Menu

Abortlar niyə artır? - Həyəcan doğuran SƏBƏBLƏR

16.09.2026, 14:56
Abortlar niyə artır? - Həyəcan doğuran SƏBƏBLƏR

Son 15 ildə Azərbaycanda abort halları 30 faiz artıb. Belə ki, ötən il Azərbaycanda 95 875 doğuş və 95,1 min abort qeydə alınıb. Bununla da ölkədə hər 100 doğulan körpəyə 99 abort faktı düşür. Bu fakt öz-özlüyündə cəmiyyətə ciddi siqnal ola bilər. Çünki abortların sayının artması, eləcə də doğuşun azalması gələcəkdə əhalinin sayına ciddi təsir göstərə və demoqrafik problemlərə yol aça bilər.

Bəs abortların artmasının səbəbi nədir və bunun qarşısını necə almaq mümkündür?

Mövzu ilə bağlı "Azpolitika"ya açıqlama verən ginekoloq, Uzman Dr. Rəşad Sultan bildirib ki, Azərbaycanda abortların sayının artmasının səbəbləri arasında hamiləlikdən qorunma üsulları ilə bağlı maarifləndirmənin yetərli olmaması göstərilir. 

Mütəxəssis bildirib ki, arzuolunmaz hamiləliklərin qarşısının alınmasında əsas məsələ ailə planlamasıdır:

"Ailə planlaması cütlüklərin övlad sayını və uşaq sahibi olmaqla bağlı qərarlarını özlərinin müəyyənləşdirməsinə imkan verir. Hamiləlik həm qadın, həm ailə, həm də cəmiyyət üçün müəyyən məsuliyyət yaradır. Əgər cütlük uşaq sahibi olmaq istəmirsə, hamiləlikdən əvvəl tibbin təklif etdiyi etibarlı və təhlükəsiz qorunma üsullarından istifadə etməsi daha məqsədəuyğundur. Abort tibbi müdaxilədir. Hər bir tibbi müdaxilə kimi onun da müəyyən riskləri mövcuddur. Bu səbəbdən arzuolunmaz hamiləliklərin qarşısının alınması üçün qorunma üsullarından düzgün istifadə vacibdir. Abortun qanunvericiliklə müəyyən müddətə qədər icazəli olmasının əsas səbəblərindən biri qeyri-qanuni və təhlükəli abortların qarşısını almaqdır. Belə müdaxilələr ciddi fəsadlara, hətta ölüm hallarına səbəb ola bilər".

Mütəxəssisin fikrincə, Azərbaycanda abortların sayının artmasının digər səbəblərindən biri də gənclərin hamiləlikdən qorunma vasitələri barədə kifayət qədər məlumatlı olmamasıdır:

“Gənclərə cinsi münasibətlər və hamiləlikdən qorunma üsulları barədə elmi əsaslı məlumatlar vaxtında çatdırılmalıdır. Maarifləndirmə yolu ilə arzuolunmaz hamiləliklərin və nəticə etibarilə abortların sayını azaltmaq mümkündür”, – deyə mütəxəssis vurğulayıb.

Günəş Fərəh

Azpolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol