Məktəb təhsili yalnız şagirdlərə nəzəri biliklərin verilməsi ilə məhdudlaşmamalı, onların fərdi bacarıq və istedadlarının inkişafına da xidmət etməlidir. Şagirdlərin bir qismi elmi fənlərdə, digərləri isə incəsənət, idman, texnologiya və yaradıcı fəaliyyətlərdə daha yüksək nəticələr göstərir. Bu potensialın erkən yaşlardan müəyyənləşdirilməsi və düzgün istiqamətləndirilməsi gələcək təhsil və peşə seçimində mühüm rol oynayır.
Bəs məktəblərdə şagirdlərin fərdi bacarıqlarının üzə çıxarılması və inkişaf etdirilməsi üçün hansı imkanlar yaradılmalıdır? Şagirdlərin potensialının inkişaf etdirilməsində müəllimlərin və valideynlərin rolu nədən ibarətdir?
Mövzu ilə bağlı “AzPolitika”ya danışan AzEdu Təhsil Platformasının icraçı direktoru, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bildirib ki, şagirdlərin fərdi bilik və bacarıqlarının qiymətləndirilməsi orta təhsil sistemində daha geniş tətbiq olunmalıdır.

Onun sözlərinə görə, mövcud təmayüllü siniflər bu ehtiyacı tam qarşılamır. Çünki həmin siniflər geniş şagird kütləsini əhatə etmir və söhbət burada təmayülləşmənin fərqli modelindən gedir: “Şagirdlər ibtidai təhsili başa vurduqdan sonra onların intellektual və yaradıcı bacarıqları müəyyənləşdirilməli, nəticələrə uyğun qərarlar qəbul edilməlidir. Xüsusilə musiqi, idman, rəssamlıq və digər yaradıcılıq sahələrində istedadı olan uşaqlar hələ dördüncü sinifdən məktəb və müəllimlər tərəfindən müəyyənləşdirilməli, bu barədə valideynlərə məlumat verilməlidir. Məktəb həmin şagirdlərin bacarıqlarına uyğun istiqamətlər və təhsil imkanları barədə valideynlərə tövsiyələr verməlidir”.
Təhsil tədqiqatçısı vurğulayıb ki, hazırda məktəblərdə bir çox şagirdin potensialı vaxtında aşkarlanmır: “Nəticədə uşaqlar öz qabiliyyətlərinə uyğun olmayan istiqamətlər üzrə təhsil almağa hazırlaşır, bu isə onların gələcək imkanlarına mənfi təsir göstərir. İstedadlı uşaqların rəssamlıq, bəstəkarlıq və digər yaradıcı sahələrə yönəlməsi əksər hallarda valideynlərin təşəbbüsü və dəstəyi ilə mümkün olur. Halbuki bu prosesdə məktəblər də fəal rol oynamalıdır”.
Elmin Nuri qeyd edib ki, mövcud yanaşmada xüsusi istedadı olan şagirdlərlə digər şagirdlər arasında kifayət qədər fərq qoyulmur və onlardan eyni proqram üzrə eyni tələbAlər gözlənilir: “Bu isə uşaqların fərdi qabiliyyətlərinin inkişafına mane olmaqla yanaşı, gələcəkdə insan kapitalının itirilməsinə səbəb ola bilər”.
Oğuz Ayvaz
“AzPolitika.info”


Şərhlər