxt udmağa çalışdığını bildirib:
“Ermənistana güclənmək və revanş götürmək üçün vaxt lazımdır. Son seçkilər də göstərdi ki, cəmiyyətdə revanşist əhval-ruhiyyə güclüdür və hökumət ölkəmizə qarşı düşmənçilik siyasətindən əl çəkmir. Görünür, Ermənistan dəmir yolu xəttini açmağımızı və onlara yanacaq satmağımızı zəifliyimiz kimi qəbul edir.
Əgər Ermənistan tezliklə TRİPP layihəsinin icrasına başlamasa və sülh sazişi üçün referenduma gitməsə, hökumətimiz öz qərarlarına yenidən baxmalıdır. Bu zaman vaxtilə səsləndirdiyim, güc tətbiqi ilə Zəngəzur dəhlizinin açılması variantı da nəzərdən keçirilməlidir. Bu istiqamətdə Türkiyə, Rusiya və ABŞ ilə, o cümlədən qonşularla məsləhətləşmələrə başlamaq lazımdır. Azərbaycan tezliklə Ermənistanı sülh sazişi imzalamağa məcbur etməli və diqqəti iqtisadiyyatımızın inkişafına yönəltməlidir”.
"AzPolitika.info"


Şərhlər