Menu

Evdən 50 km məsafədə, həftədə 5 günlük hərbi xidmət - Gürcüstan ordusunda maraqlı xidmət şərtləri

16.09.2026, 12:02
Evdən 50 km məsafədə, həftədə 5 günlük hərbi xidmət - Gürcüstan ordusunda maraqlı xidmət şərtləri

Məlum olduğu kimi, NATO standartları ilə qurulan ordular “Sovet ənənəsi” ilə formalaşan digər ordulardan xeyli fərqlənir. Azərbaycan Ordusu bu məsələdə xeyli irəliləyişlərə nail olub və bir çox NATO standartlarını mənimsəyib. Bununla yanaşı, qonşu Gürcüstan da orduda xidmətlə bağlı bir sıra müasir standartlar tətbiq etməkdədir.

“AzPolitika” xəbər verir ki, Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin sədri Natiq Cəfərli Gürcüstan ordusundakı xidmət şərtlərilə bağlı maraqlı faktlar paylaşıb. Məlum olur ki, qonşu ölkənin ordu sistemində kifayət qədər liberal yanaşmaya üstünlük verilir:

“Gürcüstanda bir neçə il əvvəl Türkiyənin birbaşa iştirakı, məsləhətləri ilə ordu sistemi yenidən qurulmağa başlandı. Türkiyəli mütəxəssislər NATO proqramları çərçivəsində qonşu, dost Gürcüstanda yeni qaydalar tədbiq etməyə başladılar.

Beləliklə, Gürcüstanda çağırış yaşı 18-27 yaş arası müəyyənləşib və vətəndaşa seçim imkanı verilib, xidməti ertələmək rüşvətsiz, pulsuz, adi müraciətlə mümkündür, yəni, vətəndaş çağırş zamanı yazılı müraciət edə bilər ki, bu il yox, məsələn, gələn il xidmətə gedəcək, bununla bağlı öhdəlik götürür.

Xidmət 3 yerə bölünüb və vətəndaş özü seçə bilər: 1) Döyüş hazırlığı bölmələrində - cəmi 6 ay xidmət; 2) Başqa nazirlik və qurumlarda (DİN, Fövqaladə hallar və s.) – 8 ay xidmət; 3) Hansısa sahədə mütəxəssis, və ya, kiçik rütbəli komandirlər – 12 ay xidmət.

Hər bir əsgər ödənişlə təmin edilir: 1) 6 ay xidmət edənlər ayda 530 lari (195 dollar), 2) 8 ay xidmət edənlər 600 lari (220 dollar), 3) 12 ay xidmət edənlər 1275–1530 lari (470–560 dollar).

Əgər vətəndaş könüllü olaraq əsgərlik üçün müraciət edirsə, ödənişləri 30% artırılır. Daha bir maraqlı yenilik – bütün əsgərlər öz evlərindən 50 km aralı xidmət edirlər. Əsgərlər həftədə 5 gün xidmət edirlər, şənbə-bazar isə öz evlərinə gedə bilərlər. Əsgərlərin xidmətdən kənar zamanlarında mobil telefon və internetdən istifadələri tam sərbəstdir. Şənbə-bazar evə getməyənlər qaldıqları hissədə idmanla məşğul ola, yemək yeyə, internetdə zaman keçirə bilərlər. Bundan başqa hər bir əsgərin 10 günlük məzuniyyət haqqı da var.

Əsgər gedən hər bir vətəndaşın iş yeri onun üçün saxlanılır, işlədiyi orqan, müəssisə, qurum, firma ona ayrıca bonus da verir.

Əsgərlər 4-8 nəfərlik “hostel” tipli yerlərdə qalırlar, yeməklərini ancaq tenderi udan kənar şirkətlər verir, yemək “isveç stolu” stilində təqdim olunur.

Gürcüstan bu sistemə torpaqları işğal altında olduğu dövrdə belə keçib, 20% ərazisini Rusiya işğal edib.

Torpaqlarını qaytarmış, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycanda Ordu islahatlarını daha rahat eləmək olar, bəzi islahatlar da olub, amma, onları dərinləşdirmək, Orduya ayrılan xərcləri azaldaraq, daha texnoloji və vətəndaşa rahat xidmət sisteminə keçməliyik.

Çağırış sistemi elə Gürcüstana bənzər ola bilər, əsgərin öz evənə yaxın qulluq etməsi, müəyyən vəsait alması və bir çox başqa məsələlər həllini tapmalıdır…”

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol